İdman

Millimiz üçün uğursuz rəqib: Azərbaycan klublarının üstün olduğu ölkə

Sharing is caring!


Azərbaycan millisi bu gün AVRO-2024-ün seçmə mərhələsində ikinci oyununu keçirəcək.

Oxu.Az xəbər verir ki, yığma Bakı vaxtı ilə saat 22:45-də Solnadakı “Friends Arena”da İsveçin qonağı olacaq.

Bu, millinin sözügedən ölkənin əsas komandası ilə 3-cü dueli olacaq. Əvvəlki matçların hər ikisində skandinaviyalılar qələbə qazanıblar.

İlk qarşılaşma 2002-ci il dünya çempionatının seçmə mərhələsində baş tutub. 2000-ci ildə Bakıda təşkil edilən görüşdə rəqib 1:0 hesablı qələbə qazanıb. Yeganə qolu Anders Svensson vurub. Bir il sonra Stokholmda keçirilən görüşdə İsveç daha böyük hesabla qalib gəlib – 3:0. Svenssonun hesabı açdığı matçda Henrik Larsson penaltidən ikinci topu vurub. Oyunda son nöqtəni isə hazırda da yığmanın heyətində olan Zlatan İbrahimoviç qoyub. 66-cı dəqiqədə meydana çıxan forvard 3 dəqiqə sonra fərqlənməyi bacarıb. Bu, həm də Zlatanın milli komandadakı ilk qolu olub.

Azərbaycan U-21 millisi isveçli həmyaşıdları ilə üç dəfə qarşılaşıb. Rəsmi oyunların birində qolsuz heç-heçə edən komanda digərində 0:5 uduzub. Yeganə yoldaşlıq oyununda isə rəqib 8:1 hesablı qələbə qazanıb.

Azərbaycan U-19 millisi də isveçlilərə qarşı uğursuzluğa düçar olub. Avropa çempionatının seçmə mərhələsində iki dəfə bu ölkədən olan yaşıdları ilə üz-üzə gələn gənclərimiz 0:1 və 1:5 hesabları ilə məğlub olublar.

Klub səviyyəsində isə vəziyyət fərqlidir. Təmsilçilərimiz indiyə qədər avrokuboklarda üç dəfə İsveç komandalarına rəqib olublar. Baş tutan 6 qarşılaşmanın 4-də bizimkilər, 2-də isə rəqib sevinib.

“Qarabağ” 2013-cü ildə Avropa Liqasının təsnifat mərhələsində “Gefle” ilə üz-üzə gəlib. Bakıda 1:0 üstün olan ağdamlılar səfərdə iki cavabsız qolla qələbə əldə ediblər.

Üç il sonra yenə Avropa Liqasında, bu dəfə “Höteborq”la qarşılaşan Qurban Qurbanovun komandası səfərdə 0:1 uduzsa da, Bakıda bunun əvəzini artıqlaması ilə çıxıb. 3:0 hesablı qələbə təmsilçimizi növbəti mərhələyə yüksəldib.

Bir dəfə də “İnter” (hazırkı “Şamaxı” – red.) İsveç klubuna rəqib olub. 2014-cü ildə Avropa Liqasının təsnifat mərhələsində “Elfsborq”la qarşılaşan komanda səfərdən qələbə ilə qayıdıb (0:1). Lakin Bakıda eynihesablı məğlubiyyət qeydə alınıb. Penaltilər seriyasında isə “Elfsborq” 4:3 üstün olaraq mübarizəyə davam edib.

Göründüyü kimi, milli komandalar səviyyəsində İsveçlə duellər uğursuz alınsa da, klublar bu ölkədən olan rəqiblər üzərində üstünlük qazanmağı bacarıb. Bu dəfə yığma məhz klublardan nümunə götürməlidir.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir