İdman

İrəvanda Azərbaycana qarşı təxribat: “Necə ola bilər ki, akkreditasiyası olan şəxs zala alışqanla keçsin?!”

Sharing is caring!


Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi (AİJİB) Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycana qarşı baş vermiş təxribatla bağlı etiraz tədbiri keçirib.

Oxu.Az xəbər verir ki, mötəbər tədbirdə Azərbaycan bayrağının yandırılması sərt şəkildə qınanılıb.

AİJİB-in sədri Azər İsmayılov bildirib ki, bu hadisə Ermənistanın belə nüfuzlu tədbirlərin təşkilinə hazır olmadığının göstəricisidir:

“Bu hadisəyə görə təəssüflənirik. İdman sülh, birlik, dostluqdur. Təəssüf ki, Ermənistanda idman tədbiri neqativ hadisə ilə yadda qaldı. Baş verəni şiddətlə qınayırıq. Bütün idman ictimaiyyətini bir olmağa və səsimizi beynəlxalq aləmə çatdırmağa çalışırıq. Bu hadisənin Ermənistanın baş nazirinin gözü qarşısında baş verməsi, şəxsin dərhal buraxılması bir daha Ermənistan ictimaiyyətinin nə qədər rasizmə meyilli olduğunu, azərbaycanlılara nifrətinin necə böyük olduğunu göstərir. Azərbaycanın təşkil etdiyi yarışların heç birində bu cür hadisə baş verməyib. Beynəlxalq qurumları, mətbuat təşkilatlarını aktiv olmağa çağırırıq. Bu hadisə bir daha Ermənistanın belə tədbirləri keçirməyə hazır olmadığını göstərir. Bu cür tədbirlərin orada keçirilməməsi üçün əsas verir. Bunu bəyanatla da göstərəcəyik”.

Qurumun İdarə Heyətinin üzvü Sənan Şəfizadə hadisəni biabırçılıq adlandırıb:

“Bu, təxribat idi. Hökumət rəsmiləri olan yerdə belə “təhlükəsizlik tədbirləri” olmur. Necə ola bilər ki, akkreditasiyası olan şəxs oraya alışqanla keçsin?! Azərbaycanda keçirilən yarışlarda dəfələrlə erməni idmançılar iştirak ediblər. Heç bir halda problem yaşamayıblar, hətta onlar Bakı gəzintisinə də çıxıblar.

İdman sülhün carçısıdır. Belə təxribat biabırçılıqdır. Bu hərəkətlə göstərirlər ki, öhdəliklərini yerinə yetirmirlər. Onlar təhlükəsizliyə dövlət zəmanəti vermişdilər. Amma heç açılış mərasimində qorumağı bacarmadılar. Çox düzgün qərardır ki, idmançılarımız artıq Vətənə qayıdırlar. Yayacağımız bəyanat Beynəlxalq Atletika Federasiyasına və İdman Jurnalistləri Assosiasiyasına göndəriləcək”.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir