İdman

AFFA-nın baş katibi: “Danışılmış oyunlarla bağlı yenidən siqnal almışıq” – MÜSAHİBƏ

Sharing is caring!

“Milli komandada sırf Azərbaycan futbolunun yetirmələri oynasın. Belə mühit gec-tez yaranmalıdır. Azərbaycanda böyümüş futbolçular millidə oynamalıdır”.

Bu sözləri Futbolpress.az saytına müsahibəsində AFFA-nın baş katibi Sərxan Hacıyev deyib.

Onunla müsahibəni təqdim edirik:

– Başlayaq ilin yekunları ilə…

– AFFA-nın yaranmasının 30 illiyidir. İlin əvvəlində belə qərara gəlmişdik ki, bu istiqamətdə müxtəlif silsilə tədbirlər həyata keçirək. Apreldən bu işə start verdik. Bir neçə tədbir keçirdik. Minifutbol turniri təşkil etdik. Yarışda könüllülər, veteranlar, AFFA komandaları var idi. Bundan başqa, KİV üçün Şamaxıya mediatur təşkil etdik. Növbəti tədbirimiz bir neçə həftə əvvəl keçirildi – AFFA ilə klublarda fəaliyyət göstərən veteranlar və əməkdaşlar arasında yoldaşlıq matçı keçirdik. Çox maraqlı oyun oldu, 5:5 hesabı ilə başa çatdı. Tamaşaçıların, azarkeşlərin həmin matçla bağlı xoş rəylərini gördük. Fikrimiz var ki, gələcəkdə belə oyunları yenə keçirək. Qarşılaşma “CBC Sport”da canlı yayımlanmışdı.
 
– Tədbirləri sadalayacaqsınız, icazənizlə burada bir haşiyə çıxım. Bu tip oyunlarda, adətən, futbolumuzun ən tanınmışları iştirak edirlər. Bu dəfə məsələn, Vəli Qasımov,  Samir Abasovu görsək də, maraqlıdır ki, Qurban Qurbanov, Rəşad Sadıqov yox idi…

– Qeyd etdiyim kimi, oyun 30 illik tədbirlər çərçivəsində keçirilirdi. Klubların hər birinə məktub göndərilmişdi. Orada nəzərdə tutulurdu ki, hər klubdan bir nəfər məşqçi heyətindən, bir nəfər də inzibati heyətdən komandada yer alsın. Qonaq kimi də hər bir Premyer Liqa klubunun həm rəhbəri, həm də baş məşqçisi dəvət olunmuşdu. Güman ki, işlə üst-üstə düşdüyü üçün gələ bilməyənlər olmuşdu.

“Sevindirici haldır ki, elitaya məhz region komandaları buraxıldılar”

– Başqa..?

– Planımızda bir tədbir də var. Dekabrın 29-da həm AFFA-nın 30 illiyinə, həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş tədbir keçirmək istəyirik. Buna qala gecə də deyə bilərik. Tədbirlə bağlı müəyyən təşkilati işlər həllini tapmaqdadır.

İlin yekunları barədə 30 illik tədbirlərlə bağlı danışmaqla başladım. Sırf idman tərəfindən baxsaq, bu il hər şeydən əvvəl Premyer Liqada komanda sayının artması ilə əlamətdar oldu. Uzun müddət sonra say 8-dən 10-a yüksəldildi. Sevindirici haldır ki, elitaya məhz region komandaları, futbol ənənələri olan bölgələrin təmsilçiləri – “Kəpəz” və “Turan Tovuz” buraxıldı. Mövsümün ilk yarısı başa çatdı. Onu deyə bilərik ki, hər iki komanda çempionatın keçirilməsinə öz töhfəsini verib. Demək olmaz ki, gəldilər və autsayder oldular. “Turan Tovuz”un Azərbaycan Kubokunda yarımfinala çıxdığını da qeyd etmək lazımdır. Baxmayaraq ki, uzun müddət Premyer Liqada çıxış etməyiblər. Digər tərəfdən, VAR sistemini qeyd etmək istərdim. Bu il VAR-ın tətbiqi də yaddaqalan oldu.
 
– Bu məsələyə toxunarıq. Bu il həm də Sərxan Hacıyev AFFA-da baş katib oldu…

– Öz tərəfimdən hər hansı istiqamətdə xüsusi nələrsə deyə bilmərəm. Sərxan Hacıyevin hansı rolu olduğunu qabartmaq istəməzdim. Burada hər bir sahənin öz cavabdehi var və əməkdaşlarımız əlindən gələni edirlər.

– İlk dövrlərdə sizi televiziya kanallarında görürdük, brifinqləriniz olurdu. Şamaxıdakı mediaturu özünüz də qeyd etdiniz. Ancaq son zamanlar elə də görünmürsünüz. Bu, nə ilə əlaqədardır?

– Bu sualı mən də sizə – KİV-ə verə bilərəm. İnanmıram ki, hər hansı televiziya, sayt, digər KİV hansısa faktla bağlı mənimlə əlaqə saxlamaq istəsin, mən bundan yayınım.

– Deməli, sizdən qaynaqlanan səbəb deyil…

– Xeyr. Heç bir zaman heç bir müraciət mən tərəfdən cavabsız qoyulmur.
 
– Bu il ardıcıl 5 qələbə ilə Azərbaycan millisi tarixi rekorda imza atdı. Təsadüfi sayanlar da var, zərurət hesab edənlər də. Siz necə analiz edərdiniz?

– Burada ilk növbədə baş məşqçi, komanda, inzibati heyətin kollektiv işini və ab-havanın yüksək səviyyəyə çatmasını qeyd etmək istərdim. Futbolçular, məşqçilər, inzibati heyətlə  ünsiyyətdə olanda oradakı ruh yüksəkliyi hiss olunur. Ab-hava göstərir ki, çox yaxşı atmosfer var. Düşünürəm ki, təsadüfi deyil.
 
– İntuisiyanız nə deyir, ardı gələ bilərmi?

– Hazırda bu suala cavab vermək çətindir.

– Niyə?

– Biz çox istəyirik ki, ardı gəlsin. Həm məşqçi, həm inzibati heyət, həm futbolçular üçün lazım olan şəraiti yaradırıq. Amma yenə müəyyən reallıqları nəzərə almalıyıq. Avropa çempionatının seçmə mərhələsində hansı qrupda yer aldığımız məlumdur.

– Şərait yaradılır, bəs nəticələrə niyə güvən yoxdur?

– Elə düşünmürəm. Komandamız Avstriya, İsveç, Belçika, Estoniyaya qarşı oynayanda qorxaqlıq, hər hansı çəkinmə hiss olunmamalıdır. Son nəticələr, komandanın ruh yüksəkliyi hər bir oyuna qələbə üçün çıxmağa zəmin yaradıb. Rəqibin böyüklüyündən, gücündən asılı olmayaraq, bunu daim bacarmalıyıq. Bunun üçün bir misal dünya çempionatında müşahidə etdiklərimizdir. Mundialda gördük ki, komandanın adı bir çox hallarda elə də böyük rol oynamır.

“Mükafatlarda hiss olunacaq dərəcədə azalma var”

– 5 qələbə mükafatların azalması və ya olmaması ilə eyni vaxta təsadüf etdi. Bu söhbətlər nə dərəcədə realdır?

– İlk növbədə onu qeyd edim ki, bu günə qədər AFFA mükafatların məbləğini heç vaxt açıqlamayıb. Etik normaları nəzərə alaraq, belə addım atırıq. Bu barədə məlumatlar futbolçulardan və ya digər mənbələrdən əldə edilə bilər.
 
– Bəli, rəsmən heç vaxt açıqlanmır, ancaq daim mətbuatda hansısa rəqəmlər yazılır, belə olanda gizli qalmasında bir məntiq qalırmı?

– Xeyr, gizli qalmasına çalışmırıq. Suala cavabım var. Bəli, mükafat məsələlərində azalmalar olub. Hətta qeyd edərdim ki, azalma hiss olunacaq qədərdir.
 
– Səbəb nədir?

– Bu günün reallığı və tələbi ilə belə qərara gəlindi ki, mükafatlara yenidən baxılsın. Məbləğlər hiss olunacaq dərəcədə aşağı enib.
 
– Bu qərar haradan gəldi; AFFA-dan, yoxsa əsas maliyyə mənbəyi olan SOCAR-dan?

– Bu, əsasən, AFFA rəhbərliyindən olan təşəbbüs idi.
 
– Əks-effekt verməz ki?

– Hər halda, bu gün üçün hiss olunmur. Bu, milli komandadır. Hər birimiz məsuliyyətini, mənəvi dəyərini anlamalıyıq. Burada “milli” sözü var. Qeyd olunan məsələ hər zaman “milli” sözünün kölgəsində olmalıdır.
 
– Canni De Byazi ilə müqavilə 3-cü dəfə artırıldı. Narazılıqlar çoxdur. Əsas səbəb nə idi?

– Baş məşqçi ilə müqavilə imzalanması, artırılması tam olaraq İcraiyyə Komitəsinin (İK) səlahiyyətindədir.
 
– Bunu deyəcəyinizi dəqiq bilirdim, İcraiyyə Komitəsi işin rəsmi formatıdır, gəlin, müqavilənin artırılmasını əsaslandıraq…

– Təxmini deyə bilərəm ki, müzakirələrdə əsas məqamlardan biri son nəticələr və pozitiv dinamika idi. Bunlar nəzərə alındı. Çünki hazırda komandada yaranmış ruh yüksəkliyi və oyunlarda müşahidə olunan pozitiv dinamika, qazanılan qələbələr – qələbə qazanmaqdan qələbə qazanmağa da fərq var, sırf oyun göstərərək qalib gəlmək daha böyük effekt verir – nəzərə alınaraq belə qərara gəlindi ki, hazırda daha məqsədəuyğun addım De Byazi ilə davam etməkdir. Bir neçə ay sonra yeni dövr başlayır. İndiki dövrdə dəyişiklik etmək məqsədəuyğun olmazdı. Komandamız Millətlər Liqasında qrup 2-cisi oldu. Hər yarışdan öncə reallığı nəzərə alaraq, ən yüksək yer uğrunda yarışmağı düşünürük. 2-ci pillə ilə nəzəri olaraq, Millətlər Liqasında pley-off şansımız qalır. Bu şans nəzəridir. Orada müəyyən komandalar Avropa çempionatının seçmə mərhələsində müəyyən nəticələr əldə etməlidir ki, yığmamız pley-offda çıxış etsin. Bu, elə də real görünmür. Amma nəzəri olaraq şans var. Bu məsələləri nəzərə alaraq, İcraiyyə Komitəsində müzakirələr aparıldı və yekun qərar De Byazinin qalması ilə bağlı oldu.

“Yerli çalışdırıcılar gələcəkdə yığmada yaxşı nəticələr əldə edə bilərlər”

– Eşitmişəm ki, siz daha çox yerli mütəxəssis tərəfdarısınız…

– İstənilən halda, belə düşünürəm ki, müəyyən vaxt gəldikdə yerli məşqçilər millinin başında dayanmalıdır.

– Qurban Qurbanov barədə çox danışılıb. Hazırda bir neçə yerli gənc mütəxəssisin adı çəkilir. Ən çox da Rəşad Sadıqovun… Onun gələcək namizədliyi nə dərəcədə real görünür?

– Yenə qeyd edim ki, bu məsələdə yekun qərarı İcraiyyə Komitəsi verir. Əlbəttə, Qurban Qurbanov faktoru danılmazdır. Bir neçə digər yerli mütəxəssisimiz də var ki, gələcəkdə millinin baş məşqçisi ola bilər. Düşünürəm ki, ağlımda olan yerli çalışdırıcılar gələcəkdə yığmada yaxşı nəticələr əldə edə bilərlər. Bu gün üçün qeyd etdiyim səbəbləri nəzərə alaraq, De Byazi ilə davam etmək daha məqsədəuyğun oldu. Milli komandanın baş məşqçisi postuna kifayət qədər yerli gənc mütəxəssis namizəd yetişib – Rəşad Sadıqov da o sıradan.
 
– İcraçı vitse-prezident postu hələ də boşdur. Bunun səbəbi nədir?

– İcraçı vitse-prezident məsələsi AFFA-nın növbəti Konfransında gündəmə gətiriləcək. Bu, o demək deyil ki, hazırda hansısa namizəd var. Yaxud o vəzifə ilə bağlı hansı addımların atılacağı bəlli deyil. İcraçı vitse-prezident vəzifəsi Konfransda və İcraiyyə Komitəsinin iclasında müzakirə olunmuş və yaradılmışdı.

– Bunun belə maraq doğurması vəzifənin yaradılmasından sonra Elxan Məmmədovun ora seçilməsi və FIFA-ya gedəndən sonra postun hələ də boş qalması ilə bağlıdır. Ümumiyyətlə, ləğv olunma ehtimalı varmı?

– Çox qabağa qaçmaq istəməzdim. Hər bir ehtimal ola bilər. Hazırda konkret bir şey demək çox çətindir.
 
– İcraiyyə Komitəsinin tərkibi tez-tez müzakirə olunur. Məsələn, Zaur Axundov futzalda qalsa da, futboldan uzaqlaşıb. Elmar Məmmədyarov artıq xarici işlər naziri deyil. Bu tərkibə yenidən baxmaq kimi hüquqi vəziyyət varmı?

– Bu məsələyə AFFA-nın Hesabat-Seçki Konfransında baxıla bilər. Hər 4 ildən bir İcraiyyə Komitəsinə seçkilər keçirilir. Ora seçkilərdə digər namizədlər olduğu təqdirdə, dəyişiklik ola bilər.

– Namizədlər varmı?

– Əslində, üzümüzə gələn yox, sonrakı ildə Hesabat-Seçki Konfransı olacaq (2024-cü il – red.). Təcrübəyə əsasən belə düşünürəm ki, bu məsələ gələn ilin oktyabr-noyabr aylarında aktivləşəcək.
 
– AFFA Klublar Komitəsinin (KK) sədri Fariz Nəcəfov saytımıza müsahibəsində bildirmişdi ki, təkliflərimizin daha çox nəzərə alınmasını istəyirik. O qurum nə dərəcədə effektivdir?

– Son zamanlar qurumun effektivliyi artıb. İclaslarında özüm də oluram, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov da iştirak edir. Klubların ciddi yanaşdığı hiss olunur. Çünki birbaşa rəhbər səviyyəsində iştirak edirlər. Bu, sevindirici haldır. Klublar Komitəsi tərəfindən belə bir xahiş olub. Hətta o da xahiş edilib ki, KK-nın bir nümayəndəsi gələcəkdə İcraiyyə Komitəsində təmsil olunsun. Yaxud, ən azından İK iclaslarında iştirak etsin, KK-nın qaldırdığı məsələlər birbaşa onun tərəfindən Komitəyə çatdırılsın. İK-ya üzv məsələsi seçki ilədir. Seçkidən öncə hər bir klub namizədini irəli sürə bilər. Klublar AFFA-nın dolayı üzvləridir. Buna görə də onların belə hüququ var. Komitənin hər hansı nümayəndəsinin iştirakına Konfransda baxıla bilər. KK-nın son iclaslarında aktiv müzakirələr olub. AFFA və PFL öz üzərlərinə düşən paya uyğun olaraq maksimum yardımçı olmağa, suallarını cavablandırmağa çalışırlar.
 
– Bu il limit çox müzakirə olundu. Öncə əvvəlki sistem saxlandı, qısa müddət sonra dəyişiklik edildi. Bu, nə ilə bağlı idi?

– İlk qərardan sonra klubların xahişinə əsasən məsələyə yenidən baxmaq lazım oldu. Klublar Komitəsində də məsələ sıx müzakirə olundu və təkliflər AFFA rəhbərliyinin, İcraiyyə Komitəsinin diqqətinə çatdırıldı. Məsələ 1 ay müddət ərzində daha detallı müzakirə edildi. Belə qərara gəlindi ki, klublar üçün bu şərait yaradılsın, mövsümboyu dinamika izlənilsin. Pozitiv, yoxsa neqativ təsirləri barədə indi danışmaq bir qədər çətindir. Çünki hələ çempionatın yarısındayıq. İkinci yarıda nələr baş verəcəyinə baxacağıq. Mövsümün sonunda mövcud format yenidən müzakirə ediləcək.
 
– Klublar Komitəsi də bu müzakirələrdə olacaq?

– Qeyd etdiyim kimi, KK bu məsələdə də çox aktiv iştirak edib. Onların rəyi nəzərə alınmışdı. Yenə də birgə müzakirə ediləcək.
 
“Qurban Qurbanovla ünsiyyətimiz var və kifayət qədər normaldır”

– Qurban Qurbanov bir dəfə demişdi ki, mən futbolumuz barədə fikir bildirirəm, ancaq qulaq asılmır…

– Sırf legioner limiti məsələsiylə bağlı danışırıqsa, ilk qərar olandan sonra KK-da məsələ qaldırıldı. Qurban müəllimin qeydi də nəzərə alındı. Digər rəylər də var idi. Demək olar, bütün klublar bu formulu – 7+4 sistemini xahiş edirdilər. İstək sayı çox olduğuna görə belə qərara gəlindi ki, qərar dəyişdirilsin.
 
– Qurban müəllimlə kommunikasiyanız varmı?

– Hər bir məşqçi, komanda ilə ünsiyyətimiz var. Bəli, əlbəttə, Qurban müəllimlə də kommunikasiyamız var. Qurban Qurbanovla ünsiyyətimiz kifayət qədər normaldır, məsləhətləri bizimçün mühümdür. Həm Qurban müəllim, həm digər məşqçilərlə ünsiyyətdəyik.

– Bəzi klublarda olsa da, bəzilərində hələ də Müşahidə Şurası (MŞ) yoxdur. Son olaraq “Zirə”də yaradıldı. Amma “Qarabağ”, “Şamaxı”, “Qəbələ”də hələ də yoxdur. MŞ məcburi deyil, amma uzun illərdir tətbiq edilir. Bu ideya faydalı oldumu? Faydalıdırsa, niyə bütün klublar tətbiq etmir?

– Bu məsələ tövsiyə xarakterlidir. Klublar qarşısında bununla bağlı tələb qoyulmayıb. Lisenziyalaşdırma qaydalarında bu barədə qeyd yoxdur. Sonda bu məsələ klubun daxili məsələsidir. Klub özü qərar verə bilər ki, faydalıdır, ya yox. Bizim tərəfimizdən hər hansısa tələb yoxdur.

– İlk dönəmlərdə sanki məcburi idi…

– Qeyd etdiyim kimi, lisenziyalaşma şərtlərində bununla bağlı müddəa yoxdur. Deməli, məcburi deyil, tövsiyə xarakterlidir. Hansı klub istəyər, MŞ yaradar, istəməyən də sərbəstdir.

“2023-cü ildə dəyişikliklərin olacağı ab-havası hiss edilmir”

– Son olaraq “Neftçi”nin Müşahidə Şurasında ciddi dəyişiklik baş verdi. Kuluarlarda belə söhbətlər dolaşır ki, ənənəyə söykənsək, “Neftçi”dəki bu dəyişiklik AFFA rəhbərliyindəki gələcək dəyişikliyə hazırlıqdır…

– Sırf AFFA prezidentliyi məsələsinə gəldikdə, istiqamət yenə eyni olacaq. Necə ki İK üzvlərinin, eləcə də AFFA prezidentinin seçkiləri eyni vaxtda keçirilir. Bu da 2024-cü ildə olacaq. Nizamnaməyə uyğun olaraq, namizədlər öz proqramını təqdim etməklə seçkilərdə iştirak edə bilər.

– Hüquqi tərəfləri belədir. Amma son zamanlar fikir veririk ki, ani dəyişikliklər olur. Ramin Musayev anidən PFL prezidenti postundan getdi və s. Bu tendensiyanı, söz-söhbətləri nəzərə alsaq, gələn il köklü dəyişikliklərin ola biləcəyi haqda deyilənlərin əsassız yaramadığını düşünmək olur…

– Açığı, hazırda AFFA-da 2023-cü ildə dəyişikliklərin olması ab-havası hiss olunmur.
 
– “Misli” Azərbaycan Premyer Liqasının sponsoru oldu. Amma müqavilənin detalları bəlli deyil. Siz bilirsinizmi, müqavilə neçə illikdir, məbləğ nə qədərdir?

– Bu sualları PFL özü cavablasa, daha yaxşı olar. Çünki həmin müqavilə birbaşa olaraq, PFL prezidenti və “Misli” arasında bağlanıb.
 
– Bu haqda təqdimat olmayıb. İmkan yaransa, PFL prezidentindən soruşaram. Klublara 3 milyon manat ayrılır. Bunun artırılıb, 5 milyon ediləcəyi də deyilir…

– 3 milyon manat bu ildən etibarən ayrılmağa başladı. I Divizion və hətta Region Liqasına da müəyyən dəstək var. İlk növbədə bu, təsdiqləndiyinə görə dövlətimizə minnətdarlığımızı bildirməliyik. Premyer Liqa üçün 3 milyondur, lakin maliyyə yardımı digər liqaları da əhatə edir. Artırılacağı ilə bağlı xəbərlər həqiqəti əks etdirmir.
 
– Maliyyəni təyinatı üzrə xərcləməyən klubların olduğu deyilir. Prosesə nəzarət mexanizmi varmı, varsa, hansı həddədir?

– Nəzarət sistemi çox ciddidir. 6 üzvdən ibarət Təftiş Komitəsi var. Onlardan ikisi AFFA-nın mühasibatlıq şöbəsindəndir. Digər 4 nəfər AFFA-nın strukturuna daxil olmayan şəxslərdir və kifayət qədər nüfuzlu qurumların nümayəndələridir.
 
– Tərkibi açıqlayardınız…

– İqtisadiyyat Nazirliyinin, SOCAR-ın, Hesablama Palatasının nümayəndəsi və özəl auditor var. Tərkib İK-da təsdiqlənib və kifayət qədər nüfuzludur. Təftiş Komitəsinin ayda bir neçə iclası keçirilir. Klubların qarşısına kriteriyalar qoyulub. Müəyyən məbləğlərin xərc istiqamətləri var. İnfrastruktur, uşaq futbolu və s.
 
– Ən çox uşaq futbolu ilə bağlı narazılıqlar var ki, çoxu doğru xərcləmir…

– Doğru xərcləmir deməzdim, müəyyən çatışmazlıqlar olur.

“Klublara maliyyənin köçürülməməsi yoxdur, lakin müəyyən gecikmə olub”

– Çatışmazlıqlara qarşı hansı addımlar nəzərdə tutulur?

– Çatışmazlıqlara qarşı addım pulun köçürülməməsidir. O məbləğ aylıq verilir. Birbaşa 3 milyon köçürülmür.
 
– Köçürülməmə halı olub?

– Köçürülməmə yoxdur. Lakin müəyyən gecikmə olub. Məsələn, sənəd təqdim edilib. Ancaq çatışmazlıq olduğu üçün kluba geri qaytarılıb. Onlar aradan qaldırıldıqdan məbləğ sonra köçürülüb.

– Köçürülməmə halları mümkündür…

– Bəli, mümkündür ki, olsun. Əgər hər hansı klub yerinə yetirməsə, ola bilər. Kriteriyalardan biri infrastrukturdur. Hansısa klub deyə bilər ki, infrastruktur üçün heç nə etməyəcəyəm. Bu halda həmin istiqamət üzrə nəzərdə tutulan vəsait köçürülməyəcək.
 
– Klublar bu qədər səmimi ola bilərlər? Belə hal yaşanıb?

– İş ondadır ki, bu məsələ cəmi 5 aydır, gündəmdədir. Amma ehtimal edirəm ki, bəlkə də ola bilər.

– Süni və təbii ot örtüyü çox müzakirə olunur. Tovuz və Bayıl meydançaları ilə bağlı narazılıq var. Hansısa addımlar atıla bilərmi?

– Həm Tovuz, həm Bayıldakı stadionlarda süni örtüklər eyni keyfiyyətdədir. Hər ikisi də yeni quraşdırılıb, bu ilin iyununda. Müəyyən narazılıqlar var. Biz də görürük ki, oyunlardan sonra bəzi komandalar rəy bildirirlər. Bu gün üçün təbii örtüyə keçmə məsələsi gündəmdə deyil.

“Gəncədə stadion probleminin tez həll olunması mümkün görünmür”

– Gəncə stadionu Gənclər və İdman Nazirliyinin balansındadır. Bir müddət öncə AFFA ilə nazirlik arasında müzakirələrin olduğu ilə bağlı xəbərlər var idi. Bu məsələ nə yerdədir?

– Həmin stadion hazırda elə də yaxşı vəziyyətdə deyil. Özüm də orada olmuşam. Stadionun yanında AFFA tərəfindən baza inşa olunur. Arenanın özü isə yaxşı vəziyyətdə deyil. Gənclər və İdman Nazirliyi ilə danışıqlar olub. Hazırda da danışıqlar gedir. Orada hüquqi məsələlər var. Ərazi nazirliyin ərazisidir. Bu gün üçün məsələ həllini tapmayıb. Gəncədə stadion probleminin tez həll olunması mümkün görünmür.
 
– Deməli, rahat məsələyə oxşamır…

– Bəli. Qarışıq deməzdim, hələ ki, həlli tapılmayan məsələdir.
 
– Bir az tezləşməsi üçün başqa bir variant nəzərdən keçirilirmi?

– Hələ nəzərdən keçirilmir.

“VAR sistemi özünü doğruldub”
 
– VAR sistemi irəli addım idi. Bunun tətbiqini necə dəyərləndirərdiz?

– VAR-la bağlı şəxsi fikrimi bölüşmək istərdim. İstənilən fikrim subyektiv olacaq. Meydançada VAR-ın nəticəsini görən klublardır, əsas onların fikridir. Subyektiv fikrim odur ki, bu gün VAR özünü doğruldub. Bir çox hallarda VAR-ın müdaxiləsindən sonra oyunların nəticəsi dəyişib. Hər hansısa nəticəyə təsir edən səhvlər olurdu, VAR-ın müdaxiləsindən sonra qərar dəyişdirilib. Deməli, lazımlı, faydalıdır. Bəli, bəzi çatışmazlıqlar da var.
 
– Daha çox vaxtın uzadılması narazılığa səbəb olur…

– Mövsümün əvvəlində daha çox belə məqamlarla rastlaşırdıq. Bəzən 7-10 dəqiqə artırılırdı. Getdikcə bu, azalır. Amma onu da qeyd edək ki, dünya çempionatında eyni məqam müşahidə olunur. Bizdə 6-10 dəqiqə əlavə olanda futbol ictimaiyyətində, hətta AFFA-nın daxilində danışılırdı ki, bir matçın vaxtını necə bu qədər artırmaq olar. Ancaq biz dünya çempionatında belə halla rastlaşdıq, bir çox oyunlarda uzun müddət artırılırdı.
 
– Dünya çempionatında pilot layihə kimi həyata keçirilirdi. Orada xronometraj hakimi də var idi…

– Bəli. Bunu qeyd etmək istəyirdim. Bizdə o hakim yoxdur. Amma artırılan vaxt get-gedə azalır. Bunu problem kimi qeyd etmək istəməzdim. Bəzi oyunlarda texniki problemlər olub. Bu da düzəldilə bilən məsələdir. Elə çempionatlar var ki, bəzi oyunlarda VAR istifadə olunur, bəzilərində yox. Bizdə şükürlər olsun, bütün oyunlarda tətbiq edilib. Bir oyunda texniki problemə görə baş tutmamışdı. Fikrim odur ki, özünü doğruldur.

“Premyer Liqada sonuncu olan klub I Diviziona düşəcək – bu, konkretdir”

– Premyer Liqada sonuncu yeri tutacaq komandanın I Diviziona düşəcəyi ilə bağlı məlumatlar var. Bu, konkretdirmi?

– Bu, konkretdir. Bu mövsüm sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək. Əgər öncəki illərdə son sıralarda gedən komandalar arasında elə də sərt mübarizə getmirdisə, rahatlıq var idisə, belə olmayacaq. Mövsümün sonunda daha sərt mübarizə olacaq. Bir komanda düşməlidir. I Diviziondan bir komanda yüksəlməlidir. Aşağı liqa ilə bağlı isə yenidən lisenziyalaşdırma məsələsi gündəmə gələcək.
 
– Əvvəllər lisenziyalaşdırmada problemlər olub. Yenə də bu haqda məlumatlar var. Ola bilərmi ki, gələn olmasın və PL-dəki bu tərkib qalsın?

– Buna yenidən İcraiyyə Komitəsi baxacaq. Gələ bilməmək məsələsi inandırıcı görünmür. Bu ildən I Diviziona da maddi yardım var.
 
– Təki belə olsun, ancaq mövsümə iddialı girən “Araz Naxçıvan”da indi problemlərin olduğu deyilir və bu, qayğı yaradır…

– Naxçıvan Futbol federasiyasının nümayəndəsi Sakit Rzayevlə görüşmüşdüm. Ümumi ab-hava belədir ki, “Araz Naxçıvan” öz çıxışını davam etdirir. Çempionatda iştirakı ilə bağlı problem yoxdur.
 
– Bəs lisenziya tələbləri?

– Klublar sənədlərini təqdim edirlər, proses davam edir, “Araz Naxçıvan” da sənədlərini verməkdədir. Sonda maliyyə ilə bağlı müəyyən əsas sənədlər var. Onları hansı klubun düzgün verməsi önəmlidir. Qeyd etdiyim kimi, Birinci Diviziona da maddi yardım var.
 
– PFL rəhbərliyindəki dəyişikliklər barədə danışaqmı?

– PFL-dəki dəyişikliklər PFL-ə aiddir.
 
– Amma AFFA-nın üzvüdür. Sizinlə müzakirələrdə yeni ideyalar olub?

– Elxan Səmədov kreativ şəxsdir. Münasibətimiz yaxşıdır. Bir çox məsələlərdə birgə müzakirələr aparmışıq. Müxtəlif görüşlərimiz olub. İdeyalar var. Lakin özü səsləndirsə, daha yaxşı olar.
 
– Keçmiş PFL prezidenti deyərdi ki, inşallah, Qarabağda futbol klubları yaradılar. Bu istiqamətdə yeniliklər varmı?

– Hazırda o məsələ müzakirə olunmur. Amma Region Liqasında “Cəbrayıl”, “Füzuli” kimi komandalar var.
 
– AFFA-nın yaxın və uzaq gələcək üçün strateji planları nədir?

– Əsas məsələ yaradılmış müəyyən turnirlər, uşaq-gənclər arasında liqalar, Region Liqası kimi yarışların davamiyyətini təşkil etməkdir.

“Uşaq futbolu ilə bağlı müəyyən ideyalarımız var”

– Bir dönəm var idi, Azərbaycanda alman modelinin tətbiq edildiyi deyilirdi. Sonra ispan modeli çağırışları oldu. Dünya çempionatında bəzi komandalara fikir verdik ki, bir proqram tətbiq edirlər…

– Almaniyanı qeyd etdiniz. Müəyyən müddətdə Almaniya Futbol Federasiyası ilə memorandumumuz olmuşdu. Onlar tərəfindən keçirilən layihələr faydalı oldu. Hazırkı Elit Məşqi də onlardan mənimsəmişik. Uşaq futbolu ilə bağlı müəyyən ideyalarımız var. İndi detallı olaraq açıqlamaq istəmirəm.
 
– Lippert və Adam dövrü var idi. Sonradan serb Velebit gəldi və Elit Məşq proqramı yaradıldı. O getsə də, bu layihə davam edir.

– Davam edir. Lakin artıq belə bir məqam gəldi ki, düşündük ki, yerli mütəxəssislərlə davam etdirilsə, daha məqsədəuyğun olar. Məşqçi kursları öz ciddi töhfəsini verir. Bu gün üçün belə hesab edirik ki, yerli mütəxəssislərlə davam etmək daha düzgündür. Bütün aşağı yaş qrupu məşqçilərimiz yerlidir.
 
– U-21 yığmasında Milan Obradoviçi Samir Əliyev əvəzlədi. Bu komanda əsas millinin yaxın gələcəyi deməkdir. Amma bu yaxınlarda İsveçə böyük hesabla (1:8) məğlub oldu. Gələcəyimiz pisdirmi?

– Həmin məğlubiyyəti gələcəyin pis olması kimi qələmə verməzdim. İsveçdən öncə komanda Macarıstanla qarşılaşmışdı. Hər iki oyunda ağır rəqiblər seçilmişdi. Belə rəqiblərin seçilməsi baş məşqçinin istəyi əsasında olmuşdu. O, oyunçularını ağır komandalara qarşı yoxlamaq istəyirdi. Çünki Samir müəllimin baş məşqçisi kimi ilk oyunları idi. Daha əvvəl Moldovaya qarşı komandanı sınaqdan çıxarmışdı. Macarıstan və İsveç ağır rəqiblər idi. Daha zəif komandalar da ola bilərdi. Sadəcə, seçim belə olmuşdu.
 
– Uşaq liqalarında təxirəsalmalar çoxdur. Buna qarşı nə etmək olar? Meydançalarla bağlı da narazılıqlar var…

– Təəssüf ki, belə məqamlar olur. Əvvəllər də olub. Müəyyən komandalar çempionatdan yarımçıq da çıxıb. Açığı, bu, yarışa çox pis təsir edib. Bu il də bir neçə belə hal müşahidə edirik. Çalışırıq ki, bunların qarşısını almaq üçün necəsə kömək edək. Amma bir çox hallarda birbaşa təsir edə bilmirik. Uşaqların yaş məsələsi var. Komanda yığıla bilmədi, valideyn uşağa getməyə imkan vermədisə, bunlara birbaşa təsir edə bilmirik. Çalışırıq, ayrıca müzakirələr aparaq. Sanksiya çıxış yolu deyil. Çalışırıq ki, necəsə qarşısını alaq.
 
– Bəs meydança məsələsi?

– İnfrastrukturla bağlı müəyyən çatışmazlıqlar var. Bu istiqamətdə layihələr fikirləşirik. Müəyyən məqamlarda UEFA və FIFA-nın dəstəkləri olub.
 
– Uşaq futbolu ilə bağlı kadr dəyişikliklərinə ehtiyac varmı?

– Uşaq futbolu AFFA-nın texniki şöbəsinin nəzdindədir. Bunun rəhbəri də Cahangir Həsənzadədir. Liqaların keçirilməsi şöbəsi var. Amma o da keyfiyyətə cavabdeh deyil. Hazırda texniki şöbədə dəyişiklik gözlənilmir.
 
– AFFA yanında Media Komitəsi var idi. Onun rəsmi taleyi necə oldu?

– Komitə ilə bağlı məsələ aktiv deyil. Yəni artıq rəsmən yoxdur.
 
– Mətbuatla bağlı maraqlı layihələrinizin olacağını demişdiniz. O formatda bir layihə gözlənilirmi?

– Hazırda müzakirə olunmur. Gələcəkdə oxşar layihənin olması danışıla bilər. Gündəmə gətirilsə, biz də faydalı olduğunu düşünsək, niyə də olmasın?! Bütün çağırışlara, yeniliklərə açığıq. Əlbəttə, reallıqlar nəzərə alınmalıdır. İstənilən belə layihənin maliyyəsi, büdcəsi olmalıdır. Əsas odur, faydalı olsun.
 
– Şəxsən mənim fikrimcə, 21 yaş limitinin ləğv olunması müsbət addımdır. Qərar veriləndən sonra nə dərəcə təsirlər oldu? Cari təhlillər nəyi göstərir?

– İlk yarım ilə kimi bir problem müşahidə etmirik. Neqativ hal nəzərə çarpmayıb. Aidiyyəti texniki həmkarlarımız tərəfindən mövsümün sonundan təhlillər aparılacaq, həmçinin millinin baş məşqçiləri – U-21, əsas yığmanın çalışdırıcılarının rəyi əsasında nə qədər doğru addım olduğunu başa düşəcəyik. Bu gün üçün hansısa bir klub tərəfindən neqativ fikir qeydə alınmayıb.

“Məşqçilər Komitəsinin ləğv olunması gündəmdə deyil”

– Məşqçilər Komitəsindən danışaq… Bəzən çox görünürlər, bəzən də ümumiyyətlə görünmürlər. Son vaxtlar soruşsaq, futbolu yaxından izləyənlər belə, tam tərkibini saya bilməyəcəklər. Komitə nə dərəcə faydalıdır və hansısa addımlar gözlənilirmi?

– Məşqçilər Komitəsi tövsiyə xarakterli iş aparır. Müxtəlif sahələrdə öz fikirlərini bildirirlər. Baş katib olaraq onu deyə bilərəm ki, tez-tez görüşlərimiz olur. Bu yaxınlarda baş məşqçinin köməkçisi məsələsi gündəmdə idi və bu müzakirələrdə Məşqçilər Komitəsi aktiv şəkildə tövsiyələrini verirdi.
 
– Bəzən deyirlər ki, fikirlərimiz eşidilmir. Ağasəlim Mircavadovun belə bir açıqlaması var idi.

– Bəlkə də, elə düşünürlər. Amma sonra müəyyən qərarlar aidiyyəti şöbə və ya məşqçi tərəfindən verilir. Məşqçilər Komitəsi bu gün Canni De Byaziyə tövsiyələrini verirlər.
 
– Qurum olaraq faydalıdırmı?

– Bəli.
 
–  Davam edəcək, ya yox?

–  Bəli, davam edəcək. Məşqçilər Komitəsinin ləğv olunması gündəmdə deyil.
 
“Dövlət adamlarının futbola dəstəyi hiss olunur”

–  Bir ara Azərbaycan futboluna “oliqarxlar” axını oldu. Çox imkanlı klublar yarandı və sonra bu era bitdi. İndi tamam başqa fəlsəfə davam edir. Oyunlarda daha çox dövlət adamlarını görürük. Tribunalarda icra başçıları yer alır. Bu, dövlətin futbola daha çox yaxınlaşması, yeni format deməkdir, yoxsa sadəcə azarkeş qismində izləyirlər? Yəni, fəlsəfə və format dəyişikliyi gedirmi?

– Azarkeş qismində qələmə verməzdim. Həqiqətən də, dəstək hiss olunur. Şamaxı, Gəncə, Tovuz icra hakimiyyətləri ilə görüşümüz olub. Onlar da müəyyən məsələlərdə tövsiyələrimizi, rəylərimizi soruşurlar. Bu məsələ sevindirici haldır. Digər regionlarda da xahiş edərdik ki, icra hakimiyyəti yerli komandalarla sıx əməkdaşlıq etsin.

– Barış Şimşek Hakimlər Komitəsinin sədri təyin olundu. Niyə əvvəlki sədr Frits Ştuxlik böyük iddia ilə gətirildi, lakin sonra göndərildi?

– Ştuxlikin gördüyü işə kölgə gətirmək istəməzdim. VAR sisteminin ilkin addımlarının tətbiqi onun tərəfindən başlandı. Bitməsi isə Şimşekin fəaliyyət dövrünə düşdü. Ştuxlik tərəfindən müəyyən işlər aparıldı, addımlar atıldı. Yeni simalar Ştuxlikin dövrüdən hakimliyə cəlb olundular.
 
– Xəqani Məmmədov deyirdi ki, mənim yetirməm olan, Azərbaycan hakimliyində irəli getmiş Əliyar Ağayevə qısqanc yanaşırdı. Bu haqda nə deyə bilərsiniz?

– Qısqanc deməzdim. Yenə də, istənilən qərarlar veriləndə bu, sırf həmin Hakimlər Komitəsinin sədrinin daxili düşüncələrinə görə verilmiş qərarlar idi.
 
– Subyektiv qərar idi?

– Sonda özü qərar verirdi.
 
– Əliyar Ağayev kimi irəli gedə biləcək bir yetirməsi oldumu? Ağayev nə qədər irəli gedə bilər?

– Əliyarın son Çempionlar Liqası oyununa təyinat alması göstərdi ki, hələ də qabağa gedə bilər. Yaşı da icazə verir. Çempionlar Liqasında qrup oyununu bizim hakimimizin idarə etməsi digər referilərimizə də qapılar açır.

– Niyə Barış Şimşek?

– Çünki bizim üçün hakimlikdə ilk prioritet VAR sistemi idi. Barış isə nadir referilərdən biri idi ki, VAR sistemindən istifadə etmişdi. Türkiyədə kursu bitirdi və koordinator oldu. Onun təcrübəsi var idi.

“Ölkə çempionuna pul verilməsi gündəmdə deyil”

– Ölkə çempionlarına pul mükafatı verilməsi və yayımçı kanalın ödənişlər etməsi hələ də gündəmdə deyil?

– Bu məsələ maliyyə ilə bağlıdır. Bu ildən məsələ belə həllini tapdı ki, hər kluba dövlət tərəfindən yardım edilsin. Əslində, alternativ kimi qeyd edə bilərik.
 
– Ölkə çempionuna pul veriləcək?

– Bu məsələ hələ gündəmdə deyil.
 
“Millidə Azərbaycanda böyümüş futbolçular oynamalıdır”
 
– Belə hiss olunur ki, milliləşdirmənin əleyhinəsiniz. Yəni, yerli oyunçulara üstünlük verməyin tərəfdarısınız. Yerli futbolçu potensialımız kifayətdirmi? Yoxsa yenə əhmədzadələr, ozobiçlər görəcəyik?

– Emin Mahmudovu legioner hesab edirsiniz?

– Qəti. Amma dərinə getsək, o, bizim sistemimizin yetirməsi deyil. Ozobiç sırf milliləşdirilmişdi. Emin isə bizim sistemə aid olmayan, Azərbaycana gətirilən oyunçudur…

– Belə düşünürəm ki, milli komandada sırf Azərbaycan futbolunun yetirmələri oynasın. Belə mühit gec-tez yaranmalıdır. Azərbaycanda böyümüş futbolçular millidə oynamalıdır. Uşaq futbolu ilə bağlı açıqlamaq istəmədiyimiz layihələr üzərində işləyirik. Milliləşdirmə məsələsini iki yerə bölsək, ilk növbədə o futbolçular ki, tam Azərbaycan kökü olan oyunçulardır, ancaq xaricdə futbol təhsili alıblar, onların milliləşdirilməsində böyük qəbahət görmürəm.
 
– Eddi İsrafilov…

– Eddi azərbaycanlı kökü olan futbolçudur. Məncə, valideyninin heç olmasa biri azərbaycanlı olsa…

– Ozobiçlər məsələsini bağlayırıq?

– Ozobiç, Almeyda sadəcə günün tələbi olan bir məsələdir. Gələcəkdə belə hallar olmasa, daha yaxşı olar.

– Kadi Borgesi milliləşdirmək istərdiniz?

– Mətbuatda Kadi ilə Zubir məsələsi gündəmdədir. Açığı, bu suala belə cavab verərəm ki, sonda hər bir futbolçu Azərbaycan köklü olmalıdır. Çalışmalıyıq ki, indiki vəziyyət aradan qalxsın, sırf Azərbaycan kökü olan futbolçular millidə olsun.
 
“Danışılmış oyunlarla bağlı yenidən siqnal almışıq”
 
– Elxan Məmmədov AFFA-da ən çox müzakirə olunan persona idi. Siz onun postuna gəldiniz. Bunu bir dəfə də soruşmuşdum sizdən, ancaq cavab yadımda qalmayıb; Elxan bəyin siyasi kursu davam etdiriləcək?

– Elxan Məmmədovun siyasi kursu deməzdim, mən ümumi AFFA-nın İcraiyyə Komitəsi və prezidentinin kursunu deyə bilərəm.

– Birbaşa soruşum, Elxan Məmmədovun adamısınız?

– Elxan Məmmədovla birgə AFFA-da 12 il çalışmış adamam.

– Danışılmış oyunlar mövzusuna da toxunaq…

– İctimaiyyətə bu haqda mesaj göndərmək istəyirəm. Danışılmış oyunlarla bağlı yenidən siqnal almışıq. Bir-iki matç şübhəli kimi qeyd edilib. Biz bu məsələləri AFFA və aidiyyəti güc strukturları ilə birlikdə nəzarətə götürmüşük. Araşdırma davam edir. Hər komandaya tövsiyəmiz odur ki, bu məsələdə ayıq-sayıq olsunlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir