İdman

Qurban Qurbanov: “Komandamız optimal formasından uzaqdır” – FOTO

Sharing is caring!


“İlk oyunda qələbə qazanmışıq. Amma asan olmamışdı”.

Oxu.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllüttariqin “Linkoln” klubuna qarşı keçirəcəkləri cavab oyunu öncəsi mətbuat konfransında deyib.

Baş məşqçi fikirlərini belə davam etdirib:

“Komandamız optimal formasından uzaqdır. Amma ümumən hazırlığımız pis getmir. Bu oyuna ciddi yanaşırıq. Bizi yaxşı müdafiə olunan rəqib gözləyir. Futbolçularıma inanıram, güvənirəm. Yaxşı oyun göstərib, uğurlu nəticə qazanmaq istəyirik”.

Təcrübəli mütəxəssis yeni transferlər – Juninyo və Patrik Andradenin hazırlıq durumu barədə danışıb:

“Hər iki oyunçunun idman forması o qədər də yaxşı deyil. Komandaya gec qoşulublar. Onların hazırlığı qaneedici deyil. Məşqlərdə çox çalışırlar. Juninyo ilə bağlı sabah qərar verəcəyik. Hər ikisinə bir az vaxt lazımdır”.

51 yaşlı çalışdırıcı komandanın oyunu Tofiq Bəhramov adına Respublika stadionunda deyil, Bakı Olimpiya Stadionunda keçirməsinin oyunçulara və azarkeşlərə problem yaratmayacağını bildirib:

“Bakıdayıq, hər yeri doğmadır. Azarkeşlərin rahatlığını düşünmək istəyərdik. Oyunların çoxunu Respublika stadionunda keçirmişik. Bəlkə, bizə daha doğmadır, futbolçular və azarkeşlər üçün rahatdır. Amma burada da yaxşı oyunlarımız olub. Rahat, genişdir. Futbolçuları da qane edir. İnanmıram ki, azarkeşlər hər hansı çətinliyə görə uzaq qalsınlar. “Qarabağ” azarkeşləri həmişə çətin anlarda yanımızda olublar. Sadəcə, ola bilər, yerləşməyə vaxt çox getsin. Onların hər birini tribunada gözləyirik. Azarkeşlər üçün baxımlı, maraqlı oyun göstərməyə çalışacağıq”.

Q.Qurbanov yay transfer pəncərəsi zamanı heyətdə ciddi dəyişikliklər olmayacağını qeyd edib:

“Futbolçularımdan çox razıyam. Yaxşı kollektivimiz var. Bir-iki dəyişiklik ola bilər. Olmasa da, əlimizdə olanlar bizi qane edir”.

Baş məşqçi komandanın iki əsas bombardiri – Ramil Şeydayev və Musa Qurbanlının gedişini belə şərh edib:

“Çalışacağıq yeni bombardirlərimiz olsun. Gedənlərə uğur arzulayırıq”.

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Linkoln” matçı saat 20:00-da start götürəcək. Komandalar arasında Cəbəllüttariqdə oynanılmış ilk görüşdə Azərbaycan çempionu qələbə qazanıb – 2:1.

Daha çox şəkil burada: PhotoStock.az

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir