Dünya

Türk Birliyini pozmaq cəhdləri: Qərb və Rusiyanın maraq dairəsi nədə toqquşur? – FOTO

Sharing is caring!

“Rus əsilli türkoloq İlminskinin hazırladığı doktrina var və bu plan türk dünyasında tətbiq olunur. Bu doktrinanın əsas mövzusu türk boylarından bir millət çıxarmaq, türkləri daha kiçik birliklərə bölmək və bu toplumları bir-biri ilə vuruşdurmaqdır”.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:

Mərkəzi Asiya fövqəldövlətlərin maraqlarının toqquşduğu bölgəyə çevrilir. Bir tərəfdə Çin və Rusiya, digər tərəfdə isə Birləşmiş Ştatlar və Avropa İttifaqı nəyin bahasına olursa-olsun bölgədə təsir gücünü saxlamağa çalışır. Hələ ki regionda söz sahibi Rusiya və qismən də Çin olsa da, ABŞ və satellitləri də eyni statusa malik olmağa can atır. 

Köhnə maddələr Rusiyaya imkan verir ki… 

Artıq bölgədə Türkmənistan istisna olmaqla, əksər dövlətlərin ərazisində ciddi problemlər, münaqişələr yaşanır. Əvvəlcə Qazaxıstanda iğtişaş, ardınca Qırğızıstan və Tacikistan arasında sərhəd münaqişəsi, indi də Özbəkistanda referendum ərəfəsində toqquşmalar. Artıq bu ölkədə toqquşmalar 18 nəfərin ölümü və 300-ə yaxın insanın xəsarət alması ilə nəticələnib. Səbəb də Özbəkistanın yeni konstitusiya layihəsinə ediləcək dəyişiklik, Qaraqalpaqıstanın Özbəkistan Respublikasının tərkibinə daxil olan suveren respublika olması maddəsinin çıxarılmasıdır. Belə bir fikir var ki, köhnə maddələr Rusiyaya imkan verir ki, Özbəkistana daim təzyiq etsin. Bu səbəbdən də hadisələrin arxasında Rusiyanın olması variantı ön plana çıxarılıb. Eyni zamanda Qərb ölkələrinin də baş verənlərdə maraqlarının olduğu vurğulanır. Və sonuncu versiyanı daha çox Rusiya mediası səsləndirir. İddia edilir ki, ABŞ-a bağlı qeyri-hökumət təşkilatları Özbəkistanı qarışdırmaq istəyir. Ancaq bu iddia ciddi görünmür. 

Özbəkistanın “Krımı”?

Vaşinqton Özbəkistanı niyə qarışdırsın və Özbəkistan qarışarsa, bunun ona nə faydası olacaq? Özbəkistanın müstəqil xarici və təhlükəsizlik siyasəti Vaşinqtonu deyil, Kremli narahat edir. Məhz Rusiya mediasında yayımlanan yazılarda Qaraqalpaqıstan “Özbəkistanın Krımı” adlandırılır. Krımı ilhaq edən dövlət isə bəllidir. Bəzi ekspertlər bu qənaətdədirlər ki, Özbəkistan məsələsinin açarı iki ay öncə Vladimir Putinin rəsmi şəkildə Özbəkistanı KTMT-yə dəvət etməsində, əvəzində isə Özbəkistanın Türkiyə və Azərbaycanla yaxınlaşmağı seçməsindədir. Putinin məhz o çağırışından sonra Özbəkistan Türkiyə ilə hərbi əməkdaşlıq sazişi imzaladı. Məlumat üçün bildirək ki, Qaraqalpaqıstan Özbəkistanın tərkibində muxtar respublikadır. Ölkənin şərqində yerləşən muxtar qurum Özbəkistan ərazisinin 40 faizini əhatə edir. Özbəkistanın hazırkı konstitusiyasında Qaraqalpaqıstan muxtariyyətinin referendum yolu ilə ölkədən ayrılmaq hüquqları tanınıb. Bölgədə son vəziyyətə gəldikdə, artıq etirazlar səbəbilə 2 milyon əhalisi olan bölgəyə bütün giriş-çıxışlar dayandırılıb. Avqustun 2-dək Qaraqalpaqıstanda fövqəladə vəziyyət elan edilib. Beləliklə, bir vaxtlar sabit olan ölkədə “nə baş verir” sualına cavab axtarmağa çalışaq.

Etnik münaqişəyə doğru? 

Özbək jurnalist Şahruhbek Alimov türk mediasına müsahibəsində hadisələrin arxasında xarici qüvvələrin dayandığı qənaətindədir. Əlavə edir ki, bəzi qüvvələr bu hadisələrlə heç bir əlaqəsi olmayan qırğınların videolarını paylaşaraq təxribatın dozasını artırmağa çalışır. O, etirazlar nəticəsində ölüm hallarının olmadığını, hadisələrin yaranmasında və inkişafında kənar müdaxilələrin olduğunu xüsusilə vurğulayıb. “Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin səfərindən və onun Qaraqalpaqıstan Məclisindəki çıxışından sonra vəziyyət normallaşmağa meyilli olub. 1992-ci ildə SSRİ-nin dağılması ilə muxtariyyət elan edən qaraqalpaqlar 1993-cü ildə Özbəkistanın ozamankı Prezidenti İslam Kərimovla Özbəkistana 20 illik sadiqlik müqaviləsi bağlayıblar. Tərəflər bu müddəti 2013-cü ildə daha 10 il uzadıblar. Müxalifətdə olan Birlik Partiyasının lideri Ahunov vəziyyətin etnik münaqişəyə çevriləcəyindən ehtiyat etdiyini bildirib. İsveçdə yaşayan bu şəxs “bir çox yerlərdə hələ də nümayişlər davam edir. Ümumi vəziyyət sakitləşməyə başlayıb, amma başqa təhlükə var. Qaraqalpaqlarla özbəklər arasında qarşıdurma tamamilə nəzarətdən çıxa bilər” deyib.

Hədəf Türk Birliyini pozmaqdır?

Türk Cümhuriyyətlərində baş verən hadisələrin təsadüfi olmadığını qeyd edən türk dünyası üzrə ekspert Esma Özdaşlı hesab edir ki, Özbəkistan son zamanlar türk dövlətləri ilə sıx əməkdaşlıq istiqamətində çox ciddi addımlar atıb. Türkiyə başda olmaqla bir çox ölkələrlə normallaşma prosesinə başlanılıb: “Və dərhal da əvvəllər digər Türk Cümhuriyyətlərində gördüyümüz qarışıqlıqla üzləşdi”. Onun qənaətincə, hadisələrin kökündə 1991-ci ildən sonra türklərin birləşməsinin qarşısını almaqdır: “Bir növ gərginlik xətti kimi müəyyən edilən bu sərhədlər çəkilərkən nə etnik, nə dini, nə mədəni reallıq nəzərə alınmayıb. Bu mövzuda rus əsilli türkoloq İlminskinin hazırladığı bir doktrina var və bu plan türk dünyasında tətbiq olunur. Bu doktrinanın əsas mövzusu türk boylarından bir millət çıxarmaq, türkləri daha kiçik birliklərə bölmək və bu toplumları bir-biri ilə vuruşdurmaqdır. Hazırkı vəziyyət Türk Birliyinin qarşısını almaq cəhdləridir”.

Putinin “böyük Rusiya” arzusunun təsiri 

Akademik Araşdırmalar İnstitutunun prezidenti Osman Kepenek də Nukusda başlayan nümayişlərdə xarici qüvvələrin böyük rol oynadığı qənaətindədir. Kepenek Rusiya faktoruna diqqət çəkərək deyib: “Prezidentin bölgəyə səfəri konsensusun əldə edildiyini göstərir. Putin SSRİ xəritəsini dirçəltmək üçün bir çox addımlar atdı. Bölgə əhəmiyyətli təbii qaz və neft ehtiyatlarına malikdir. Azərbaycanla Türkiyə arasında qardaşlıq prosesi çox ciddi şəkildə işə salınıb. Lakin digər türk xalqları ilə bağlı vəziyyət təəssüf ki, fərqlidir. Xüsusilə də Putinin “böyük Rusiya” arzusunun bu nöqtədə çox mühüm yeri var. Beləliklə, regionun yeganə sabit ölkəsi olan Özbəkistan daxili problemlər və parçalanma təhlükəsi ilə üz-üzədir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir