Dünya

Fransanın yeni müstəmləkəsi: Paris Ermənistanı Livana çevirir – ŞƏRH + FOTO

Sharing is caring!


Fransa özünü Ermənistanın yiyəsi kimi aparır. Paris bir vaxtlar Afrikada, Yaxın Şərqdə törətdiyi əməlləri indi Cənubi Qafqazda təkrarlamağa çalışır.

Fransa Milli Jandarmeriyasının xarici əlaqələr üzrə komandanı briqada generalı Uilyam de Meyer Avropa İttifaqı (Aİ) Mülkü Missiyasının yerləşdiyi ərazilərə baş çəkib. Bu hadisə rəsmi Parisin Cənubi Qafqaza hərbi müdaxiləsinin açıq-aşkar göstəricisidr. Rəsmi Paris və Berlin Avropa İttifaqı missiyası Ermənistanın Azərbaycanla sərhədinə yaxın ərazisində yerləşdiriləndə bunun mülki xarakter daşıdığını bildirirdilər. Ancaq missiyanın tərkibinin əvvəlcə 20-30 nəfərdən ibarət olacağı deyildiyi halda, indi onların sayı az qala hər ay artır.

Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel ötən ilin dekabrında “müşahidəçi”lərin sayını 138-dən 209-dək artıracaqlarını bildirmişdi. Qurumun rəhbərləri iddia edirlər ki, onların sayını artırmaqla Azərbaycanla Ermənistan arasında “beynəlxalq sərhədlərdə sabitliyi” gücləndirəcəklər. Jozep Borrel və Ermənistanın havadarları iki ölkə arasında münasibətlərə bu kimi müdaxilə ilə tərəfləri bir-birindən uzaqlaşdırır, etimad mühitinin yaranmasına mane olur, onların sülh və əməkdaşlıq istiqamətində addım atmasını əngəlləyirlər.

Avropa İttifaqının məlum missiyası isə dinc, mülki mahiyyətini itirir. Bu missiya Fransanın patronajlığı altında fəaliyyət göstərən hərbi qruplaşmadır. Fransa Cənubi Qafqazda hərbi mövcudluğunu bu missiya adı altında reallaşdırır.

Ermənistanın baş naziri Nikol Paşinyan bu yaxınlarda hərbi sahədə əməkdaşlığın şaxələndirilməsinə dair açıqlama vermişdi. Bununla o, Fransanın ölkə ərazisində bu istiqamətdə fəaliyyətinə “yaşıl işıq” yandırıb. Fransanın Ermənistanı silahlandırması, bu ölkədə missiyasını gücləndirməsi buna sübutdur. Fransalı hərbi təlimatçıların Ermənistan ordusundakı fəaliyyəti, briqada generalı Uilyam de Meyerin səfəri Azərbaycanın Ermənistanla sərhədyanı ərazilərdə mövqelərini gücləndirərək qarşı tərəfin istənilən təxribatına hazır olmasını deməyə əsas verir.

Bu kimi hadisələr Fransanın Ermənistanı revanşa hazırladığını təsdiqləyir.

Məqsəd Azərbaycana hücum edib, lokal əməliyyat keçirib, ən azından, bir parça torpaq almaqdır. Bununla da Fransa Cənubi Qafqazda öz gücünü nümayiş etdirmək, Ermənistanda isə revanşistlərə mənəvi dəstək vermək niyyətindədir.

Fransanın bu addımları təkcə Azərbaycana qarşı deyil, həm də Ermənistanda tədricən nəzarəti itirən, bu ölkədə hərbi bazası olan Rusiyaya, Ermənistanla həmsərhəd olan İrana ismarışdır. Nəzərə almaq lazımdır ki, Tehran hakimiyyətinə radikal müxalifət uzun illərdir Fransa ərazisində yerləşir. Bu baxımdan, Yelisey sarayının perspektivdə onları silahlandıraraq Ermənistan ərazisindən İrana hücum təşkil etməyəcəyinə təminat yoxdur. Qeyd edək ki, bir vaxtlar İraqla müharibə zamanı bu müxalifət İrana qarşı hərbi əməliyyatlarda iştirak edib. Yəni belə bir təcrübə mövcuddur.

Ermənistan yaradıldığı vaxtdan Cənubi Qafqazda başqa dövlətlərə casusluq edib.

Əvvəllər çar Rusiyası, SSRİ, RF qarşısında etdiyi xidməti indi Qərbə göstərir. Başqa sözlə, Fransanın başçılığı altında ondan Azərbaycan, Rusiya, İran və Türkiyəyə qarşı kəşfiyyat plasdarmı hazırlayırlar. Tarix belə hadisələrin ziyanlı olduğunu dəfələrlə təsdiqləyib.

Livanda sabitliyin yaranmasına mane olanlardan biri də Fransadır. Rəsmi Paris bununla da Yaxın şərqdə sabitliyin pozulmasına öz “töhfə”sini verir. Livanın İsrail ərazisinə, qarşı tərəfin isə cavab atəşi açması bunu təsdiqləyir. Yelisey sarayı Beyrut layihəsinin oxşarını Cənubi Qafqazda reallaşdırmağa səy göstərməklə Ermənistanı Livana çevirir.

Görünür, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yanvarın sonuncu günü Ermənistanın NATO ilə yaxınlaşmasının təhlükəli olacağına dair xəbərdarlıq edərkən həm də Fransanın bu ölkədə hərbi fəaliyyətini diqqətə çatdırıb: “Ermənistan NATO-ya qəbul olmaq istəyirsə, bunun nə qədər təhlükəsiz olduğunu və hansı nəticələrə gətirib çıxaracağını başa düşməlidir”.

Fransa özünü Cənubi Qafqazda NATO və Avropa İttifaqının nümayəndəsi kimi aparmaqla bu qurumların da regiondakı nüfuzuna zərbə vurur. Fransalı briqada generalının Ermənistan-Azərbaycan sərhədyanı ərazilərə səfəri Nikol Paşinyanın sülh, bir-birinə hücum etməmək barədə razılaşma, yeni konstitusiya yazmaq kimi açıqlamalarının saxtalığını ifşa edir.

Bütün bunlar göstərir ki, Fransa Ermənistana müstəmləkə torpaqları kimi yanaşır. Əks halda, rəsmi İrəvanın Azərbaycanla yaxınlaşmağa dair istəklərinə də hörmət edərdi.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir