İdman

Qurban Qurbanov: “Komanda çox güc sərf etdi və sonda istəyinə nail oldu”

Sharing is caring!


“Tarixi qalibiyyətimizlə əlaqədar ilk növbədə xalqımızı təbrik edirəm. 30 illik gərginlikdən sonra bu gün sanki ikinci zəfəri hiss etdik. Daha rahat, öz yuvasına köçmüş xalqımız var. Bütün ordumuza təşəkkür edirəm. Cənab prezidentimizə təşəkkür edirəm. Komanda çox güc sərf etdi və sonda istəyinə nail oldu”.

Oxu.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin I turunda Bakıda Norveçin “Molde” klubu ilə oyundan sonra mətbuat konfransında deyib.

1:0 hesabı ilə qalib gələn komandanın çalışdırıcısı sözlərinə belə davam edib:

“Bu oyun bizi aldatmamalıdır. Səfərdə “Molde” sürprizlər edə bilər. Rəqibi analiz etmişdik. Vacib olan icraçılar idi. Futbolçular nizam-intizamlı oynadılar. Əminəm ki, dünənki zəfərin futbolçulara köməyi oldu. Daha rahat, sərbəst, sevincli idilər. Oyundan əvvəl legionerlərə dedim ki, rahat olun, müharibə olmayan ölkədəsiniz. Onsuz da onlar bilirdilər ki, Azərbaycanda hər şey çox gözəldi. Sadəcə bu da onlara əlavə motivasiya verdi. Legionerlərimiz “Qarabağ”ın tarixi ilə maraqlanırlar”.

Təcrübəli mütəxəssis irəli xətt oyunçularının topu özlərində çox saxlamalarına da münasibət bildirib:

“İstəmərik ki, futbolçularımız mənasız hərəkətlər etsinlər. Çalışarıq ki, daha da ciddi, mənalı olsunlar. Amma elə oyun idi ki, top bəzən dediyinə qulaq asmır. Hücumlarımızı düşünərək etmişdik. İnşallah, gələcəkdə daha diqqətli olarlar”.

Baş məşqçi komandanın heyətində avrokubokda ilk oyununu keçirən qapıçı Andrey Lunyovun çıxışını dəyərləndirib:

“Lunyov normal oynadı. Təcrübəli qapıçıdır. Belə atmosferdə çox oynayıb. Təcrübəsi bizə kömək edə bilər. Bir az narahatlıq var idi. Çox oynamamışdı. Amma onun təcrübəsinə güvəndik. O da bundan yaxşı faydalana bildi”.

Q.Qurbanov “Molde” üzərində qələbəni Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərində əldə etdiyi zəfərin davamı sayırsınızmı?” sualını bu cür cavablandırıb:

“O zəfər elə zəfərdir ki, bizim etdiklərimiz onun yanında çox cüzi uğurdur. Nə şəhidlərimiz, nə də yaralılarımız var. Sadəcə, bu məsuliyyəti dərk edərək addım atmağa çalışırıq. Əldə etdiyimiz uğurları böyütmək istəmirəm. Heç vaxt bu barədə düşünməmişəm. Onun davamı olduğunu deməyə utanaram. Elə bir zəfərdir ki, davamı yoxdur. Onu heç nə əvəz edə bilməz. Bu qalibiyyət bizə böyük motivasiya verdi”.

Çalışdırıcı qrupda ikinci yer uğrunda mübarizədə ev matçları ilə yanaşı, səfər oyunlarındakı nəticələrin də əhəmiyyətli olduğunu bildirib:

“Futbol elə səviyyəyə çatıb ki, ev oyunları üstünlüyü aradan qalxır. Bəzi komandalar səfərdə daha yaşxı çıxış edirlər. Hər bir komanda bütün görüşlərdə nəticəyə oynayır. Ola bilər ki, rəqib meydanında daha çox xal qazandıq”.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir