İdman

“Kəpəz”in İdarə Heyətinin sədri: “Bu günə qədər komandaya ciddi dəstək və yardım olmayıb” – MÜSAHİBƏ

Sharing is caring!


“Kəpəz” Azərbaycan Premyer Liqasının VIII turunda “Qəbələ”yə 0:1 hesabı ilə uduzaraq turnir cədvəlinin sonuncu pilləsinə yuvarlanıb.

Gəncə təmsilçisinin İdarə Heyətinin sədri İlqar Nadirov “Report”un suallarını cavablandırıb.

Funksioner çempionatdakı uğursuz çıxış və digər məsələlər haqqında danışıb.

Kəpəz 8 oyundan sonra sonuncu pillədədir. Bunun səbəbini nədə və kimdə görürsünüz?

– Bir az ağır sual oldu. Əslində bunu gözləmirdik. Dünənki qarşılaşmada ən azı qələbə və ya heç-heçəyə ümid edirdik. Təəssüf ki, ev matçımızda sonuncu sırada qərarlaşan kollektivə uduzduq. Bu, hər iki tərəf üçün vacib görüş idi. Artıq növbəti oyuna hazırlaşacağıq. 7-9-cu pillələrdə yer alan komandalarla aramızda 3 xallıq fərq var ki, bu da bir qələbə deməkdir. Qələbə qazanaraq mövqeyimizi dəyişməyə çalışacağıq.

– Azarkeşlər həmin görüş başa çatmamışdan əvvəl istefa şüarları səsləndirdilər. Siz bu barədə nə düşünürsünüz?

– Fanatların “istefa” şüarını səsləndirməsini başa düşə bilmirəm. Niyə istefa şüarı səsləndirirlər? Kluba dəstək olmaq əvəzinə bunu edirlər. “İstefa” şüarı səsləndirəndə komanda yaxşı oynayır? Əksinə, bu, futbolçulara pis təsir edir. “Kəpəz”ə sonadək dəstək olmaq lazımdır. Azarkeşlər stadiona gəlirlər, komandadan qələbə gözlədiklərini də başa düşürük. Bizə qarşı çıxış edən rəqiblərin hər biri də buraya uduzmağa gəlmir. Çempionatdakı kollektivlərin hər birinin gücü və potensialı var. İstənilən klub digərini məğlub edə bilir. Bunun da şahidi oluruq. Ötən mövsüm “Qəbələ” Premyer Liqada ən yaxşı klublardan biri idi. Ölkə kubokunun qalibi olublar, avrokuboklarda iştirak ediblər. Dünənə qədər axırıncı sırada idilər. Bu isə o deməkdir ki, çempionat kifayət qədər çətinləşib. Azarkeşlər səbirli olub bizə dəstək verməlidirlər. “İstefa” şüarının səsləndirilməsi bizim oyunçularda xüsusi dəyişikliyə səbəb olmayacaq.

– Gedişatı dəyişmək üçün hansı addımlar atmağı planlaşdırırsınız?

– Hazırda ancaq bir qələbə qazanmaq lazımdır. Yenidən deməyə ehtiyac yoxdur. Mövsümün əvvəlində, ötən ildən bilirdik ki, komandanın dayanıqlı maliyyəyə ehtiyacı var. İmkanlar geniş olmalıdır. Klub vaxtında bir araya gəlməli və təlim-məşq toplanışı keçməli idi. Bunları ötən ildən deyirik. Bu problemlər, sponsorun olmaması bu günün məsələsi deyil.

– Gəncə şəhərinin icra başçısı klubla bağlı iş adamları ilə görüşmüşdü. Onlardan kimsə dəstək oldu?

– Heç bir nəticə olmadı və heç kimin köməyi dəymədi. Bu günə qədər komandaya ciddi dəstək və yardım olmayıb.

– Futbolun İnkişafı Fondu (FİF) sponsor tapılması üçün axtarışları davam etdirir?

– Onlar da çox səy göstərirlər, biz daim danışırıq, müzakirə edirik. Komandaya digər klublar kimi dayanıqlı sponsorun cəlb edilməsini istəyirik. Lakin bu baş tutmur.

– FİF Kəpəzə avtobus alınması üçün layihəyə də start vermişdi. Bu da hələlik gerçəkləşməyib.

– “100 k” layihəsi ötən il başlamışdı. Gəncəli azarkeşlər layihə başlamamışdan əvvəl deyirdilər ki, klubun hesabı olsun, kömək göstərəcəyik. Digər fikirlər də səsləndirirdilər. Amma təəssüf ki, bu mövzu da dildə deyildiyi kimi əməldə yerinə yetirilmədi. Çox zəif iştirak etdilər. Avtobusun alınması üçün 100 min manat yığılması nəzərdə tutulmuşdu. Digər hissəsi isə köməkli şəkildə qarşılanıb avtobus alınmalıdır. Sadəcə, bu layihə artıq bir ildən çoxdur ki, azarkeşlərə təqdim edilib və ətraflı izah olunub. Lakin bizim azarkeşlər komandaya sevgisini tam göstərə bilmədilər.

– Klubun akademiyasının açılışı nə vaxta nəzərdə tutulub?

– Artıq tikinti işləri tam yekunlaşıb. Digər məsələlər qalıb. Açılışla bağlı tarixin yaxın günlərdə müəyyənləşəcəyi gözlənilir. Düşünürəm ki, uzun çəkməyəcək.

– Gəncə şəhər stadionunun söküləcəyi və yerində yeni arenanın tikiləcəyi deyilir. Bu nə vaxta planlaşdırılır?

– Bununla bağlı xoş xəbərlər var. Sadəcə, stadion Gənclər və İdman Nazirliyinin balansındadır. Tikiləcəyi təqdirdə inşa işlərini də onlar icra edəcəklər. Sualı nazirliyə ünvanlasanız, daha yaxşı olar.

– Bəs ev oyunlarını harada keçirmək istəyirsiniz?

– Ötən mövsümün əvvəlində “Qəbələ”yə müraciət etmişdik. Onlar da bizə hər cür şərait yaratmışdılar. Stadionun inşasına başlanılsa, alternativ variantlara nəzər yetirəcəyik. Hələlik rəsmi olaraq tarix müəyyənləşmədiyi üçün hansısa klubla danışmamışıq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir