İdman

İngiltərə Premyer Liqasında yeni mövsümün startına doğru: Proqnozlar alt-üst ola bilər – TƏHLİL + FOTO

Sharing is caring!


Bu gün İngiltərə Premyer Liqasında (İPL) 2023/24 mövsümünə start veriləcək.

Açılış oyununda son çempion “Mançester Siti” və elitanın yeni komandası “Bernli” üz-üzə gələcəklər.

Start ərəfəsində hansı komanda necə vəziyyətdədir?

“Mançester Siti” iki futbolçusunu satıb. Söhbət İlkay Gündoğan və Riyad Mahrezdən gedir. “Şəhərlilər” eyni sayda futbolçu transfer ediblər. “Çelsi”dən Matteo Kovaçiç və “Leypziq”dən Yoşko Qvardiol heyətə cəlb ediliblər.

Xüsusən, Gündoğanın gedişi komandaya təsir edəcək. O, ötən mövsüm İngiltərə çempionu və Çempionlar Liqasının qalibi olan komandanın əsas sütunlarından idi. Matteo Kovaçiç oxşar tipdə futbolçudur, lakin onun İlkayı nə dərəcədə əvəz edə biləcəyi mübahisəli məsələdir.

Qvardiol, onsuz da, möhkəm olan müdafiə səddini daha da gücləndirəcək. Burada Manuel Akanci nisbətən kövrək görünürdüsə, xorvatiyalının gəlişi həmin problemi tam həll edəcək.

Yoşko Qvardiol

Mahrez irəli xətdə dərinliyi artırmaq baxımından faydalı idi. Lakin “Arsenal”a qarşı Superkubok oyununda baxımlı qol vuran gənc Koul Palmer sübut etdi ki, əlcəzairlinin boşluğunu doldurmaq gücündədir.

Yeri gəlmişkən, “Mançester Siti” mövsümün ilk titul matçında “topçular”a yenildi. Bu, yeni mövsümün onlar üçün heç də asan keçməyəcəyi anlamına gəlməlidir. Bununla belə, Pep Qvardiolanın komandası yenə əsas iddiaçılardandır.

Ötən mövsüm çempionluğu son turlarda uduzan “Arsenal” yayda cəlbedici transferlər həyata keçirib. 116 milyon avroya “Vest Hem”dən alınan Deklan Rays orta xəttə inanılmaz keyfiyyət gətirəcək. O, həm müdafiədə, həm də hücumların qurulmasında çox effektivdir. Müdafiəyə Yurrien Timber, hücum xəttinə Kay Haverts keçidləri həyata keçirilib. “Dumanlı Albion” bilicilərinin fikrincə, ötən mövsüm icarə əsasında “Reyms”də çıxış edən Folarin Baloqunun qayıtması irəlidə manevr imkanlarını artıracaq. O, Fransada əla mövsüm keçirib, indi özünü Premyer Liqada təsdiqləməlidir.

Deklan Rays

Gedişlərdən, əsasən, Qranit Caka diqqət çəkir. Lakin həmin mövqeyə Raysın gəldiyi nəzərə alınsa, bu, problem yaratmamalıdır.

“Arsenal” yarımçıq qoyduğu işi tamamlamaq niyyətindədir. Mikel Artetanın komandasında bu istiqamətdə ciddi addımlar atılıb. Superkubokda “Mançester Siti”yə təslim olmama, penaltilərdə qazanılan qələbə bir növ gövdə göstərməkdir.

Keçən mövsümün bürünc medalçısı “Mançester Yunayted” yararsız adların bir çoxundan xilas olub. Daha çox səhvləri ilə gündəmə gələn David De Xea yola salınıb və o, “İnter”də əla mövsüm keçirən Andre Onana ilə əvələnib. “Çelsi”dən cəlb olunan Meyson Maunt orta xətti gücləndirəcək. Hərçənd, Marsel Zabitser komandanı tərk edib. Lakin o, “Mançester Yunayted”də, onsuz da, ən yaxşılardan biri olmağı bacarmamışdı.

Rasmus Hoylund

Hücuma isə “Atalanta”dan Rasmus Hoylund transfer edilib. Bu transferi riskli hesab edənlər az deyil. Lakin 20 yaşlı danimarkalının qonşusu, norveçli Erlinq Holandın Premyer Liqaya necə tez uyğunlaşması və ümumiyyətlə, şimal ölkələri futbolçularının, adətən, adaptasiya problemi yaşamadıqları nəzərə alındıqda istedadlı oyunçunun İngiltərədə özünü göstərməsi çətin olmamalıdır. Bununla belə, Erik ten Haqın komandası yenə “Mançester Siti” və “Arsenal”la müqayisədə nisbətən zəif görünür. Komandanın potensialı heç bəlkə, üçüncü olmağa da kifayət etməsin. Əlbəttə, burada niderlandlı mütəxəssisin öz bacarığı ön plana çıxa da bilər.

Ərəblərin sərmayəsi hesabına iddiası artan “Nyukasl”dan bu yay transferlərdə daha aktiv olmaq gözlənilirdi. Çempionlar Liqasında yarışacaq komandanın əsas transferi “Milan”dan Sandro Tonalidir. O, yarımmüdafiə xəttinin lideri olacaq.

Sandro Tonali

“Lester”dən vinger Harvi Barns və “Sauthempton”dan perspektivli sağ cinah müdafiəçisi Toni Livramentonun gəlişi komandanı gücləndirəcək. Əvəzində Alan San-Maksimin Səudiyyə Ərəbistanına üz tutub. Bu, hücumda ciddi itkidir və klub onun yoxluğunu mütləq hiss edəcək. Çempionlar Liqası zonası uğrunda mübarizə aparan digər klublar gücləniblər. Bu isə “Nyukasl”ın işinin ağırlaşacağı anlamına gəlir.

Ötən mövsüm beşinci olan “Liverpul” yararsız oyunçuların bir çoxundan təmizlənib. Lakin komanda bir o qədər güclənməyi bacarmayıb. Düzdür, mərkəzə iki yaxşı transfer edilib. “Brayton”dan Aleksis Makallister və “Leypziq”dən Dominik Soboslay orta xəttə cəlb olunublar. Gedənlər – Cordan Henderson və Fabinyo ilə müqayisədə hər iki futbolçu daha yüksək keyfiyyətə malikdir.

Aleksis Makallister

“Qırmızılar” “Brayton”dan mərkəz müdafiəçisi Moyses Kaysedonu transfer etmək üçün cəhdləri davam etdirirlər. Lakin hücum xəttində vəziyyətin ürəkaçan olduğunu söyləmək olmaz. Roberto Firminonun gedişi irəlidə dərinliyi azaldıb. Klub “Yuventus”dan Duşan Vlahoviçi transfer etmək istəsə də, hələlik buna nail ola bilməyib. Yekunlaşdırsaq, “Liverpul” “Nyukasl”dan daha yaxşı vəziyyətdə görünsə də, yuxarıda haqqında bəhs etdiyimiz digər üç komandadan daha aşağı səviyyədədir.

Ötən mövsümün uğursuzu, yalnız 12-ci olmağı bacaran “Çelsi”də ciddi islahatlar olub. Baş məşqçi postunda daha əvvəl İngiltərədə “Tottenhem”i çalışdırmış Maurisio Poçettinodur. Kay Haverts, Meyson Maunt, Matteo Kovaçiç, Kalidu Kulibali, Kristian Pulişiç, Eduar Mendi, Ruben Loftus-Çik, Sezar Aspilikueta, Nqolo Kante, Pyerr-Emerik Obameyanq, Denis Zakaria, Joau Feliks – bunlar “zadəganlar”ın sıralarını tərk edən futbolçuların yalnız bəziləridir. Əvəzində Krostofer Nkunku, Aleks Disasi, Nikolas Cekson, Lesli Uqoçukvu, Robert Sançes kimi futbolçular transfer edilib. Eyni zamanda, Romelu Lukaku geri qayıdıb. Lakin onun “Yuventus”a göndərilməsi və Duşan Vlahoviçin cəlb olunması gündəmdədir.  “Çelsi” Kaysedo uğrunda “Liverpul”la mübarizəni də davam etdirir.

Kristofer Nkunku

Mövsüm başlamamış londonlular problemlə üzləşiblər. Böyük ümidlərlə cəlb olunan Nkunku uzun müddətə sıradan çıxıb. Əvəzində Cekson yoxlama oyunlarında özünü yaxşı tərəfdən göstərməyi bacarır.

“Çelsi”nin heyəti ötən mövsüm futbolçu çoxluğundan ağırlaşmışdı. Gedişlər komandanı yüngülləşdirib. Lakin gələnlər nə qədər gücləndirib? – Sual açıqdır. Görünən odur ki, “Çelsi”ni ağrılı dönəm gözləyir. Komanda inamlı start verməyi bacarsa, keçənilki uğursuzluğu unutdurmaq mümkün olacaq. Əks halda, daha bir itirilmiş mövsüm ola bilər.

Mövsümün startı ərəfəsində “Tottenhem” böyük problemlə üz-üzədir. İnsayderlərə görə, Harri Keynin “Bavariya”ya keçidi an məsələsidir. Əsas qol silahını itirmək bütün mövsüm boyu problem olacaq. Ələlxüsus onun əvəzinə yeni cəlb olunan yoxdursa.

Harri Keyn

Baş məşqçi Angelos Postekoqlu yenidir və onun Premyer Liqada özünü necə göstərəcəyi böyük maraq doğurur. Ceyms Meddison, Mikki van de Ven, Pedro Porro transferləri komandaya keyfiyyət qatacaq. Ancaq böyük iddiaları olan klub üçün bu adlar kifayət deyil. Bu gedişlə “Tottenhem” yaxşı ortabab ola bilər.

Ötən mövsüm performansı ilə diqqətləri üzərinə çəkən “Brayton” Aleksis Makallister, Robert Sançes kimi adları əldən verib, Moyses Kaysedo yol üstündədir. Hücumçu Joau Pedro, qapıçı Bart Verbruggen, müdafiəçi İqor, yarımmüdafiəçi Mahmud Dahud boşluqları müəyyən qədər doldura bilərlər. Lakin ümumən komanda zəifləyib. Bununla belə, “Brayton”un baş məşqçisi Roberto De Zerbinin əsas bacarığı da məhz belə komandalarda uğur qazana bilməsidir. “Brayton” yenidən mövsümün sürpriz və şən futbol oynayan komandası ola bilər.

Bu yay ən çox zəifləyənlərdən biri “Vulverhempton”dur. “Canavarlar” Ruben Neveş, Natan Kollins, Konor Kodi, Raul Ximenes kimi adları əldən buraxıblar. Əvəzində diqqətçəkən transfer yalnız Mateus Kunyanın gəlişidir. Transfer fəaliyyətinə etiraz edən ispaniyalı baş məşqçi Xulen Lopeteqi mövsümün startına günlər qalmış istefa verib.

Xulen Lopeteqi

“Vulverhempton”la yanaşı, “Vest Hem” və “Everton” da zəifləyiblər. Bu komandaların növbəti mövsüm aşağı pillələrdə qərarlaşmaq ehtimalı yüksəkdir.

“Bornmut”, “Aston Villa”, “Brentford”, “Nottingem Forest” kimi komandalar heyətlərini müəyyən qədər gücləndiriblər. Xüsusən, “Brentford”un daha iddialı olacağını söyləmək olar. “Kristal Pelas”, “Fulhem” təxminən ötənilki gücdədirlər. Yeni klublardan “Bernli” və “Şeffild” aktivlik göstəriblərsə, “Luton”da sakitlikdir. Lakin aşağıdan gələnlər barədə hər hansı fikir bildirmək çətindir.

Hələ transfer pəncərəsi bağlanmayıb. Son günə qədər ciddi dəyişikliklər baş tuta bilər. İndiki məqama olan proqnozları qeyd etdik. Lakin İPL-in özünəməxsusluğu ondadır ki, artıq bir neçə tur sonra bütün proqnozlar alt-üst ola da bilər.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir