İdman

Azərbaycan idmanının qadın simaları: Çətinliklər və üstünlüklər – FOTO

Sharing is caring!

Bu gün 8 Mart – Beynəlxalq Qadınlar Günüdür. Qadınlar cəmiyyətin hər sahəsində önəmli rola sahibdirlər. Eləcə də idmanda öz sözlərini deməyi bacarırlar. İdmançı qadın zərifliklə mübarizliyin harmoniyasıdır desək, yəqin, yanılmarıq.

Əlamətdar gündə Azərbaycan idmanının bir neçə qadın təmsilçisi ilə əlaqə saxlayıb həm təəssüratlarını, həm də bu sahədə üzləşdikləri çətinlikləri öyrəndik.

Azərbaycanın tanınmış cüdoçusu, dünya və Avropa çempionatlarının mükafatçısı Kifayət Qasımova “Report”a açıqlamasında əvvəlcə bu idman növünə gəlişindən söz açıb:

“Cüdoya 11 yaşımda başlamışam. Bizim mentalitetimiz bir az fərqlidir. Əvvəllər “Qız nədir, idman nədir” fikri zərif cinsin nümayəndələrinin bu sahə ilə məşğul olmalarına mane olurdu. Ona görə də idman növlərində qadınların sayı az idi. Mən sırf təsadüf nəticəsində cüdoya gəlmişəm. Biz Kəlbəcərdənik, orada qızların idmana getmələri qəti qadağan idi. Məcburi köçkün kimi Bakıya gəldikdən sonra idmanla məşğul olmağa başladım. Evimizin yanında zal var idi. Ümumiyyətlə, fiziki cəhətdən güclü qadınam. Hələ Kəlbəcərdə olarkən oğlanlarla güləşib onları yıxırdım. Zalda məşq keçən müəllim məni çox bəyəndi, özüm də həvəsli idim. Beləcə, cüdo karyeram başladı. Düzdür, ailəm, xüsusilə atam narazı idi. Amma mən israrla cüdo ilə məşğul oldum. İcazə vermirdilər, gizlincə qaçıb məşqə gedirdim. Amma sonra Avropada nəticə qazanandan sonra mənə dəstək olmağa başladılar.

Nəslimizdə yeganə qadın idmançı mənəm. Əvvəlki dönəmlərə baxanda indi qadınlarımız idman sahəsində də çox inkişaf ediblər. Çünki insanların dünyagörüşü, idmana baxışı dəyişib. Artıq heç kim buna pis baxmır. Əksinə, qadınların idmanla məşğul olmalarını istəyirlər. Cüdo klubunu açmağımız bu idman növündə qızların sayını daha da artırdı”.

Cüdonu sevdiyini deyən Qasımova bu idman növünün ona çox şey qazandırdığını söyləyib:

“Uğurlarımın sayəsində xalqın sevimlisinə çevrilmişəm. Bu sahədə xeyli nailiyyət əldə etmişəm. Yeganə çatışmazlıq olimpiya çempionluğudur. Bu da şanssızlıqla bağlıdır. Eyni zamanda, cüdo vasitəsilə Azərbaycanı dünyada tanıtmışam, bayrağımızı yüksəldib himnimizi səsləndirmişəm. Qürurverici hissdir. Ölkəm üçün nəsə etdiyim üçün sevinirəm”.

Hazırda məşqçi kimi çalışan veteran idmançı tələbələrinin ən azı onun uğurlarını təkrarlamalarını arzulayır:

“Məşqçiliyə yeni başlamışam. Qadın cüdo klubunda azyaşlı qızlar məşq edirlər. Potensiallı uşaqlar var. İnanıram ki, Avropa və dünya çempionatlarında nəticə verən idmançılar yetişdirəcəyəm”.

Qasımovanın sözlərinə görə, idman dünyaya baxışını dəyişib:

“Cüdo ilə məşğul olmasaydım, bəlkə də, bir çox qadın kimi ailə qurub evdə oturardım. Amma idman mənə çox şey verib. Bütün dünyanı gəzmişəm. Heç vaxt idmançı olduğum üçün peşmanlıq hissi yaşamamışam, əksinə, Allaha şükür etmişəm. Uşaq vaxtı idmandan elə də başım çıxmırdı ki, hansısa növü seçim. Məcburi köçkünlük həyatı, yaşadığım problemlər məni döyüşkən etdi. Dediyim kimi, cüdoya gəlişim sırf təsadüf nəticəsində olub. Bəlkə də, evimizin yanındakı zalda başqa idmanla bağlı məşqlər keçirilsəydi, həmin növü seçərdim. Qismət belə imiş”.

O, əlamətdar günlərdə, eləcə də 8 Martda hədiyyə almağı da, verməyi də çox xoşlayır:

“Hərəsinin öz yeri var. İnsanları sevindirmək, onlara xoş təəssürat yaşatmaq məni xoşbəxt edir. İndiyədək elə də yaddaqalan hədiyyə almamışam. Çox istədiyim, dəyər verdiyim insanların diqqət və qayğısı mənim üçün daha önəmlidir. Odur ki, hədiyyənin fərqi yoxdur. Düşünüb nəsə edirlərsə, bu, mənim üçün böyük bir şeydir. Azərbaycan qadınları hər şeyin ən gözəlinə layiqdirlər. Onlara tək 8 Martda yox, hər zaman sevgi, diqqət və qayğı arzulayıram. Bizim qadınlarımız zəhmətkeş, əzmkardırlar. Hər birinə xoşbəxtlik diləyirəm”.

Milli Olimpiya Komitəsinin mətbuat xidmətinin rəhbəri, jurnalist və media mütəxəssisi olaraq bu sahədə çalışan Günay Malikqızı mediaya 17 yaşında reportyor kimi gəldiyini xatırladıb:

“Bilirsiniz ki, biz jurnalistlər hər sahədən məlumatlı insanlarıq. Bu, bizim peşənin ən maraqlı tərəfidir. Amma mənim idman keçmişim var. Jurnalistikaya gələndə “Ofsaydplus” verilişində reportyor kimi işə düzəldim. Həmin vaxt 17 yaşım var idi. Məktəbi bitirəndə müsabiqəyə qatıldım və uğurla keçib işə başladım. İlk müsahibim isə Aynur Sofiyeva olub. Heç vaxt unutmaram. İllər keçdikcə jurnalistikanın fərqli istiqamətlərində çalışdım. Daha sonra piar-menecer kimi fəaliyyətimi davam etdirdim. Milli Olimpiya Komitəsində işləmək imkanı yarananda isə bunu dəyərləndirdim. Azərbaycan idmanı haqqında danışmaq, idmançıların nailiyyətini bütün dünyaya çatdırmaq mənə maraqlı gəldi. Məhz buna görə hazırkı işimi seçdim. Qohum-əqrəbamın, hamının reaksiyası buna əla oldu. Çünki sevdiyim işlə məşğul oluram. Yenə yazıram, hansısa tədbirlərin təşkilində iştirak edirəm, media əhli ilə ünsiyyətdəyəm. Atam da Azərbaycan Dövlət Televiziyasında jurnalist idi. Bu mühitdə böyüdüyüm üçün seçimimə normal münasibət bəslədilər. Həyat yoldaşım da jurnalistdir”.

Tanınmış jurnalist bu sahədə onu ən çox narahat edən məsələlərdən də söz açıb:

“Əsas amillərdən biri Azərbaycanda idman mətbuatının daha çox futbol jurnalistikası kimi tanınmasıdır. Əslində, digər idman növlərindən də yazan, onları təbliğ edən dəyərli jurnalistlərimiz var. Çox istərdim ki, idman jurnalistikası daha çox inkişaf etsin, öz sözünü desin, media nümayəndələrimiz dünyada tanınan reportyorlardan olsunlar. Çünki bizim idmanımız belədir. Dünya ulduzları səviyyəsində idmançılarımız var. Bu cür jurnalistlərimizin də olmasını istərdim. Əslində, bu, narahatlıq yox, daha çox arzu-istəkdir. Eyni zamanda, idmançılarımız da öz üzərlərində işləsinlər. Xarici dil biliyi, sosial məsuliyyət çox vacibdir. Arzum budur ki, onlar tək idman arenasının deyil, həm də uşaqların, idmandan kənarda qalan gənclərin ulduzu olsunlar”.

G.Malikqızı qadınların idmanda az olmaları məsələsinə də toxunub:

“Çox istərdim ki, idmanda qadınların iştirakı çoxalsın. Çünki qızlarımız idmanla müəyyən yaşa qədər məşğul olurlar. Arzum budur ki, idman tək oğlanlarımızın yox, qızlarımızın da həyat tərzinə çevrilsin. Belə olanda idmanda qadınların azlığından şikayətlənməyəcəyik. Təəssüf ki, bu, hələ bizdə həyat tərzinə çevrilməyib, istədiyimiz kimi kütləviləşməyib. Valideynlər övladlarını erkən yaşlardan hansısa kurslara qoyur, müxtəlif sahələrə yönləndirirlər. Amma fiziki sağlamlığımızı qoruyacaq, gücümüzü artıracaq idmana o qədər də önəm vermirlər. Məsələn, mən uşaqlıqda idmanla məşğul olmağı çox istəyərdim. Bu, mənim şəxsi inkişafıma və karyerama daha yaxşı təsir edərdi. Yaxşı olardı ki, valideynlər uşaqlarını lap erkən yaşlardan idmana cəlb etsinlər. İdman dişimizi fırçalamaq, qidalanmaq qədər həyatımızın içində olmalıdır. O zaman qadınların idmanda az olması problemi yaşanmayacaq, fiziki inkişaf daha gözəl olacaq. Bu, hər cəhətdən bizə fayda verəcək”.

MOK rəsmisinin fikrincə, jurnalistikada olmasının ən böyük əhəmiyyəti sevdiyi sahədə çalışması və gözəl insanlarla tanış olmasıdır:

“Jurnalistikada heç bir gün digərinə bənzəmir. Hər gün yeni bir şey baş verir. Bu sahə mənə mənəvi rahatlıq verir, özümü yaxşı hiss edirəm. Mətbuat katibi olaraq idman sahəsindəyəmsə, yenə eyni şeyləri deyəcəyəm. İnsanlarla ünsiyyət, tarix yazan idmançılarla şəxsən tanış olmaq mənə xoş təsir bağışlayır. İdmanda olan insanları tanımaq maraqlıdır. Çünki onlar fərqlidirlər. Yarış vaxtı qələbəyə köklənən insanların kənarda necə sakit təbiətli olduğunu görürsən. Belə maraqlı müşahidələr baxımından da idman sahəsində olmağın xeyrini görürəm”.

İdmanda gender bərabərliyi məsələsindən də danışan G.Malikqızı bunun bütün dünyada həllini gözləyən başlıca problem olduğunu vurğulayıb:

“İlk növbədə düşüncə tərzi dəyişməlidir. İdman kütləviləşib həyat tərzimizə çevrildikcə, gender bərabərliyi təmin olunacaq. Bu sahədə işlər görülür. Azərbaycanda idmana, idmançıya böyük diqqət və qayğı var. Hərtərəfli idmançının yetişməsi üçün bütün imkanlar səfərbər olunub”.

“Neftçi TV”nin aparıcısı Xəyalə Şahlarlı idman jurnalistikasına gəlişinin səbəbini belə izah edib:

“Uşaqlıqdan idmana böyük həvəsim olub. Hər zaman bu sahədə olmaq istəmişəm. İdman jurnalisti olmağımın əsas səbəbi idmanı və futbolu sevməyim, məhz bu sahədə uğur qazanmaq istəyimdir. İdmanı hər zaman özümə doğma və yaxın hesab etmişəm. Müəyyən çətinliklərin olacağını bilirdim. Amma bu, məni idmandan uzaqlaşdırmadı, əksinə, ilhamlandırdı. Bir sıra həmkarlarım kimi, bu sahədə işə başlayanda ailə və ya digərləri tərəfindən müəyyən fikirlər oldu ki, idman qadın üçün deyil, bəlkə, başqa sahəni seçəsən? Bəzi təzyiqlər olsa da, idmana sevgimə görə qərarımdan dönmədim. Valideynlərim bunu biləndən sonra mənə dəstək olmağa başladılar. Sonadək dəstək verdikləri üçün ailə üzvlərimə təşəkkürümü bildirirəm”.

“CBC Sport”un keçmiş əməkdaşını da bu sahədə narahat edən ən başlıca məsələ gender bərabərsizliyidir. Amma Şahlarlı Azərbaycanda bu problemin elə də ciddi olmadığını etiraf edib:

“Düzdür, getdiyin tədbirlərdə kişi həmkarlarının çox, qadınların isə az olduğunu görmək səni narahat edir. Amma xüsusi qeyd edə biləcəyim çətinlik yoxdur. Bəlkə də, bu hallarla qarşılaşmamışam. Amma təcrübədən deyə bilərəm ki, xarici ölkələrdə yaşayan həmkarlarım bu sahənin çətinlikləri ilə bağlı müəyyən hallarla üzləşiblər. Misal üçün, hansısa idmançı xanımlara yox, məhz kişi jurnalistlərə müsahibə vermək istəyib. Bu isə ayrı-seçkiliyə səbəb olub.

Azərbaycanda isə vəziyyət fərqlidir. İdman mətbuatında gender bərabərsizliyi hiss etməmişəm. Əksinə, xanım jurnalistlərin çox böyük üstünlüyə malik olduğunun şahidi olmuşam. Hər zaman diqqət, qayğı və dəstək görmüşük. Burada hansısa bərabərsizlikdən söhbət gedə bilməz. Bəlkə də, bu, Azərbaycan cəmiyyətinə xas xüsusiyyətdir, xanımlara verilən dəyərlə bağlıdır. Əvvəlki dönəmlərlə müqayisədə indi idman jurnalistikasında xanımların sayının daha da artdığını görürəm. Əvvəllər bu, təəccüblə qarşılanırdısa, artıq adi hala çevrilib. Bu amil xanım jurnalist kimi mənə müsbət təsir göstərir. Stadionlarda, verilişlərdə xanımları görmək bizim kişilərdən heç də geri qalmadığımızı göstərir. Sayımızın daha da çox olmasını diləyirəm”.

Şahlarlının sözlərinə görə, idmanın içində olmaq, onu hiss etmək, bəzi idmançılarla yaxından ünsiyyət qurmaq onun üçün böyük üstünlüklərdən biridir:

“Ən əsası, bu, bəlkə də, bir çox xanımın kompleksini aradan qaldırıb. Bilmirəm, yaxşı xüsusiyyətdir, ya yox, artıq mənə qarşı cinsdən olan həmkarlarla işləmək daha rahatdır. Yəqin, artıq buna öyrəşdiyim üçün belədir. Bunu da müsbət məqamlardan biri kimi qeyd edə bilərəm”.

Teleaparıcı sonda bütün xanımları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara daha böyük uğurlarla yadda qalmalarını arzulayıb.

Azərbaycanın qadın cüdoçusu Gültac Məmmədova da idmana gəlişindən və bu sahədə üzləşdiyi çətinliklərdən söz açıb:

“Cüdoya 2008-ci ildə – doqquz yaşım olanda başlamışam. Buna qədər heç bir idman növündən anlayışım yox idi. Amma Elnur Məmmədlinin Pekin Olimpiadasında qızıl medal qazanmasını görəndən sonra cüdoya marağım yarandı və bu idman növü ilə məşğul olmaq qərarına gəldim. Ailədə hər kəs qərarımı normal qarşıladı. Cüdoda indiyə kimi heç bir problemlə üzləşməmişəm. İdman bizə güclü insan olmağı, çətinliklərin öhdəsindən təkbaşına gəlməyi öyrətdi. Dünyagörüşün, dost-tanışın çox olur. Bir az çətin sahədir, çünki zədələr, müxtəlif çətinliklər var. Həyatımda idmanın böyük rolu olub. Kimin xarakteri varsa, mübarizdirsə, qalib gəlir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir