Dünya

Şərqi Asiya üzrə ekspert: “Rusiya artıq Çinə “xüsusi əməliyyat”ın necə aparıldığını göstərib”

Sharing is caring!

“Çin, onun lideri Si Cinpin üçün ölkəni yenidən birləşdirmək, ÇXR-i qlobal gücə çevirmək ideyası çox vacibdir”.

Bu sözləri Oxu.Az-a Şərqi Asiya üzrə ekspert Natalya Plaksiyenko-Butırskaya Pekinin həqiqətən də Rusiyanın Ukraynaya qarşı müharibəsindən nümunə götürərək Taypeyə qarşı hərbi əməliyyata hazırlaşıb hazırlaşmaması ilə bağlı vəziyyəti şərh edərkən deyib.

“Hazırda həqiqətən gərginlik mövcuddur və bu gərginlik bir il əvvəl – Rusiya öz qoşunlarını Ukrayna sərhədlərinə gətirəndə, Çin aviasiyası Tayvan və Cənubi Koreya yaxınlığında uçuşlar həyata keçirəndə başlandı. Belə bir hiss var idi və indi də bu hiss var ki, Moskva və Pekin hansısa yolla öz hərəkətlərini sinxronlaşdırır. Hətta o zaman bir çox analitiklər güman edirdilər ki, tezliklə ya Rusiya Ukraynaya hücum edəcək, ya da Çin Tayvanda əməliyyat keçirəcək. Sonra iki qaynar konflikt yarananda bu, Avropa (Ukrayna) və Asiyada (Tayvanda) öz təsirini göstərəcək.

Əgər, indi Rusiya lideri Ukraynaya müdaxilədən, Ukrayna ərazilərinin işğalı ilə bağlı məsuliyyətdən yaxa qurtara bilsə, o zaman Çin üçün Tayvan məsələsinin həlli tamamilə haqlı addım olacaq, çünki Pekin bunun ÇXR-in daxili işi olduğuna inanır. Rusiya isə artıq “xüsusi əməliyyat”ın necə aparıldığını göstərib. Məsələn, Ukrayna limanlarını bağlamaq (üstəlik Tayvan bir adadır), raket hücumları (Çin də Rusiyada olduğu kimi böyük bir arsenala sahibdir).

Hazırda Rusiya və Ukrayna arasında gedən müharibədə Çin şərti neytrallığa riayət edir ki, bu da Rusiya Federasiyasına sərf edir. Aydındır ki, Çin mediası Moskvanın təcavüzünə haqq qazandıran bəhanələri qəbul edir. Eyni zamanda da Çin Ukrayna və Tayvanın fərqli hekayələr olduğunu vurğulayır. Ukrayna müstəqil dövlətdir, Tayvan isə Çinin bir hissəsi, bizim ərazimizdir və biz xarici dövlətlərin bizim daxili işlərimizə qarışmasının əleyhinəyik (bu, elə birbaşa ABŞ-a işarə idi) deyir. Bununla belə, Çin ya Rusiyanın təcavüzünü pisləyən qətnamələrin əleyhinə səs verir, ya da bitərəf qalır”, – deyə ekspert vurğulayıb.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir