Dünya

İşğal, çevriliş, yeni virus – 2022-ci ilin ilk yarısı nələrlə yadda qaldı? – FOTO

Sharing is caring!

2022-ci il bütün dünyada təhlükəsizlik qayğılarının zirvədə olduğu bir il kimi davam edir. Ölkələrin və cəmiyyətlərin perspektivdə müdafiə və işğal narahatlıqları, həmçinin qızğın münaqişələr dünya nizamını öz təməllərindən silkələyir. 

Oxu.Az 2022-ci ilin arxada qalan dövrü üçün dünyada baş verənlərlə bağlı qısa xronologiya hazırlayıb. 

Sözügedən hadisələri təqdim edirik:

1. Pandemiyanın təsirindən qurtulmağa və 2021-ci ildə “pandemiyadan əvvəlki vəziyyətə qayıdış” planını həyata keçirməyə çalışan dünyanın xroniki problemləri sırasında olan Suriya vətəndaş müharibəsi və Yəmən müharibəsi də 2022-ci ildə davam etməkdədir. 2021-ci ilə damğasını vuran hadisələrdən biri də Kabil hakimiyyətinin süqutu və “Taliban”ın Əfqanıstana hakim olması idi ki, bu, cari ildə də təhlükəsizlik baxımından ən çox narahatlıq doğuran məsələlər sırasındadır. “Taliban”ın hakimiyyətə gəlməsi ilə bölgədə qeyri-stabil vəziyyətin yaranması göstərir ki, hər an gərginlik yenidən arta bilər. Hazırda İŞİD terror təşkilatı Əfqanıstanda tez-tez hücumlar həyata keçirir.

2. Bu il hər mənada dünya gündəmini fundamental olaraq sarsan hadisə Rusiyanın Ukraynanı işğal etmək cəhdi oldu. 2014-cü il Ukraynadakı vətəndaş müharibəsindən sonra regionda yaranan mürəkkəb vəziyyət Rusiyanın Krımı ilhaq etməsi ilə daha da mürəkkəbləşib. Rusiya mənşəli Ukrayna vətəndaşlarının çoxluq təşkil etdiyi Şərqi Ukrayna (Donbas) regionu da uzun müddət Rusiyadan dəstək alıb. Dünya isə Rusiyanın Krımı ilhaq etməsinə bir neçə dar sanksiya və “qınaq”la cavab verdi. 2021-ci ildə Rusiyanın Donbas sərhədinə qoşun toplaması dünyanın təhlükəsizlik qayğılarını bir qədər də artırıb və dünya ictimaiyyətinin diqqətini bu regiona cəlb edib. Rusiya Qərb mediasında tirajlanan “Rusiya Ukraynanı işğal edəcək” tipli xəbər və bəyanatları dəfələrlə rədd edib. Öz ölkəsində istədiyi kimi hərbi təlimlər keçirə biləcəyini deyən Rusiya Qərbin ritorikasını “isteriya” adlandırıb.

Ukrayna üçün intensiv və məyusedici olan yanvar ayı Rusiya Prezidenti Vladimir Putinin tarixi çıxışı ilə başa çatıb. Putin demək olar ki, bütün dünyanın canlı yayımladığı “Millətə xitab” verilişindəki nitqində deyib ki, Ukrayna tarixi Rusiya ərazisidir, Ukrayna nasist mentaliteti ilə idarə olunur, uzun illərdir ki, Donbas bölgəsində ruslara sistemli işgəncələr verilir. Putin Luqansk və Donetski rəsmən tanıdığını deyib və canlı yayımda tanınma haqqında sənədi imzalayıb. 

Bəzilərinin “cəsarət edə bilməz”, bəzilərinin isə “Putini tanımırsınız” dediyi Rusiyanın Ukrayna sərhədində qoşunların toplanması prosesi Putinin sözügedən çıxışı ilə nəticələndi. Şübhə buludları dağıldı və tanınma sənədinin imzalanmasından bir neçə saat sonra Rusiya ordusu Donbas bölgəsinə soxuldu. Fevralın 21-də başlayan və dünya ictimaiyyətinin “Rusiya Kiyevi qısa zamanda alacaq, Ukrayna hökuməti süqut edəcək” fikrinə hakim olan müharibə hələ də davam edir. İki ölkə arasında bir çox müzakirələr aparılıb. Bu müzakirələrin ən yüksək səviyyəsi xarici işlər nazirlərinin Türkiyə görüşü olub. Lakin aparılan diskusiyalar uğurlu olmayıb. 

3. Bu gün Sakit okean hövzəsi də iki böyük problemlə üz-üzədir: Şimali Koreya və Tayvan. Dünyanın ən qapalı ölkələrindən biri olan Şimali Koreya bir neçə ballistik raket sınağı həyata keçirib. Bu isə regionun sabitliyini təhdid edir. BMT-nin daimi üzvləri olan Rusiya və Çin Şimali Koreyaya qarşı qətnamənin qarşısını alır. Bu cür münasibət region ölkələrini müxtəlif variantları sınaqdan keçirməyə vadar edir. Tayvan isə ABŞ-ın rəsmən tanımadığı, lakin böyük ticarət ortaqlığı olan bir ölkədir. Tayvan Çinin işğal təhlükəsi ilə üz-üzədir. ABŞ Prezidenti Co Bayden deyir ki, biz vahid Çinin olmasına razılaşmışıq: “Lazımi sənədləri imzaladıq və bunun üçün zəruri olan bütün sazişləri qəbul etdik. Lakin Tayvanın güc yolu ilə işğalı qəbuledilməzdir. Bu, regiondakı bütün balansı pozacaq və Ukraynada baş verən hadisələr burada da təkrarlanacaq”.

4. 2009-cu ildən bəri İsrailin Baş naziri olan Benyamin Netanyahunun 2021-ci ildə əsas müxalifətə çevrilməsi və Benettin rəhbərliyi altında yeni hökumətin yaranması onillərdir davam edən İsrail-Fələstin münaqişəsində gərginliyi azaltmadı. Həll edilməsi ən çətin problemlərdən biri olan İsrail-Fələstin münaqişəsi 2022-ci ildə İsrail şəhərlərində baş verən silahlı hücumlarla fərqli məcrada davam edir. İsrailin müxtəlif şəhərlərində bir çox hücumların həyata keçirilməsi fonunda baş nazir vətəndaşları silah almağa çağırıb. Qüds, Qərbi Şeria və Qəzzada baş verən münaqişələr hələ də həllini tapmayıb. 

5. Yeni pandemiya yoldadır. Meymunçiçəyi virusunun Avropada kütləvi yayılması ilə ÜST-ün bəyanatları yenidən sıralanmağa başlanıb. Endemik virus olan meymunçiçəyi təbii çiçək virusu ailəsindəndir və dünyanın müxtəlif ölkələrində sürətlə yayılır. Artıq Azərbaycanın qonşu ölkələri olan Rusiyada, Gürcüstanda, İranda və Türkiyədə bu virusa yoluxma faktı qeydə alınıb.

6. Özbəkistanın tərkibindəki muxtar respublika olan Qaraqalpaqıstan vilayətində baş verən kütləvi iğtişaşlar da Orta Asiya, eləcə region ölkələrində narahatlıqlar doğurub. Qeyd edək ki, Orta Asiyada yeni münaqişə ocaqlarının yaradılmasına cəhdlər buna qədər artıq edilib. Qazaxıstan nümunəsi hələ də unudulmayıb. Lakin görünən odur ki, Özbəkistanda baş verən hadisələr təhlükəlilik baxımından Qazaxıstanda baş verənləri geridə qoyur. 

7. Rusiya-Ukrayna müharibəsində Qərb blokunun əsas aktivliyi ilə seçilən ölkəsi heç şübhəsiz Böyük Britaniya, aparıcı siması isə Baş nazir Boris Conson olub. Onun məhz müharibə dövründə rəsmi Kiyevə iki dəfə rəsmi səfəri bütün dünyanın diqqətini bu liderin üzərində cəmləyib. Lakin bir neçə gün öncə baş nazir və bir sıra nazirlərin istefası gündəmə bomba kimi düşdü. Yeni hökumətin isə Böyük Britaniyanın Ukrayna məsələsindəki aktuallığını qoruyub saxlayacağı sual altında olan məqamlardandır. 

8. Şri-Lankada aksiyalar səngimək bilmir. Sakinlər uzun müddətdir ki, ölkədə kəskin inflyasiyaya etiraz edir. Vətəndaşlar küçələrə çıxaraq hökumətin və prezidentin istefasını tələb etdilər. Hazırda Şri-Lankanın xarici borcu 51 milyard dollara çatıb. Qeyd edək ki, bir neçə ay əvvəl ölkə borclarla bağlı defolt elan edilib. 

Sonda qeyd edək ki, illərdir davam edən gərginlik, yığılan neqativ enerji balonu kimi partladı. Davam edən münaqişələrin fonunda yeniləri də durmadan artır. Pandemiyanın təsirindən qurtulmağa çalışarkən özünü təhlükəsizlik böhranına salan bəşəriyyət isə sülh və sabitlik axtarışındadır.

Aqil Vəlili

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir