İdman

Barış Şimşək: “Niyə hakim-inspektor kimi təyinat almayım?”

Sharing is caring!


“Bir il yarım müddətdə bütün problemləri aradan qaldırmaq kimi iddiam yoxdur. UEFA-ya yaxın idarəçilik xətti tutmaq, təlimatlara uyğun, şəffaf sistem qurmaq istəyirik. Müəyyən irəliləyiş var. Amma hələ inkişaf etməliyik”.

Oxu.Az xəbər verir, sözləri AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşek idman jurnalistləri üçün təşkil olunan seminardan sonra jurnalistlərə açıqlamasında deyib:

O, komitə sədri olsa da, oyunlara hakim-inspektor kimi təyinat almasına münasibət bildirib:

“Niyə olmasın?! Bunun əksi üçün səbəb olmalıdır. UEFA hakim-inspektoruyam. Təkcə UEFA-da bu işi görməyim düz olmaz. Davamlılıq olmalıdır. Dünyanın əksər yerlərində belədir. Mənim işim hakim-inspektorluqdur, hakimlərin işini dəyərləndirməkdir. Bunu FIFA-da Kolina da edir. Hazırladığım raportlar hakim-inspektorlarımıza nümunə olur. Tamamilə normaldır. Olmasaydı, anormal olardı”.

B.Şimşek Azərbaycanda klub rəsmilərinin hakimlərə hər hansı təkliflər etmədiyini deyib:

“Belə bir şey olmayıb. Bu cür düşünməyimə səbəb olacaq bir hadisə də baş verməyib. Hakimlərimizin hamısına tam güvənirəm”.

Komitə sədri ölkə xaricində toplanış keçməmələrinin səbəbini açıqlayıb:

“Artıq bir çox ölkələrdə toplanış zamanlarında xaricdən gələn hakimlərə oyun idarə etməyə icazə verilmir. Hakimlərimiz Azərbaycanda qalaraq daha çox oyun idarə edirlər”.

Türkiyəli mütəxəssis hakimlərimizin məşqçilərə qarşı çox sərt olması fikri ilə razılaşmayıb:

“Adlar üzərində danışmaq istəmirəm. Bütün məşqçilər bizim üçün eynidir. Hakim hər zaman gülə bilməz. Ciddi vəziyyətdə ciddi olmalı, gülmək lazım olanda gülməlidir. Qarşı tərəfə aqressivdirsə, gülə bilməz. Sərt davranmaqla kobud olmalarını ayırmalıyıq Kobud olmalarına icazə vermərik. İndiyə qədər hörmətsizlik görməmişik. Oyun qaydaları icra edilib. Səhvlər ola bilər, amma kobudluq olmayıb”.

Komitə sədri Azərbaycan Premyer Liqasının cari mövsümündə hakimlərin idarəçiliyindən razı olduğunu söyləyib:

“Beş turdakı hakimlik çox yaxşıdır. Statistika bunu göstərir. Səhvlər olub. Amma vəziyyət ötənilkindən yaxşıdır. Beşinci tur daha yaxşı ola bilərdi. Səhvlər hakimliyin bir hissəsidir. Sizin çox yaxşı dəyərləndirdiyiniz oyunlarda da səhvlər görürük. Hakimlikdən razıyam”.

Barış Şimşek hakimlərin sayının az olduğunu qeyd edib:

“Hakim sayımız ümumi olaraq azdır. Yeni kursumuz başlayacaq. Mətbuatdan da dəstək gözləyirik. 55-60 müraciət var. Bir neçə ay ərzində onları dəyərləndirəcəyik. Aşağı yaş liqalarındakı oyunları da izləyirik. Əsas odur, çox hakim olsun. Biz onları izləməyə çatdıracağıq”.

Mütəxəssis bu mövsüm azərbaycanlı hakimlərin Avropada daha çox oyun idarə etdiklərini bildirib:

“Hakimlərimiz Avropada bu il ötənilkindən daha çox oyun idarə ediblər. Elçin Məsiyev milli komanda oyunu idarə etdi. Əliyar Ağayevin təyinat almamasına gəlincə, onun kateqoriyasında hakimlər təsnifata təyinat almırlar. Say olaraq daha çox və daha yuxarı səviyyələrə təyinat alırlar”.

AFFA rəsmisi dördüncü hakimlərin işi barədə açıqlama verib:

“Onların işi baş hakimə kömək etməkdir. Texniki zonalara daha çox diqqət edirlər. Oyunçu dəyişikliyi, əlavə vaxtın göstərilməsi dördüncü hakimlərin işidir. Onlar özlərinə yaxın epizodlarda hakimlərə kömək edirlər. Texniki zonada olanları dördüncü hakim görür. Bununla hakimə kömək edir ora daha çox nəzarət etmələri doğrudur”.

B.Şimşek səhvlərə görə hakimlərin “istirahətə göndərildiyini” söyləyib:

“Biz cəza sözünü işlətmirik. Buna dincəlmək deyirik. Hazırda bir neçə hakimimiz istirahətdədir. Liqalarda bütün oyunları televiziyadan izləyirəm, artıq gözlərim xarab olub. Raportlara baxıram. Səhvlərimiz də olur. Amma əlimizdən gələni edirik. İndi hakimləri çox yaxşı tanıyıram. Ədalətli şəkildə həm mükafatlandırma etməli, həm də cəza verməliyik. Balansı qorumalıyıq. Bütün hakimlərimiz bizə lazımdır”.

Komitə rəhbəri oyunlar zamanı hakimlərin VAR-a uzun müddət baxmasına toxunub. O, getdikcə bu vaxtın azalacağını deyib:

“Texniki şərtlər önəmlidir. Hakimlərin də təsiri var, işıqlandırma sisteminin də. Onlarla səbəb var. Yekunda hamısı hakimdə birləşir. Türkiyədə VAR-a baxma üçün orta vaxt 124 saniyədir. Beş ildir, orada bu sistem tətbiq olunur. Bizdə ötən mövsüm ilk idi və orta vaxt 173 saniyə oldu. Bu mövsüm yenə eyni cür olsa, deməli, səhv edirik. VAR hamının edə biləcəyi iş deyil. İşin ustasını iş başında gördükdə vaxt da azalacaq. İlk ildə bunları gördük. 16 hakim həm meydanda olur, həm VAR-da”.

Barış Şimşek gələcəkdə azərbaycanlı hakimlərin Türkiyədə və türkiyəli hakimlərin ölkəmizdə oyun idarə etməsinin mümkün olduğunu bildirib:

“Bunun da üzərində işləyirik. Burada olmağım, iki qardaş ölkə olması önəmli faktorlardır. Sadəcə, daha düzgün vaxtı tapmalıyıq. Təkcə Türkiyə deyil, 8-10 il sonra bütün ölkələrdə belə hallar olacaq, fərqli ölkələrin hakimlərinin müxtəlif liqalarda oyun idürə etdiyini görəcəyik”.

Onun sözlərinə görə, gələcəkdə Azərbaycan Premyer Liqasında qadın hakimlər iş başında ola bilərlər:

“Qadın hakimlərimiz I Liqa heyətindədirlər. Onlar orada mütəmadi oyun idarə edirlər.

Premyer Liqa üçün hələ tezdir. Burada kişi qaçışları olmalıdır. Söz verməyim, amma qadın hakimləri Premyer Liqada görə bilərik. Hazırda qadın hakimimiz yoxdur, çox azdır. Bunu cazibəli etməliyik. Avropada oyundan oyuna çıxarlar. Sadəcə, fitnes testini keçmələri lazımdır. Sonrası çox asandır. Avropada qadın hakimlər axtarırlar. 6-7 qadın hakimimiz var. Qadın futbolçular bu işdə yaxşı seçim ola bilərlər”.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir