İdman

Olimpiya çempionu: “Dünya çempionatının Azərbaycanda keçirilməsini alqışlayıram”

Sharing is caring!


Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatını izləyənlər arasında Birləşmiş Ərəb Əmirlikləri Atıcılıq Federasiyasının prezidenti Şeyx Əhməd Bin Məhəmməd Bin Haşer Əl-Maktum da var.

2004-cü ildə Afina Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış keçmiş idmançı “Report”un suallarını cavablandırıb.

– Azərbaycan və Bakı ilə bağlı təəssüratlarınızı eşitmək maraqlıdır.

– Bu, ölkənizə ikinci səfərimdir. Bizim ölkədən olan insanlar Azərbaycanı çox bəyənir. Mən də onlardan biriyəm. Maraqlısı budur ki, Azərbaycan bir mövsümdə yox, ilboyu gözəldir. Həm yayı maraqlı olur, həm də qışı. Burada insan rahatlığı üçün hər şey var: təbiət, dağlar, meşələr, göllər, çaylar.

– Bakıda turnir kənardan necə görünür?

– Hər şeydən əvvəl bu cür möhtəşəm yarışın Azərbaycanda keçirilməsini alqışlayıram. Hamı buradadır, 100-dən çox ölkədən iştirakçılar və federasiyaların nümayəndələri gəlib. Təşkilat Komitəsi bütün işləri möhtəşəm şəkildə qurub. Sistem saat kimi işləyir. Bu, ilk dəqiqələrdən hiss olunur.

– Atış meydanları necədir?

– Mərkəzin özü çox mükəmməldir. Atış üçün hər cür şərait yaradılıb. Heç kim heç nəyi bəhanə edə bilməz. Buna görə də nəticələr və ballar yüksəkdir. Maraqlısı budur ki, stend, tapança və tüfəng atıcılığı eyni yerdə cəmlənib. Hər kəs bir-birini görür, görüşür, münasibət qura bilir. Bu da idmanı gözəlləşdirən amildir.

– Vaxtilə özünüz də peşəkar atıcı olmusunuz. Deyəsən, daha məşğul olmursunuz.

– Afina Olimpiadasında qızıl medal mükafatçısıyam. Bundan başqa altı dəfə dünya kubokunun sahibi olmuşam. 2005-ci ildə peşəkar karyeramı başa vurdum. Artıq istirahət edirəm və ailəmin qayğısına qalıram.

– Dünya çempionatında BƏƏ-dən olan atıcıları da görmək mümkündür. Onların medal qazanmaq ehtimalı nə dərəcədə realdır?

– Ölkəmizin ən yaxşılarını seçib gətirmişik. Lakin onlar digər ölkələrdən olan atıcılarla mübarizə aparacaq qədər yüksək səviyyədə deyillər. Hazırda qarşımızda duran əsas məqsəd gəncləri cəlb edib, onların inkişafına nail olmaqdır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir