İdman

Dünya və Avropa çempionatlarına yola düşəcək paralimpiyaçılarla görüş keçirildi – FOTO

Sharing is caring!


DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Niderlandda keçiriləcək Avropa Paralimpiya Çempionatı və Birləşmiş Krallıqda təşkil ediləcək İBSA Dünya Oyunlarına qatılacaq Azərbaycan nümayəndə heyəti və idmançılarla görüş olub.

Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, tədbirdə qurumun prezidenti Hidayət Abdullayev, vitse-prezident İlham Zəkiyev, məşqçilər, idmançılar və digər əməkdaşlar iştirak ediblər.

H.Abdullayev həssas qrupdan olan vətəndaşlara dövlət qayğısının nəticəsi kimi əlilliyi olan idmançıların xüsusi diqqətlə əhatələndiyini qeyd edib. O, milli üzvlərinin qarşıdan gələn mötəbər yarışlarda yaxşı nəticələr qazanacağına əmin olduğunu vurğulayaraq, onlara uğurlar arzulayıb. Komitə prezidenti Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına cəmi bir il vaxt qaldığını xatırladaraq, qalan müddət ərzində idmançıların beynəlxalq yarışlarda reytinq xalları və lisenziyalar qazanmalarının vacibliyini vurğulayıb.

İ.Zəkiyev yarışlarda iştirak edəcək idmançıların fiziki və psixoloji hazırlığının yüksək olduğunu qeyd edib.

Digər çıxış edənlər də paralimpiyaçılara uğurlar arzulayıb və onların hər iki mötəbər yarışdan yüksək nəticələrlə Vətənə qayıdacaqlarına inamlarını ifadə ediblər.

Qeyd edək ki, Azərbaycan paralimpiyaçıları 8-20 avqustda Niderlandın Rotterdam şəhərində keçiriləcək Avropa Paralimpiya Çempionatına ayın 6-dan etibarən yola düşəcəklər. Yarışda 45 ölkədən 1500-ə yaxın idmançı iştirak edəcək. Azərbaycanı Avropa Paralimpiya Çempionatında 35 idmançı yeddi idman növündə təmsil edəcək. Güllə atıcılığı və kamandan oxatma birbaşa lisenziya, digər idman növləri reytinq xalları qazandırır.

18-27 avqustda Birmingemdə keçiriləcək İBSA Dünya Oyunlarında isə 1 250 idmançı iştirak edəcək. Bu yarışda Azərbaycanın 20 idmançısı iki növdə (16 idmançı cüdo, dörd idmançı şahmat) qüvvəsini sınayacaq.

Cüdoda əldə olunacaq nəticələr paralimpiadaya lisenziya üçün reytinq xalı qazandıracaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir