İdman

Şimalın köhlən atlarının cənubun “boz qurd”ları ilə qovuşmasının vaxtı çatıb…

Sharing is caring!

Azərbaycan futbolu özünəməxsus dəyəri, xalq üçün xüsusi yeri olan və kimliyindən asılı olmayaraq hər kəsin azarkeşinə çevrildiyi bir kluba sahibdir.

Bu klub işğal dövründə həsrətimizin ünvanı, ölkə futbolunda yaşadığımız, qazandığımız azsaylı uğurların memarı, Avropada Azərbaycan futbolunun simasıdır.

Tribunaları təkcə adı ilə belə doldura biləcək bu klub öz baxımlı və parlaq oyunu ilə hər birimizin qəlbindəki futbol sevgisini yenidən alovlandıra bilib. Bu klub bütün dünyaya “Qarabağ”ın kimliyini, həqiqətlərini vurduğu qollar və göstərdiyi mübarizə ilə nümayiş etdirə bilib. “Qarabağ” Azərbaycanın bağrından çıxıb Avropanın ən stabil və intizamlı futbol oynayan, ildən-ilə öz inkişafını davam etdirən və bu yolda inamla irəliləyən kollektivlərindən birinə çevrilib.

Sözsüz ki, “Qarabağ” adı milyonlarla azərbaycanlının iftixar yeridir. Avropa klub turnirlərində ardıcıl doqquz ildir üzümüzü ağ edən, ötən il futbol tariximizdə ilkə imza ataraq qrup mərhələsini (Konfrans Liqası) adlayan “Qarabağ” bu il də uğurlu seriyasına davam edir.

“Qarabağ”ın bir xüsusiyyəti də onun bütöv bir xalqın komandası olması, 90 dəqiqə oynadığı oyunla bütün bir xalqın mübarizəsini özündə təcəssüm etdirməsidir.

Bütöv bir xalqın komandası dedikdə yəqin ki, ağlımıza daha bir klub gəlir. Dünyada ən çox azarkeşə sahib türk klubu, Təbrizdə azərbaycanlıların iftixar yeri olan “Traktor” klubu. “Traktor”un “Səhənd” stadionu milyonlarla azərbaycanlının öz milli kimliyinə sahib çıxdığı sarsılmaz bir qaladır. Klubun oyunlarında səsləndirilən şüarlar isə sözsüz ki, tarixi bir həsrətin, sevginin və yaddaşın parlaq nümunələridir.

“Qarabağ”la “Traktor”un oxşar tərəfləri təkcə onlara olan xalq sevgisi deyil, həm də onların haqsızlığa qarşı mübarizələridir. Beynəlxalq arenada “Qarabağ”ın məruz qaldığı haqsızlıqları, “hakim səhvləri”ni hər birimiz yaxşı xatırlayırıq. “Traktor”un min bir hiylə ilə əlindən alınan çempionluğunun hekayəsi isə futbol tarixində İranın adına yazılmış qara bir ləkədir.

“Qarabağ”ın Avropa oyunlarında yaşanan izdihamı “Traktor”un bütün oyunlarında görmək mümkündür. Çünki “Traktor” öz milli kimliyi səbəbindən təkcə meydanda ona qarşı çıxan 11 nəfərlə mübarizə aparmır. Ona görə də “Səhənd” stadionu hər oyunda 60 mindən çox azarkeşi qəbul edir. “Traktor” öz doğma şəhərində, öz doğma stadionunda öz milli kimliyi, azərbaycanlıların haqq səsi uğrunda mübarizə aparır, bütöv bir şəhər, cənublu bütün soydaşlarımız onun 12-ci oyunçusuna çevrilir.

Düşünürük ki, azərbaycanlıların iki böyük klubu – artıq mübarizələri, ortaya qoyduqları əzm və qərarlılıqları, arxalarına aldıqları xalq dəstəyi ilə bir çox cəhətdən oxşar olan “Qarabağ” və “Traktor”u qovuşdurmağın vaxtı çatıb. Bu klublar tarixin ən önəmli yoldaşlıq oyununda üz-üzə gəlməli, yaşıl meydanlar dostluq, qardaşlıq və tarixi mübarizənin səhnəsinə çevrilməlidir. 

Azərbaycanın, “Qarabağ”ın köhlən atları və cənubun, doğma Təbrizin “boz qurd”larının qarşılaşması dünyadakı milyonlarla azərbaycanlının həmrəylik görüşü kimi tarixin şanlı səhifələrində özünə yer almalıdır. Bu qarşılaşma dünya futbolu tarixində hesabın, oyunun heç bir önəm daşımadığı, əsas məramın milyonlarla insanın arzusunun, eyni kökdən, qandan olan doğma qardaşların qovuşmasının və bir-birinə olan sevgisinin nümayişinin olduğu unikal bir qarşılaşma kimi yaddaşlara həkk olunmalıdır.

Bu qarşılaşmanı təsəvvürə gətirmək, ona çağırış etmək, reallaşmasını gözləmək nə qədər xoşdursa, Azərbaycan futbolunun ən böyük uğuruna tamaşa etmək də o qədər gözəl və əlamətdar hadisə olacaq. Bəlkə də, dünya ilk dəfə hər iki komandanın vuracağı qollara sevinən, qardaşlıq, həmrəylik şüarları ilə lərzəyə gələn bir stadionu görmək şansı qazanacaq. Bu qarşılaşma baş tutacağı halda futbolun insanlar arasında birlik və həmrəyliyə xidmət edən bir idman növü olduğunu bütün dünya ictimaiyyətinə sübut edəcək.

Əminik ki, “Qarabağ” – “Traktor” qarşılaşmasında meydan sahibi də olmayacaq. Meydana çıxan 22 nəfər və onları izləyən milyonlar eyni mübarizəni ortaya qoyacaq və qazanan sadəcə qardaşlıq olacaq!

Orxan Tağıyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir