İdman

“Qarabağ” – “Gent”: Qurbanovun sürprizləri, iflic olmuş rəqib – TƏHLİL

Sharing is caring!

“Qarabağ” daha bir vacib oyunda qələbə qazandı.

UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda Belçika təmsilçisi “Gent”lə üz-üzə gələn ağdamlılar minimal hesabla qazandıqları qələbə sayəsində növbəti raunda yüksəlmək yolunda inamlı addım atdılar.

Qış fasiləsində heyətində bir çox dəyişikliklər edən, üstəlik əsas qapıçısı Şahruddin Məhəmmədəliyevi zədə səbəbindən itirən “Qarabağ”ın bu matçda müəyyən çətinliklərlə üzləşəcəyi gözlənilən idi.

Qurban Qurbanovun sürprizləri

Qarşılaşmadan əvvəl hər kəsi düşündürən ən önəmli sual qapıda kimin dayanacağı idi. Ölkə çempionatının ikinci dövrəsinin ilk görüşündə – “Turan Tovuz”la matçda gürcü legioner Luka Quqeşaşvili forma geyinmişdisə, sonrakı iki oyunda “çərçivə” gənc Amin Ramazanova həvalə edilmişdi. Daha vacib və belə demək mümkündürsə, həyati əhəmiyyət daşıyan avrokubok matçında yenidən Quqeşaşvilinin meydana çıxması təəccübə səbəb oldu. Təsadüfi deyil ki, qarşılaşmadan sonrakı mətbuat konfransında “Gent”in baş məşqçisi Heyn Vanhazebruk həmkarının bu qərarının onun üçün sürpriz olduğunu bildirdi. Belçikalı mütəxəssis oyunöncəsi təhlillərinə əsasən qapıda Ramazanovu gözlədiklərini etiraf etdi.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun rəqibə hazırladığı sürpriz təkcə bundan ibarət deyildi. Belə ki, ağdamlılar sırf “Gent”lə oyun üçün uzun zamandır formalaşmış, ənənəvi oyun stilindən də imtina etmişdilər. Adətən, hücumlara qapıçı ilə başlayan, müdafiədən qısa paslarla tədricən rəqib yarımmeydançasına keçməyə çalışan “Qarabağ” bu dəfə daha çox uzun toplara üstünlük verirdi. İlk hissədə bütün, ikinci yarıda isə əksər hallarda qapıdan zərbələr birbaşa meydanın mərkəzinə doğru vurulurdu. Burada isə komandanın əsas tapşırığı “ikinci top” uğrunda mübarizədə qalib gəlib hücuma çıxmaq idi. Hadisələri qabaqlayaraq qeyd edim ki, oyundan sonra Qurban Qurbanov bəndənizin sualına cavab olaraq bildirdi ki, ənənəvi taktikalarından imtina etmələrinin səbəbi rəqibin aqressiv pressinqdən qaçmaq, topu mümkün qədər öz qapılarından uzaqda saxlamaq idi. İnsafən ilk hissədə müdafiə anlamında bu plan yaxşı işləsə də, hücum qurmaq baxımından müəyyən axsaqlıqlar nəzərə çarpırdı. Meydanın mərkəzində Marko Yankoviç, Leandro Andrade və Julio Romao “üçlüy”ü istər rəqib hücumlarının qarşısının alınması, istərsə də mərkəzdə çoxluq yaratmaq anlamında fəal nəzərə çarpsalar da, hücumun cinahları öz işinin öhdəsindən gəlməkdə çətinlik çəkirdi.

Ümumiyyətlə, matçın ən yaxşı oyunçusu kimi Marko Yankoviçi fərqləndirə bilərik. Monteneqrolu xavbek yeganə qolda assistent kimi çıxış etməklə yanaşı, hücumların qurulmasındakı fəallığı ilə fərqlənirdi. Təsadüfi deyil ki, UEFA-nın Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu adına dörd namizədindən biri də məhz “Qarabağ”ın yarımmüdafiəçisidir.

Qışda “Krasnodar”a satılan Kadinin yoxluğunda xüsusilə sağ cinahdan hücumların kəskinliyi istənilən kimi deyildi. Belə olan halda, əsasən, sol cinahdan hücumlar qurmağa çalışan “Qarabağ”da əsas iş Abdullah Zubirlə Elvin Cəfərquliyevin üzərinə düşürdü.

Amma matçın gedişatında Musa Qurbanlının yeni transfer Adama Diakabi ilə əvəzlənməsi, ikincinin sağ cinaha keçməsi fonunda Ramil Şeydayevin hücumun sivri ucuna yerləşməsi ilə “Qarabağ”ın hər iki qanadında balans yarandı. Artıq həm mərkəzdən, həm də sağlı-sollu cinahlardan hücuma çıxan ağdamlılar çox keçmədən özlərinə lazım olan qolu da vurdular, əlavə qol imkanları da qazandılar. Hərçənd, buna qədər Ramil Şeydayev penalti epizodundan fərqlənmək şansını boşa vermiş olsa da, ümumilikdə Qurban Qurbanovun oyuna müdaxiləsi qələbə üçün impuls yaratdı.

Cavab oyunu öncəsi vəziyyət

İlk oyundakı minimal hesablı qələbə turu keçmək adına önəmli nüans olsa da, mərhələnin taleyinin həll olunduğunu demək olmaz. Qarşıda Belçikada səfər oyunu var və “Gent” bütün gücü ilə, doğma azarkeş amilini də arxasına alaraq vəziyyəti öz xeyrinə dəyişməyə çalışacaq. Heyn Vanhazebruk ilk matçda qarşılaşdığı sürprizlərdən, təbii ki, nəticə çıxaracaq və bunlara qarşı müəyyən tədbirlər görəcək. Amma vurğulamaq lazımdır ki, hər halda “Qarabağ” da Belçikaya müdafiədə “yatıb”, hesabı qorumağa yollanmayacaq.

Qurban Qurbanov özü də dəfələrlə vurğulayıb, biz də şahidi olmuşuq ki, “hoca” qarşılaşdığı rəqibi videogörüntülərdən daha çox, meydanda qarşılaşdıqları ilk oyunda təhlil etməyi sevir. Dolayısı ilə, əgər vizual təhlillərə əsasən rəqibi çözüb, ona uyğun addımlar atıb, oyununu iflic etmək mümkün olubsa, ilk matçdan sonra ümumiyyətlə qarşı tərəfdə açılmamış sirr qalmamalıdır. İflic etmək deyəndə mübaliğəyə yol verdiyimizi düşünənlər üçün matçın statistik göstəricilərinə nəzər salmağı tövsiyə edirəm: “Gent” 90+8 dəqiqə ərzində “çərçivə”yə bir dəfə də dəqiq zərbə endirə bilməyib.

Yeni transferlərin komandaya adaptasiya prosesini, rəqibi tanımağı, daha rahat vəziyyətdə meydana çıxacağını nəzərə alaraq “Qarabağ”ın ikinci matçda da daha şanslı tərəf, mərhələni keçmək baxımından şansların ağdamlılardan yana olacağını düşünmək olar.

Yetər ki, hansısa həlledici məqamda fərdi səhvlərə yol verməsinlər.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir