İdman

Tennisin yaranmasına səbəb olan idmanın tarixi: Azərbaycanda badminton – FOTO

Sharing is caring!

Badminton və volan. İndi müasir dövrdə bu 2 idman termini bir-birindən ayrılmaz məfhum kimi başa düşülür. Çünki artıq çoxları – istər həvəskar səviyyədə, istərsə də peşəkar səviyyədə badminton oynayanlar bu idman növünün sirlərinə bələddir. Ancaq bu idman növünün indiki mərhələyədək gəlməsinin tarixi bir az qaranlıqdır. Daha dəqiq desək, badmintonun ilk olaraq harada peyda olması, ilk dəfə kimin icad məhsulu olduğunu demək qəliz məsələdir. Beləliklə, yazımızın obyekti badmintondur. Elə isə ilk olaraq onun tarixindən başlayaq…

Badmintonun yaranma tarixi məchul, adının kökü məlumdur

Ehtimallara əsasən, bu idman indi cənub-şərqi Asiyada yerləşən, Myanma, Tailand və Malayziya kimi ölkələrin olduğu Malay yarımadasında formalaşıb. Bu idman növünün qədimiliyini bizə bildirən fakt XIII-XIV əsrdə yaşamış məşhur italyan səyyahı Marko Polonun Asiya qitəsinə səfər təəssüratlarında bu barədə qeydin olması göstərir. XIV əsrdə Yaponiyada günəşdə qurudulmuş gilasın içərisinə 5-6 qaz lələyi soxub volan hazırlayır və taxta raketkalarla onunla oynayırdılar. Hələ Hindistan ərazisində yerləşən Tancavur Krallığında 1850-ci illərin əvvəllərində sarı yun topla oynanılan oxşar növ mövcud idi (hazırda da top badmintonu adlandırılan növ Hindistanın milli idman növü hesab olunur – S.M.). Bu, küləkli və rütubətli hava üçün ideal sayılırdı. Kim bilir bəlkə də badmintonun indiki formaya düşməsinə əsas səbəb bu idman növü idi.

İstənilən halda bu idmanın populyarlaşmasında, Asiyadan Avropaya və digər qitələrə yayılmasında ingilislərin böyük rolu olub. Belə ki, bu idman növü ilə Böyük Britaniyanın o vaxt müstəmləkəsi olan Hindistanda məşğul olurdular. İngilis hərbçilərinin qarnizonunun yerləşdiyi Puna şəhərinə görə ilk vaxtlar badminton məhz “puna” adlandırılırdı. Çünki badmintonun ilk qaydaları 1873-cü ildə məhz burada yazılmışdı (bundan 1 il sonra tennis bu badminton qaydaları əsasında yeni idman növü kimi təşəkkül tapdı – S.M.). 1875-ci ildə evə qayıdan ingilis zabitlər Folkstoun şəhərində badminton klubu yaratdılar. Bunu ilk badminton klubu da adlandırmaq olar. Daha sonra bu idman növü Qlosterşir qraflığında yerləşən Bofort hersoqunun malikanəsi olan Badminton Hauza (hazırda Badminton Britaniyada qəsəbə-kənd kimi mövcuddur – S.M.) görə badminton adlandırılmağa başlandı. Ancaq bunun niyə bu malikanənin adı ilə bağlanması heç ingilislərin özlərinə də aydın deyil. Ehtimal edilir ki, Bofort hersoqu da “puna”nı Britaniyaya daşıyanlardan olub, məhz bu səbəbdən də bu idman növü elə badminton olaraq adlandırılıb. Buradan görünür ki, badminton artıq XIX əsrdən elitar təbəqələr tərəfindən sevilən idman növünə çevrilməyə başlanıb.

İlk yarış harda olub?

1887-ci ilədək puna qaydaları ilə oynanılan badmintonda daha sonra qaydalar təkmilləşdirildi. 1890-cı ildə Hart və Baqnel Vayld qaydaları daha da indiki formaya yaxınlaşdırdı. 3 il sonra Portsmut şəhərində yaradılan İngiltərə Badminton Assosiasiyası yeni qaydaları rəsmiləşdirdi.

Bütün İngiltərə üzrə ilk badminton yarışması 1899-cu ildə kişi, qadın və qarışıq cütlər üzrə təşkil olundu. Bu, badminton üzrə keçirilmiş ilk rəsmi yarış sayılır. 1 il sonra bura fərdi şəkildə mübarizə də əlavə edildi. Hətta 1904-cü ildə İngiltərə və o vaxt Britaniyanın tabeliyində olan İrlandiya arasında çempionluq matçı da keçirildi.

Nəhayət, 1934-cü ildə İngiltərə, Şotlandiya, Uels, Kanada, Danimarka, Fransa, İrlandiya, Niderland və Yeni Zelandiya Beynəlxalq Badminton Federasiyasını (1981-ci ildə qurum adını Ümumdünya Badminton Federasiyasına dəyişdirib – S.M.) təsis etdilər. 1967-ci ildə isə Avropa Badminton İttifaqı quruldu. İlk dünya çempionatı 1977-ci ildə İsveçin Malmö şəhərində keçirilib. Olimpiadanın rəsmi proqramına ilk dəfə yalnız 1992-ci il Barselonada keçirilmiş mötəbər yarışda salınıb.

Müasir badmintonun adı İngiltərə ilə bağlı olsa da, hazırda Avropa ölkələri içərisində dünya səviyyəli güclü badmintonçular Danimarkadan çıxır. Bundan başqa, şərqi, cənubi və cənub-şərqi Asiya ölkələri badmintonda hegemonluq edir. Bunlar Çin, İndoneziya, Malayziya, Hindistan, Cənubi Koreya, Tayvan və Yaponiyadır. ABŞ-da isə badminton həyətdə ən çox oynanılan idman növləri içərisindədir.

Badmintonun “güllə”si haqda rezüme

Badminton haqda danışdıqsa, onun “güllə”si – volan haqda da qısa bəhs etməliyik. Yuxarıda qeyd etdiyimiz kimi, əvvəl yun topla oynanılan badminton daha sonra volanla oynanılmağa başlanıb. İngilislər buna “şatlkok” (shuttlecock) deyirlər. XIV əsrin toxucu dəzgahlarının məkiki kimi volan oyun zamanı irəli-geri geri getdiyi üçün “şatl”, xoruz lələklərindən düzəldildiyi üçün “kok” sözü birgə belə bir termin formalaşdırıb. Fransızlar isə buna “völan” (volant) deyirlər. Məhz keçmiş SSRİ-nin idman termininə ikinci variant gəlib düşüb. Mənası “uçan” olan volanın çəkisi 4,75-5,50 qram arasındadır. Volan 2 cür – lələkli və plastikdən (alternativ olaraq sintetik) hazırlanmış formada olur. İlk cür volanlarda 16 ədəd lələk, hər bir lələyin uzunluğu isə 62-70 mm arasındadır. Lələklərin yaratdığı dairənin diametri təxminən 58 ilə 68 mm arasında olur. Badminton geyiminin tennisinki ilə oxşar olmasına gəlincə isə, bunun qısaca tarixi belədir: Oyun zamanı iştirakçılardan biri frakını çıxarıb və o vaxtdan geyim forması tennisdəki kimi seçilib.

Azərbaycanın ilk çempion badmintonçusu kim olub?

Britaniyada formalaşan bu idman növü Azərbaycana yeni gəlməyib. Baxmayaraq ki, 90-cı illərə qədər badminton Olimpiya idman növü sayılmasa da, artıq keçmiş SSRİ-nin bir respublikası kimi Azərbaycanda çoxdan təşəkkül tapmışdı. Bu məsələ üçün Azərbaycanın Hakimlər Komitəsinin sabiq sədri və indiki üzvü, SSRİ İdman ustası, sabiq badmintonçu və məşqçi Mahmud Məmmədov bizim köməyimizə çatdı.

O, badmintonun Azərbaycana gəlməsini bu cür izah edir. Danışıq əsnasında ölkənin ilk çempionunun adını da müəyyənləşdiririk: “1957-ci ildə Moskvada VI Ümumdünya Gənclər və Tələbə Festivalı keçirildi. O festivala bütün 15 respublikadan da idman mütəxəssisləri cəlb olunmuşdu. Azərbaycanı orada o vaxtkı Bədən Tərbiyəsi və İdman İnstitutunun dosenti, sabiq voleybolçu Nazim Əliyev təmsil edirdi. Beynəlxalq festivalın proqramına Asiya ölkələrinin xahişinə əsasən badminton da daxil edilmişdi. SSRİ İdman Komitəsi bütün respublika təmsilçilərinə tapşırmışdı ki, lazımi inventarları – raketka və volanları özünüzlə aparın, badmintonu ölkədə yayın. Nazim Əliyev də badmintona yaxın olan idman növləri kimi tennis, stolüstü tennis, voleybolçular arasında bu idman növünü yaymağa başladı. 1962-ci ildə isə Azərbaycan SSR-də federasiya yaradıldı (maraqlıdır ki, Rusiya mənbələrində SSRİ Badminton Federasiyasının yaranması tarixi kimi həmin qurumun 1974-cü ildə Beynəlxalq Badminton Federasiyasına üzvlükdən bir qədər əvvəl olduğu göstərilib – S.M.) və ilk sədri Nazim Əliyev oldu. Həmin il Bakı çempionatı keçirildi. Qalib Lado Mehdiyev olub. Bir il sonra Azərbaycan çempionatı təşkil edildi, orada da qızıl medalı Daşdəmir Əmirov qazanıb”.

Azərbaycan ilk ümumittifaq yarışlarının iştirakçısı olub

Rusiya mənbələrində göstərilir ki, həmin beynəlxalq forumdan sonra 1959-cu ildə badminton üzrə Moskvada ilk çempionat, 1960-cı ildə isə Moskva – Lvov arasında ilk şəhərlərarası matç keçirilib. Daha bir maraqlı məqam ondan ibarətdir ki, 15 respublikanın yer aldığı SSRİ-nin ümumittifaq yarışlarında Azərbaycan ilk iştirakçılardan olub. Belə ki, 1962-ci ildə Azərbaycan da daxil olmaqla, Ukrayna, o vaxtkı Belarusiya, Rusiya, Qazaxıstan, Tacikistan respublikaları, eləcə də Moskva və Leninqrad (indiki Sankt-Peterburq) şəhərlərinin iştirakı ilə komanda yarışları baş tutub. İlk sıraya 6 kişi badmintonçudan ibarət moskvalılar çıxıb.

Xalq artisti Azərbaycanda bu idman növünə rəhbərlik edib

Daha bir maraqlı faktın üstünü açırıq. Bu barədə rəsmi mənbələrdə rast gəlinməsə də, Mahmud Məmmədov bildirir ki, bir müddət federasiyaya bəstəkar, professor, Akademik Opera və Balet Teatrının direktoru, sonradan 1990-cı ildə Azərbaycanın xalq artisti adı veriləcək və 2015-ci ildə rəhmətə qovuşacaq Azər Rzayev rəhbərlik edib: “O vaxt Nazim Əliyev bir müddət federasiya rəhbəri postundan ayrıldı. Hardasa 1972-ci ildən 80-ci illərə qədər Azər Rzayev federasiya prezidenti oldu. Yaxşı yadımdadır ki, mən “Spartak” cəmiyyətində çıxış edirdim. O biz idmançıları yarış qabağı işlədiyi Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) çağırmışdı. Ondan sonra yenidən Nazim Əliyev SSRİ dağılana kimi federasiyaya rəhbərlik etməyə başladı”.

Azərbaycanın müstəqillik illəri müharibə və siyasi hakimiyyət davası ilə üzləşdiyindən, badmintonda da durğunluq yaşanır. Yalnız 1996-cı ilin dekabrında Kamal Abdullayev (indi Azərbaycan Dillər Universitetinin rektorudur – S.M.) federasiyanı yenidən təsis edərək prezident olur. Bu federasiyanın ilk baş katibi isə hazırda Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və texniki idman növləri sektorunun müdiri işləyən Aydın Məmmədov olub. Məhz o, federasiyanın Əsasnaməsini hazırlayıb. 1997-ci ildə bu qurum artıq Beynəlxalq Badminton Federasiyası və Avropa Badminton İttifaqına üzv olub. 1997-ci ildə Nərgiz Mehdiyeva Pakistanda keçirilən İslam Ölkələri Qadınlarının İdman Oyunlarında bürünc medal qazanması ilə yadda qalıb.

Nazim Əliyevin faciəli vəfatı və yeni federasiyanın yaranması

1996-cı ildən 2007-ci ilin iyulunadək federasiyanın baş katibi işləmiş Aydın Məmmədov üçün bu idman sıradan biri olmayıb. O, 6-cı sinifdən badmintonla məşğul olub. Hətta o, orta məktəbdə Azərbaycanın ilk əməkdar məşqçilərindən olan Lado Mehdiyev tərəfindən badminton dərsləri alıb. Onun ali təhsili də badminton ixtisası üzrə olub. Federasiyanın yaradılmasını onun dilindən eşidək:

“Rəhmətlik Nazim Əliyev İdman İnstitutunda bizə həm badmintondan dərs deyirdi, həm də fakültənin dekanı idi. 1994-cü Gənclər və İdman Nazirliyi yaradılanda ora işə düzəldim və orada da badminton üzrə kurator işlədim. Nazim Əliyevin təklifi ilə federasiya yaratmaq qərarına gəldik. Nizamnaməni hazırladım. Lakin 1995-ci ildə Naxçıvana uçuş zamanı təyyarəsinin qəza etməsi səbəbindən Nazim müəllimi itirdik. Bu səbəbdən də bir müddət federasiyanın yaranması məsələsi qaldı. Bununla belə, o vaxtkı gənclər və idman naziri Əbülfəs Qarayevlə məsləhətləşib federasiyanın yaradılması məsələsini yenidən gündəmə gətirdik, Ədliyyə Nazirliyində Nizamnaməni təsdiqlətdik. Təklif etdik ki, tanınmış ictimai xadim olduğu üçün Azərbaycan Mədəniyyət Fondunun (indiki Azərbaycan Yaradıcılıq Fondu) rəhbəri Kamal Abdullayev federasiyanın prezidenti, o vaxt Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin rəisi vəzifəsində çalışan Həsən Şirinov vitse-prezident olsun.

2002-2005-ci illərdə İran İslam İnqilabının ildönümünə həsr olunan Fəcr turnirlərində iştirak etdik. Nərgiz Mehdiyeva şəxsi yarışlarda cempion və mükafatçı, qoşa kateqoriyada isə Sevinc Axundova ilə birgə dəfələrlə cempion və mükafatçı oldu.

O vaxt çətinliklərimiz çox idi. Vəsait yox idi. Bununla belə, xatırlayıram ki, ilk dəfə 1998-ci ildə Norveçdə keçirilən kişilər arasında “Tomas” və qadınlar arasında “Uber” kimi tanınmış yarışlarda iştirak etdik”.

Təhsil ocaqlarında və regionlarda badminton

2015-ci ildə federasiyaya prezident kimi Mikayıl Cabbarov seçildi. Onun həmin vaxt təhsil naziri olması badmintonun da inkişafına təkan verdi. Bir idmanı inkişaf etdirmək istəyirsənsə, bazanı qurmalısan prinsipi işə düşdü. Belə ki, Bakıdakı orta məktəblər və liseylərdə şagirdlərə idman dərslərində bu idman növünün incəliyi izah edilməyə başlandı. Bir çox ali təhsil ocağında isə badminton fakultativ dərs kimi keçirilir, tələbələr arasında yarışlar təşkil olunur. Məsələn, Mahmud Məmmədovun özü Bakı Slavyan Universiteti tələbələrinə badmintondan dərs deyir.

Üstəlik, regionlarda da badmintonun inkişafı üçün səylər göstərilir. Təsadüfi deyil ki, hazırda Lənkəran, Siyəzən, Gəncə, Quba və Qusar kimi şəhər və rayonlarımızda badminton idman növü üzrə yaxşı idmançılar yetişməkdədir. Sentyabrın sonlarında Naxçıvanda da badmintonun inkişafı yönündə addım atılıb. Ötən ilin dekabrın 8-də federasiyanın yeni prezidenti seçilən Taleh Ziyadovun şəxsən iştirakı ilə Naxçıvan Dövlət Universitetində muxtar respublikadakı ilk badminton klubunun açılışı həyata keçirilib.

M.Məmmədovun sözlərinə görə, bu siyasət sayəsində yeni gənc məşqçilər də formalaşır.

Azərbaycan badmintonunda gender

Yarışlarda baş hakim olan müsahibimiz bildirir ki, Gəncə komandası Azərbaycan çempionatında çıxış edərkən bir dəfə çempion və bir dəfə də bürünc medal qazanıb. Hər iki halda bu nailiyyətə gəncəli qızlar imza atıb. Amma ümumilikdə respublika yarışlarında oğlanlar daha çox üstünlük təşkil edir: “Adətən daxili yarışlar 32 oğlan, 24 qız və ya 24 oğlan, 18 qız nisbətinə keçirilir”.

2-5 dekabr tarixlərində pandemiyadan sonra ilk Azərbaycan çempionatı keçiriləcək. Yarışda daha çox regionlardan gələn idmançılara üstünlük veriləcək. Bu yarışda 32 oğlan, 24 qız badmintonçunun iştirakı gözlənilir. Yeri gəlmişkən, Avropa Badminton Federasiyasına göndərilən hesabatda Azərbaycanda 1197 nəfərin peşəkar badmintonla məşğul olduğu göstərilib.

Fiziki məhdudiyyətli insanlar üçün cəmiyyətə inteqrasiya imkanı

Son olaraq onu da bildirək ki, federasiya fiziki cəhətdən qüsurlu olan şəxslərin də badminton vasitəsilə cəmiyyətə inteqrasiya olunmasında maraqlıdır. Bunun üçün Milli Paralimpiya Komitəsi ilə birgə para-badminton inkişaf etdirilir. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə müraciət edən əhalinin həssas qrupuna aid olan insanlara məşqlər keçib parabadminton təbliğ olunur.

Cari ilin avqustundan məşqçi Teymur Abbasov bunun üçün çalışır. Yeni olmasına baxmayaraq, artıq bu növdə müəyyən qığılcım görünməyə başlanıb. Sentyabrda Uqandanın paytaxtı Kampalada keçirilən turnirdə İbrahim Əliyev bürünc medala sahib çıxmaqla Azərbaycana parabadmintonda ilk medalı qazandırıb.

Gözlənilir ki, gələn ilin aprelində Bakıda keçiriləcək Avropa Badminton Federasiyasının Konqresində para-badmintonun inkişafı üçün də lazımi qərarlar veriləcək.

Səbuhi Musa

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir