Hadisə

Bakının bu ərazisində sakinlər susuzluqdan əziyyət çəkir-VİDEO, FOTO

Sharing is caring!

Suraxanı rayonu, Kondisioner bağları adlanan ərazidən şikayət var.

Musavat.com-a müraciət edən sakinlər əraziyə içməli suyun verilmədiyini deyirlər. Sakin İbrahim Məmmədov bildirir ki, hər yay mövsümündə eyni problem yaşanır: “Yay gələn kimi bu ərazidə suyun verilişində problem yaranır. Bir neçə dəfə Suraxanı rayon Su kanal İdarəsinə şikayət etmişik. Qərara gəlindi ki, ventil qoyulsun və su günaşırı verilsin. Düzgün tənzimlənmədiyi üçün biz tərəfə yenə də su gəlmir.  Hazırda suyu pul ilə alırıq. Mən hər ay su pulunu ödəyirəm, tələbim də suyun vaxtı-vaxtında verilməsidir. Son günlər sakinlər ayağa qalxdılar deyə bir həftə, 10 gün su normal qaydada verildi. Sonra isə yenidən eyni vəziyyət yarandı. Suyun təzyiqini bir qədər artırsalar, problem aradan qalxar”.

Məsələ ilə bağlı “Azərsu” ASC-dən Musavat.com-a bildirildi ki, əraziyə suyun verilməməsi yeni xəttin çəkilişi ilə əlaqədardır. Qurumun mətbuat katibi Anar Cəbrayıllı qeyd etdi ki, sözügedən ərazidə 380 metrlik yeni xətt çəkilir: “Xəttin üzərinə siyirtmələr quraşdırılıb. Hövsan bağları iki istiqamətdə bölünməklə su ilə təmin ediləcək. Onu da qeyd edim ki, ərazidəki su şəbəkəsi vətəndaşlar tərəfindən fərdi qaydada qurulan, normalara cavab verməyən xətlərdən ibarətdir. Vaxtilə 10 abonentə xidmət edən xətdən bu gün 50-60 evə su verilir. Buna görə də yay aylarında problem yaranır. Problemi həll etmək üçün ərazilərə su verilişini tənzimləməyə çalışırıq, yəni bir gün bir əraziyə, o biri gün digər əraziyə su veririk ki, xətt boyu abonentləri təmin edək. İşlər artıq yekunlaşıb. Ən qısa zamanda problem həllini tapacaq”.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir