Dünya

“Xalqım Azərbaycanı həmişə qayıtmaq istədiyin yerə çevirir” –“Miss İngiltərə” finalçısı Melisa Raufla MÜSAHİBƏ

Sharing is caring!

Bir neçə gün öncə “Miss İngiltərə” gözəllik müsabiqəsinin yarımfinal mərhələsi baş tutdu. Müsabiqədə finala haqq qazananlar arasında Melisa Rauf adlı iştirakçı xüsusi diqqət çəkib. Buna səbəb isə 94 illik “Miss İngiltərə” tarixində onun makiyajsız yarışan ilk xanım olmasıdır. Bu səbəblə 20 yaşlı qız “Face Top Model” nominasiyasının qalibi olub.

Melisa Raufun əslən azərbaycanlı olması haqqında da iddialar var. Deyilənə görə, o, uzun illər Azərbaycan Tibb Universitetində kafedra müdiri olan Şəmistan İbrahimovun nəvəsidir. Anası Kəmalə İbrahimova hazırda İngiltərədə həkim olaraq çalışır, atası Nadir Rauf isə Cənubi azərbaycanlıdır.

Oxu.Az “Miss İngiltərə” iştirakçısı Melisa Rauf ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

– İlk olaraq özünüz, ailəniz haqda məlumat verməyinizi istəyərdik. Valideyninizin azərbaycanlı olduğu deyilir, doğrudurmu?

– İngiltərədə doğulub-böyümüşəm, 20 yaşım var. Londonun “Kings College” Universitetində siyasi elmlər üzrə təhsil alıram. Hazırda ikinci kursdayam. Bəli, deyilənlər doğrudur, anam azərbaycanlıdır, atam isə Cənubi Azərbaycandandır.

– Azərbaycana səfər etmisinizmi?

– Demək olar ki, hər il Bakıda oluram, çünki ana nənə və babam, eləcə də anam tərəfdən bütün qohumlarım orada yaşayırlar. Düzü, Azərbaycana səfər etməyi və bütün qohumlarımı görməyi çox sevirəm. Azərbaycan anamın doğma vətəni olduğu üçün orayla bağlı yaxşı xatirələrim var. Azərbaycan xalqı, onların qonaqpərvərliyi, mehribanlığı və istiqanlılığı məni həmişə heyran edib. Məncə, Azərbaycan xalqı ölkəni gözəlləşdirir və oranı həmişə qayıtmaq istədiyin bir yerə çevirir. Azərbaycanın təbiətini, iqlimini də çox sevirəm.

– “Miss İngiltərə” gözəllik müsabiqəsi haqqında da məlumat verərdiniz.

– “Miss İngiltərə” müsabiqəsi İngiltərədə ən prestijli tədbirlərdəndir. Bu, öz qalibini İngiltərəni təmsil etmək üçün “Miss Dünya” müsabiqəsinə göndərən yeganə yarışdır. Müsabiqə əsasən xeyriyyə işinin əhəmiyyətini vurğulamaq məqsədi daşıyır. Hazırda yarışın əsas mərhələsidir. Son bir neçə il ərzində “Miss İngiltərə” müsabiqəsi müxtəlif uşaq xeyriyyə təşkilatları üçün bir milyon funt sterlinqdən çox vəsait toplayıb.

– Necə oldu ki, müsabiqəyə qatılmağı qərara aldınız?

– Həmişə gözəllik müsabiqələrinə baxmağı sevmişəm. “Miss İngiltərə”nin isə “Məqsədli Gözəllik” (“Beauty with a Purpose”) üçün fərqlilik yarada biləcəyiniz, idman yarışında rəqabət aparacağınız, xeyriyyə işlərinə və təbii ki, 2019-cu ildən bəri “Çılpaq üz” (“Bare Face”) turuna qatıla biləcəyiniz bir müsabiqə olmasını çox bəyənmişəm. Ona görə də iştirak etmək qərarına gəldim.

– Bu yarışa neçə xanım qatıla bilir və neçə nəfər final mərhələsinə haqq qazanır?

– Müsabiqəyə1000 qız qatılıb. Onlar arasında sadəcə 40 nəfər oktyabrın 17-də Birmingemdə keçiriləcək finala vəsiqə qazanır. Mən Londonda “Taj 51Buckingham Gate”də keçirilən yarımfinal mərhələsində “Çılpaq üz” raundunda qalib gələrək finala vəsiqə qazandım.

– Münsiflər hansı meyarları əsas alaraq seçim edirlər?

– Münsiflər öz meyarlarını müsabiqə iştirakçılarının profillərinə və videolarına onlayn və müsabiqənin keçirildiyi gün baxmaqla əsaslandırırlar. Siz “Çılpaq üz”, “İdman”, “Eko moda”, “Reklam” və “Məqsədli Gözəllik” kimi müxtəlif raundlarda yaxşı işlər görsəniz, diqqət çəkəcəksiniz. 

– Qalib olacağınızı düşünürsünüzmü? Bundan sonrakı planlarınız nədir?

– Finalda “Bare Face” yarışmağı planlaşdırıram. Müsabiqəyə qatılan hər bir qız kimi, əlbəttə ki, mən də qalib olmaq istəyirəm. Planlarım – məndən öz təbii dəriyə qulluq brendləri üçün model olmağımı istəyən məşhur şirkətlə birlikdə təbii gözəlliyi təbliğ etməkdir.

Düşünürəm ki, insanlar öz qüsurlarını sevməli və qəbul etməlidirlər, çünki bilirik ki, əsl gözəllik sadəlikdə gizlidir. Heç vaxt gözəllik standartlarına cavab verdiyimi hiss etməmişəm. Amma bu yaxınlarda öz dərimlə gözəl olduğumu qəbul etdim və buna görə də makiyajsız yarışmağa qərar verdim.

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir