İdman

Qurban Qurbanov: “Mövsümün sonuna yaxın istirahət vaxtını gözləyirsən ki, buradan tez qaçasan”

Sharing is caring!


“Mövsümün sonuna yaxın istirahət vaxtını gözləyirsən ki, buradan tez qaçasan”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Kəpəz”i 3:1 hesabı ilə məğlub etdikləri Premyer Liqanın XXIX tur oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis dinamik komandaya qarşı çıxış etdiklərini bildirib: “Gərgin oyun alındı, futbolçularda bəlkə stress də var idi. Qalibiyyət üçün çox əziyyət çəkdilər. Bu gün dinamik komandaya qarşı çıxış edirdik. “Kəpəz” son vaxtlar həm baxımlı, həm də fərqli oyun göstərir. Çox sürətli oyunçuları var. Bir neçə səhvdən başqa rəqibin hücumlarının qarşısını ala bildik. Vacib 3 xal qazandıq”.

Baş məşqçi mövsümü məğlubiyyətsiz başa vurmaq arzusunda olduqlarını gizlətməyib: “Dünya futbolunda belə hallar olur. Çempionat hələ bitməyib. Ötən il bir məğlubiyyətimiz olmuşdu. O vaxt da həmin görüşdə uduzmasaydıq, eyni ssenari olacaqdı. Məğlubiyyətsiz çempion olmaq istərdim. Amma məqsədə hələ çatmamışıq, qarşıda 7 oyun var. Bu cür çempion olmaq istəyirik fikri ilə işimizi davam etdirsək, səhv edərik. Hər matçda komandanı uduzmamaq istəyi ilə çıxarmağa çalışıram. Futbolda düşünmədiyin anlarda məğlubiyyət olub”.

Qurbanov mövsüm sona yaxınlaşdıqca futbolçularda həm psixoloji, həm də fiziki gərginliyin artdığını vurğulayıb: “Bəzən çətin olur. Komandaya yeni futbolçular gələndə tam adaptasiyaya vaxt lazım olur. Bura kimi futbola fərqli yanaşa bilərlər. Amma bizdə tam fərqlidir. İstərdim ki, sona kimi daha istəkli, daha yaxşı formada olsunlar. Ancaq istənilən halda təsiri olacaq. Çünki yorulan futbolçular var. Onların da əksəriyyəti millidə çıxış edənlərdir. Çünki daha çox oyun keçirirlər. Özüm də bu yolu keçmişəm. Mövsümün sonuna yaxın istirahət vaxtını gözləyirsən ki, buradan tez qaçasan. Sona kimi işimizdə ciddi olmalıyıq, bunu futbolçulara da çatdırmağa çalışırıq”.

Toral Bayramovun adının “Qalatasaray” (Türkiyə), Abdullah Zubirin “Alanyaspor” (Türkiyə), Elvin Cəfərquliyevin isə “Anderlext”lə (Belçika) birgə hallanmasına da münasibət bildirən Qurban Qurbanov rəsmi təklif almadıqlarını deyib: “Ola bilsin ki, sadəcə məlumatlar yayılıb. Bizə heç bir rəsmi təklif yoxdur. Varsa da, normal haldır. İlboyu gedən prosesdir, hər hansı təkliflər olacaq. Bəzən hansısa futbolçunu əldə etmək üçün menecerlər kluba yox, futbolçunun özünə çıxırlar. Futbolçunun fikirlərini yayındırmağa başlayırlar”.

Mütəxəssis uğur qazandıqca problemlərin artmasını normal qarşılayır: “Təəssüf ki, bunlar qaçılmazdır və işimizə çox mane olur. 3-5 illik komanda formalaşdırırıq, öz oyunumuzu tam istədiyimiz səviyyəyə qaldırmaq istəyirik. Gözləmədiyin vaxtda hansısa təklif olur. Futbolçu gedəndə bir problem olur, getməyəndə başqa. Getdiyi zaman onun səviyyəsində birini tapmağa çalışırsan. Getməyəndə də futbolçu düşünür ki, orada oynamağa layiq idi, onu buraxmadılar. Onu ələ almaq üçün 2-3 ay vaxt lazım olur. Bəlkə sürətdə, gücdə bir az uduzmuşuq. Amma ümumi oyun modelini qoruyub saxlamışıq. Problemsiz işləmək daha asan olardı. Amma problemin içində insan böyüyür. Bunun ziyanı da, faydası da var. Biz öz yerimizi qorumağa çalışırıq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir