Dünya

Manisada Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilib – FOTO

Sharing is caring!


Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Türkiyənin Manisa şəhərində fəaliyyət göstərən Cəlal Bayar Universitetində “Unutmadıq, unutdurmayacağıq” adlı anım tədbiri keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Tədbirdə universitetin baş katibi Erhan Doğan, TADEF sədrinin müşaviri Pərviz Məmmədzadə, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Kənan Məmmədov, universitetin müəllim-tələbə kollektivi, o cümlədən Cəlal Bayar Universitetində təhsil alan azərbaycanlı tələbələr, yerli ictimaiyyətin, QHT-lərin, siyasi partiyaların və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Manisa Böyükşəhər Bələdiyyəsinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF), Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdən əvvəl universitetdə təşkil olunmuş və Xocalı soyqırımından bəhs edən fotosərgi ilə tanışlıq olub. Heydər Əliyev Fondu tərəfindən nəşr olunmuş buklet və broşürlər tədbir iştirakçılarına paylanılıb.

Azərbaycan və Türkiyənin ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Tədbiri açıq elan edən Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Şentürk Hoşgül tədbir iştirakçılarını salamladıqdan sonra Xocalı soyqırımı haqqında məlumat verib.

Cəlal Bayar Universitetinin prorektoru, professor Kadir Ay soyqırım və onun ağır nəticələri barədə danışıb, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında bundan sonra da çalışacaqlarını vurğulayıb.

Daha sonra Azərbaycan Respublikası Vəkillər Kollegiyası Akademiyasının rektoru, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin professoru, hüquq elmləri doktoru Əmir Əliyev və Cəlal Bayar Universitetinin müəllimi, dosent İrfan Murat Yıldırım məruzə ilə çıxış ediblər. İ.M.Yıldırım Xocalı soyqırımına qədər və sonrakı dövrlə bağlı geniş tarixi-siyasi və elmi faktları iştirakçılara çatdırıb. Ə.Əliyev isə soyqırımını hüquqi, xüsusilə beynəlxalq hüquq və münasibətlər konktekstində təhlil edərək, qlobal arenada tanıdılmasının texnologiya və əsaslarından danışıb.

Çıxışlardan sonra “İşgəncələr məbədi – Şuşa həbsxanası” sənədli filminə baxış keçirilib.

Manisa Kültür Mərkəzində isə “Xocalı soyqırımı” fotosərgisi təşkil olunub.

Manisa Böyükşəhər Bələdiyyəsinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF), Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Sərgidə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədrinin müşaviri Pərviz Məmmədzadə və Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri Şentürk Hoşgül çıxış ediblər.

Tədbirdə Böyükşəhər Bələdiyyəsinin, siyasi partiyaların, QHT-lərin nümayəndələri və Cəlal Bayar Universitetində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir