İdman

“Rakuv”un baş məşqçisi: “Nə vaxtsa bir Polşa klubu “Qarabağ”ı keçməli idi”

Sharing is caring!


“Gözəl nəticədir. Bu gün özümüzü daha çox müdafiədə göstərdik. Futbolda dözümlü olmaq çox vacibdir”.

Oxu.Az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirdikləri cavab oyunundan (1:1) sonra təşkil edilən mətbuat konfransında Polşanın “Rakuv” klubunun baş məşqçisi David Şvarqa deyib.

İlk görüşdə 3:2 hesabı ilə qalib gəldiyi üçün növbəti mərhələyə yüksələn komandanın çalışdırıcısı fikrini belə davam etdirib:

“Komandam gözəl oyun göstərdi. Həm fiziki, həm taktiki, həm mental olaraq yaxşı idik. Eynigüclü komandalar üz-üzə gələndə detallar rol oynayır. Fran Tüdorun oyununu qeyd etmək istəyirəm. Onun səyləri bizə çox kömək oldu”.

Baş məşqçi oyuna nəzarəti əldən vermədiklərini söyləyib:

“Hər iki hissədə özümüzü yaxşı göstərdik. Rəqib cərimə meydançamıza gəldikdə belə, nəzarəti əldən vermir, qapımızı qorumağı bacarırdıq. Polşanın keçmiş çempionu Bakıda 5 qol buraxmışdı (“Lex”in ötən il “Qarabağ”a 1:5 hesabı ilə məğlub olmasını nəzərdə tutur – red.). Biz ən yaxşısını bacardıq”.

D.Şvarqa ikinci hissədə futbolçularının tez-tez yerdə qalmasını yorğunluqla əlaqələndirib:

“Paltardəyişmə otağımıza gəlib, futbolçularımızın vəziyyətinə baxa bilərsiniz. Əlbəttə, bu, strategiya deyildi. Hava şəraiti, rütubəti nəzərə alsaq, oyun bizim üçün bir qədər çətin oldu. Müdafiədə ani səhv etdik və rəqib qol vura bildi”.

32 yaşlı mütəxəssis avrokuboklarda “Qarabağ”ı mübarizədən kənarlaşdırıb ilk Polşa klubu olmalarını uğur hesab edib:

“Nə vaxtsa, bu, olmalı, bir Polşa klubu “Qarabağ”ı keçməli idi. Şadam ki, bunu biz bacardıq. “Qarabağ” güclü və təcrübəli komandadır”.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir