İdman

Azərbaycan Premyer Liqası: Özünə bənzəməyən iddialılar və təəccübləndirən ortabablar – ŞƏRH

Sharing is caring!


Azərbaycan Premyer Liqasında V tura yekun vurulub. Elita təmsilçiləri bir neçə gündür ki, məcburi fasiləyə yollanıblar. Səbəb aydındır: indi yaşıl meydanlarda özünü göstərmək növbəsi milli komandalarındır. Canni De Byazinin rəhbərlik etdiyi yığma da qarşıdakı günlərdə iki oyunda gücünü sınayacaq. AVRO-2024-ün seçmə mərhələsində Belçika, yoldaşlıq görüşündə isə İordaniya ilə münasibətləri aydınlaşdıracağıq.

Amma söhbətimizin mövzusu, ana xətti bu deyil. Azərbaycan Premyer Liqasından danışacağıq. Daha dəqiq desək, arxada qalan 5 turda yaşananlara “işıq salmaq”la müəyyən qənaətə gəlməyə çalışacağıq.

İddialılardan başlayaq. Təbii ki, iddialılar deyəndə hamının ağlına avrokuboklara can atan “Qarabağ”, “Sabah”, “Neftçi”, həmçinin onlarla ayaqlaşmağa çalışan “Qəbələ” və “Zirə” gəlir. Yəni ötən mövsümü ilk “5-lik”də başa vuran komandalar. Amma adı çəkilən ilk 3 kollektiv hələ ki statuslarına uyğun çıxış etmirlər. Götürək son çempion “Qarabağ”ı. Qurban Qurbanovun komandası 5 oyundan sonra 7 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Komandanın hesabında artıq 2 məğlubiyyət var. Özü də “köhlən atlar” “Zirə” və “Səbail” kimi özündən zəif rəqibləri qarşısında “ağ bayraq” qaldırıb. Təsadüfi deyil ki, Ağdam təmsilçisi son 12 mövsümdə özünün ən uğursuz startına imza atıb. “Qarabağ” sonuncu dəfə 2011/12 mövsümündə ilk 5 oyunda bu qədər az xal toplayıb. Ağdam klubunun daha zəif startı isə 2007/08 mövsümünə təsadüf edib. 16 il öncə komanda 5 turda cəmi 3 xal qazanıb.

Amma təbii ki, bütün bunlar müvəqqətidir. Çünki “Qarabağ”ın tədricən toparlandığını, “relsə düşəndən” sonra qarşısıalınmaz olduğunu xatırlatmağa lüzum görmürük. Hazırkı durumun səbəblərindən biri bəzi aparıcı futbolçuların yay fasiləsində düşərgəni tərk etməsidirsə, Qurban Qurbanovun avrokublardakı oyunlar səbəbindən çempionat görüşləri zamanı rotasiyalara əl atdığını da unutmaq lazım deyil.

“Sabah”ın mövcud durumu da komandanın potensialı ilə qətiyyən uzlaşmır. Murad Musayevin komandası 4 oyundan sonra 4 xalla səkkizinci pillədən “boylanır”. Masazır təmsilçisinin xüsusən son turda, doğma azarkeşlərinin gözü önündə “Turan Tovuz”a 0:3 hesabı ilə uduzması aydın səmada şimşək effekti verdi. Yeni mövsüm ərəfəsində liderlərini itirən komandanın özünə gəlmək cəhdləri hələ ki, fayda vermir. Murad Musayev Coy Lens Mikels və Aleksey Kaşuk kimi hücumameyilli və ən əsası məhsuldarlıqları ilə göz oxşayan legionerlərin boşluğunu doldurmaqda çətinlik çəkir. Amma heyətə yeni qoşulanlar tam uyğunlaşandan və daşlar yerinə oturandan sonra “Sabah”ı da adət etdiyimiz yuxarı pillələrdə görəcəyimiz şübhə doğurmur.

Premyer Liqaya gözlənilmədən Gəncədə “Kəpəz”ə uduzmaqla start verən Adrian Mutu və onun rəhbərlik etdiyi “Neftçi” isə əksinə, tez toparlanmağı bacardı. Bakılılar sonradan keçirdiyi 4 qarşılaşmada 8 xal toplayıb və hazırda turnir cədvəlinin 3-cü pilləsində yer alıblar. Mutunun dönəmində transfer olunan futbolçular yavaş-yavaş kollektivin bir parçasına çevrilirlər. Bu isə zamanla meydanda daha güclü “Neftçi” görəcəyimiz anlamına gəlir. Milli fasilə də bu baxımdan rumıniyalı mütəxəssisin işinə yaramalıdır.

Konfrans Liqasının startı ərəfəsində “yarpaq tökümü”nə məruz qalan “Qəbələ”ni turnir cədvəlinin “quyruğ”unda görmək nə qədər təəccüblü olsa da, əslində qanunauyğunluqdur. Maliyyə imkanları zəif olan klub gedənlərin yerini tam doldura bilməyib. Bunun nəticəsidir ki, Azərbaycan Kubokunun son qalibi hazırda bütün rəqiblərinə aşağıdan yuxarı baxır. Düzdür, Elmar Baxşıyevin rəhbərlik etdiyi komandanın V turda “Zirə”ni məğlub etməsi bölgə təmsilçisinə könül verən azarkeşləri az da olsa, ümidləndirib. Bununla belə, “Qəbələ”nin hazırkı heyətlə ötənilki uğurları təkrarlayacağı o qədər də inandırıcı görünmür.

Mövsümə fırtına kimi başlayan “Zirə” ötən mövsümdəki uğursuzluğun əvəzini çıxmaqda israrlı görünür. Komandanın 5 turdan sonra zirvədə qərarlaşması çox şeydən xəbər verir. Rəşad Sadıqovun kollektivi yetərincə inamlı təsir bağışlayır. Mütəxəssis xüsusən ötən mövsüm müdafiədə gördüyümüz ənənəvi problemləri yoluna qoyub. Təsadüfi deyil ki, “Zirə” iddialı rəqiblərindən “Qarabağ” və “Sabah”ı məğlub edib. Bu isə heç də sıradan fakt deyil. Bir sözlə, ardıcıl 4 qələbədən sonra ötən həftə Qəbələdə büdrəyən “Zirə”nin rəhbərlik tərəfindən cari mövsüm üçün qarşı qoyulan hədəflərin öhdəsindən gəlmək ehtimalı çox böyükdür.

Milli fasiləyə qədər baş tutan 5 tur qalan 5 komandanı “ortabablar” və “autsayderlər” qrupuna bölməyə əsas vermir. Bir sadə məntiqlə ki, rəqiblər potensial, güc, sərgilədikləri oyun baxımından, demək olar ki, bir-birilərinə yaxındırlar. Müqayisədə nisbətən “Turan Tovuz”, “Sumqayıt” və “Səbail” öndə görünür. Mövsümün startına qısa müddət qalmış formalaşdırılan “Araz-Naxçıvan” da əslində pis təsir bağışlamır. Üstəlik, onu da nəzərə alaq ki, Muxtar Respublika təmsilçisi Naxçıvan şəhər stadionundakı təmir-bərpa işləri səbəbindən rəqiblərini Bakıda qəbul etmək məcburiyyətindədir. Bütün bunların fonunda “Kəpəz” adı çəkilən “dördlük”dən nisbətən geri qalır. Premyer Liqanın maliyyə baxımından ən kasıb komandasının sona qədər duruş gətirəcəyi, rəqibləri ilə başabaş mübarizə aparacağı o qədər də asan olmayacaq.

Əlbəttə, bütün bunlar arxada qalan 5 tura əsasən gəldiyimiz qənaətdir. Futbolda isə proqnoza, ehtimala yer yoxdur. Necə deyərlər, meydan düz, top yumrudur. Yəni qalan 31 tur ərzində çox şey baş verə bilər. Klubların transfer çalışmalarını davam etdirdiyini də yaddan çıxartmamalıyıq. Milli fasilədən sonra ölkənin yaşıl meydanlarında nələrin yaşanacağını bir yerdə görəcəyik.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir