Dünya

Rusiyanın qurduğu oyun: Millətçi keçmişi olan ölkənin neytrallıq fasadı qopdu – TƏHLİL

Sharing is caring!

Kreml Ukrayna üzərində hegemonluq qurmaq siyasətindən əl çəkmədikcə və beynəlxalq münasibətlər sistemindən təcrid olunduqca digər regionlarda ehtiyatda olan münaqişələri aktuallaşdırır.

Rusiya Federasiyasının xarici siyasət kursundakı barıt qoxusunu tündləşdirməkdən geri çəkilməsi çətin məsələdir, buna görə də Qərbin “Axilles dabanından” vurmaq üçün nizələrini Avropaya çevirir.

Avropadakı bəzi ölkələr isə Rusiyaya qarşı beynəlxalq sistemli davranışda yer almaqdan boyun qaçırmağa çalışır, elə Almaniya və Fransa kimi ölkələr də Moskvaya üstüörtülü-gizli simpatiya göstərirlər.

Amma Fransa və Almaniyadan fərqli olaraq Serbiya Rusiyaya mənəvi simpatiya duyur və Moskvanın Ukraynadakı hərəkətləri onun da xoşuna gəlir.

Bu cür mənəvi-siyasi bağlılıq Moskva ilə Belqradı yeni düzən fonunda əlaqələri genişləndirmək çağırışları ilə qarşılaşdırır.

Sxemin konseptual görünüşü belədir:

1. Rusiya Serbiyadakı hakimiyyəti dəstəkləyir, ölkədə millətçi meyillərin qızışması üçün kəşfiyyat işlərini gücləndirir;

2. Bosniya və Herseqovinadakı Serb Respublikasının Serbiyaya birləşməsi üçün təlimatlar hazırlayır;

3. Avropanın içərisini münaqişəyə “hamilə” vəziyyətinə gətirir;

4. Millətçi ənənəsi olan Serbiya bundan narahat olmur;

5. Rusiya Serbiyaya daha ucuz qiymətə qaz təklif edərək onun jestinə cavab verir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Serbiyaya səfər etmək arzusu həmin istiqamətlər üzrə tezisləri müzakirə etmək məqsədi daşıyırdı, amma Bolqarıstan, Şimali Makedoniya və Monteneqro öz hava məkanlarını Lavrovun təyyarəsi üçün bağladılar.

Rusiya buna görə məyus deyil və səylərini davam etdirərək münaqişə qazanını qaynama həddinə qədər qızdırmaqda davam edəcək.

Serbiyanın Qərblə Rusiya arasındakı ip üzərindən düşərək üzünü Rusiyaya tutmasına şərait yaradan mənbələrdən biri də Kosovadır.

Kosovanın müstəqil olması Rusiyanın Serbiyaya investisiyalarını təşviq etdi və indi Rusiyanın Serbiyadakı iqtisadi-enerji maraqları son dərəcə əhəmiyyətlidir və rəqiblərini üstələyir.

Serbiya hesabına qazanılan bu mövqe Rusiyanın təbii qaz və neft asılılığı olan Balkan bazarındakı mövqeyini bərkidir.  

Serbiyanın Rusiya üçün qazandırdığı imkanlar Qərbin Avropadakı strateji yuvalarına çomaq soxur.

Təbii ki, münasibətlərin belə tempinə görə Serbiya cəzasız qalmayacaq, belə ki, Belqradın tövrü onun Avropa İttifaqı üzvü olmaq yolundakı qapıları üzünə bağlayacaq.

Hərçənd ki, Serbiyanın Avropa İttifaqına üzv olması strateji oyun məntiqində Rusiyanın da əlinə işləyə bilər.

Yəni Serbiya Avropa İttifaqı ailəsinin “övladı” olarsa, Rusiya həmin birlikdə daxili oyunçu əldə edəcək. Ancaq Avropa Birliyi Serbiyanın “ağzına” qıfıl vurub – buna görə də Rusiya-Serbiya əlaqələri ikitərəfli qaydalarla tənzimlənəcək.

NƏTİCƏ

Ukraynadakı müharibə Serbiyanın Rusiya ilə Avropa arasındakı neytrallıq fasadını Moskvanın xeyrinə dəyişdirdi. Serbiyanın başqa planı da ola bilər.

Məsələn, mümkündür ki, Belqrad Avropanın təhlükəsizlik arxitekturası, enerji təhlükəsizliyi, Kosovanın statusu ilə bağlı mübahisəli məsələlərdə sövdələşmə gücünü artırmaq üçün tərəfləri bir-birinə qarşı oynatmağa çalışsın.

Amma bu oyun Rusiyanın təsir dairəsinin genişlənməsinə gətirib çıxarır, çünki Moskva Balkan regionunu NATO-nun təsir dairəsini azaldan əsas səhnə kimi görməkdə davam edəcək.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir