Cəmiyyət

“Şər koalisiyası”nın uğursuzluğu: Makronun Paşinyana “ildönümü hədiyyəsi” baş tutmadı – ŞƏRH + FOTO

Sharing is caring!


Ermənistanın baş naziri Nikol Paşinyan öz hesabına daha bir uğursuzluq yazdı. BMT Təhlükəsizlik Şurasında (TŞ) Azərbaycana qarşı qətnamə və yaxud qərar qəbul etdirmək istəyi növbəti dəfə fiasko ilə üzləşib. Düzdür, məsələnin ali orqanda müzakirəsi belə ədalətsiz olsa da, hər halda fövqəldövlətlərin erməni fitnəkarlığına uymaması da mühüm nəticə hesab edilə bilər. Bununla da, Paşinyanın və baş diplomatı Ararat Mirzoyanın birgə şou yaratmaq arzuları ürəklərində qalıb.

Nikol ümid edirdi ki, hakimiyyətə gəlişinin beşinci ildönümündə (2018-ci il avqustun 17-si – red.) fövqəldövlətlər beynəlxalq hüquq normalarını pozub Azərbaycana qarşı ədalətsiz qətnamə və yaxud bəyanat qəbuluna nail olacaq. Lakin sən saydığını say, gör BMT TŞ nə sayır! Bir daha təsdiq olundu ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Əks təqdirdə, onlar belə bir şansı əldən verməzdilər. Sözsüz ki, Nikol Paşinyan və komandasının BMT TŞ-ni Azərbaycana qarşı çevirmək səyləri erməni təbliğatına və ideologiyasına ciddi zərbə olacaq.

Şuranın çoxsaylı üzvləri tərəfindən vurğulandığı kimi, regionda sülh və sabitliyin əsası həm sözdə, həm də əməldə suverenliyin və ərazi bütövlüyünün tanınmasıdır. Lakin TŞ-nin üzvü olan bir neçə dövlət, o cümlədən, Fransa növbəti dəfə riyakarcasına anti-Azərbaycan mövqeyi ortaya qoyub. Bu ölkənin BMT-dəki daimi nümayəndəsi Natali Estival-Brodhörst heç bir fakt ortaya qoymadan iddia edib ki, Qarabağda yaşayan ermənilər blokada vəziyyətinə salınıb, Laçın yolu ilə ermənilərin maneəsiz gediş-gəlişi üçün problem yaradılıb, eyni zamanda, o, “Qarabağın erməni sakinlərinin hüquqlarının qorunmasını” irəli sürüb.

Fransa təmsilçisi, həmçinin bölgədə davamlı sülhə sadiq olduqlarını və Qarabağ ermənilərinin hüquqları da daxil, sülh danışıqlarının bərpasını istədiyini deyib. Fransız nümayəndə bütün etiket qaydalarını pozaraq, keçmiş Minsk qrupunun keçmiş həmsədr dövləti olduğuna da əhəmiyyət verməyərək, erməniyönümlü yox, sırf erməni nümayəndə kimi özünü göstərib. Lakin ötən ilin dekabrında olduğu kimi, bu dəfə də uğursuzluğa düçar olan Fransa və Ermənistanı BMT TŞ fakt qarşısında qoydu. Bu fakt da Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsidir. Ümid etmək olar ki, iki müttəfiq dövlət bir daha bu cür cəfəngiyat dolu tələblərlə çıxış etməzlər. Üçüncü cəhd sonuncu olacaq. Reallıq odur ki, Fransanın Azərbaycana qarşı bütün platformalarda düşmən münasibəti sistematik xarakter alıb. Düzdür, onun ermənipərəst mövqedən çıxış edəcəyi gözlənilən idi, erməni kimi danışmaq və mövqe ortaya qoymaq riyakarlığın, Azərbaycanofob siyasətin pik həddi idi.

Beləliklə, BMT TŞ-də Ermənistan və onun qədər canfəşanlıq edən Fransanın Azərbaycana qarşı iddiaları rədd edilib. Bəs, bu fiasko və uğursuzluq Fransa xarici siyasəti üçün hansı anlama gəlir? İlk növbədə, son illər Afrikadan tutmuş, dünyanın bir çox ölkələrində üzləşdiyi uğursuzluqların sırasına daha birini də əlavə edə bilər. Azərbaycan hər vəchlə Cənubi Qafqazda sülh və əmin-amanlığın təmin olunmasına çalışsa da, bir sıra dövlətlər öz maraqlarından çıxış edərək bölgədə vəziyyətin gərginləşməsinə, sülh müqaviləsinin imzalanmasına qarşı çıxır. Birinci yerdə də Fransa gəlir. Günbəgün də fransız siyasətinin çirkin mahiyyəti üzə çıxır. Bu yaxınlarda Fransa xarici işlər naziri Ketrin Kolonnanın erməni həmkarı Ararat Mirzoyanla telefon danışığı da bu mövqeyə sadiq qaldığını sübut etdi. Dəfələrlə qeyd edildiyi və açıq şəkildə nümayiş etdirildiyi kimi, Laçın yolunda heç bir blokada yoxdur. Son 30 ildə azərbaycanlıların kütləvi surətdə evlərindən didərgin salınmasına, onlara qarşı hərbi cinayətlər törədilməsinə heç vaxt əhəmiyyət verməyən Fransanın indi Ermənistana və onun tabeliyində olan separatçı rejimə canfəşanlıqla dəstək verməsi onu deməyə əsas verir ki, bu ölkə regionda öz vicdansız siyasətini həyata keçirir.

Qeyd edək ki, Ketrin Kolonna da dəfələrlə oxşar qərəzli bəyanatlar verib. Azərbaycana səfəri zamanı vəziyyətlə yerində tanış olmaq üçün əla fürsət olsa da, əvəzində erməni dostları ilə sərhədə getmək, oradakı səfirliyində hərbi missiyanın yaradıldığını elan etmək qərarına gəlib və sonra regional səfərdə Azərbaycan əleyhinə bəyanatlar verib. Fransanın nümayiş etdirdiyi mövqe açıq şəkildə göstərir ki, bu ölkə Azərbaycanla Ermənistan arasında danışıqlar prosesində vasitəçi ola bilməz, çünki onun bütün səyləri regionda gərginliyin saxlanmasına yönəlib.

Emmanuel Makronun prezident olduğu Fransa daxili problemlərlə məşğul olmaq əvəzinə, Cənubi Qafqazın sularını bulandırmağa davam etsə də, heç bir uğur qazana bilmir. Göründüyü kimi, bu ölkənin rəhbərliyi xarici siyasət sahəsindəki səs-küylü uğursuzluqlardan hələ də heç bir nəticə çıxarmayıb. Bunun da nəticələri bu gün Fransanın təsir zonasından sürətlə uzaqlaşan Afrikada özünü açıq-aşkar hiss etdirir.

Beləliklə, bu gecə TŞ-də yaşananları, ilk növbədə, Makronun, rəsmi İrəvanın və şəxsən baş nazir Nikol Paşinyanın və onun baş diplomatı Mirzoyanın ağır məğlubiyyəti hesab etmək olar. Paşinyan ümid edirdi ki, Fransa fövqəldövlətlərə təsir etməklə, hakimiyyətinin beşinci ildönümündə ona ciddi bir “hədiyyə” təqdim edə biləcək. Lakin bu ümidi də puç oldu. Ümid etmək olar ki, Ermənistan hakimiyyəti heç olmasa üçüncü uğursuzluqdan nəticə çıxaracaq. İrəvan anlamalıdır ki, yeganə yol sülh danışıqlarına getmək, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmaqdan keçir. O da, himayədarları da başa düşməlidir ki, Azərbaycanın müstəqil və prinsipial siyasətinə qarşı qurulmuş istənilən çoxkombinasiyalı təxribata, hücuma qarşı ölkəmizin hər zaman alternativ planı və cavabı var. BMT-də həyata keçirilməyə çalışılan şantaj planının da puça çıxarılması bunun əyani sübutu oldu.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir