Dünya

Prinsipini pozan İran: Tehran müsəlman dövlətlərinə qarşı – ŞƏRH + FOTO

Sharing is caring!


İran İslam Respublikası qurulduğu vaxtdan – 1979-cu ildən həmişə gərginlik ocağı olub. 1980-ci ildə İraqla müharibənin başlanması buna nümunə sayıla bilər. Tehran hakimiyyəti siyasətini problem yaradaraq guya onu həll etmək üzərindən həyata keçirir. Bir çox hallarda elə görünür ki, sanki İran bütün tərəflərlə əlaqə saxlayır, yaxud buna cəhd göstərir.

İslam Respublikasının başqa müsəlman ölkələri ilə münasibətlərini ən yaxşı halda “gərgin” adlandırmaq olar. Tehran İslam birliyindən danışmağı sevsə də, əslində vəziyyət daha acınacaqlıdır. Çünki o, uzun illər müsəlman ölkələri ilə müharibə vəziyyətində olub. İraqla savaşdan sonra Səudiyyə Ərəbistanı ilə əlaqələrdə gərginlik zaman-zaman silahlı qarşıdurmaya çevrilməyə yaxın olub. İrandakı siyasi-dini ideoloqlar bu ölkədəki təriqətə qarşı çıxış edib. Bundan başqa fars şovinizminin ərəblərə qarşı etnik düşmənliyini də bu məsələ adı altında pərdələyib.

Təxminən 10 il əvvəl Ər-Riyadın İranın Məşhəd şəhərindəki Baş Konsulluğunun binası yandırıldı. Sonra uzun müddət tərəflər arasında bütün əlaqələr kəsildi. Hətta, iranlı zəvvarların Həcc ziyarətinə getməsində belə problem yaranmışdı. Ötən ilin yazında iki müsəlman dövləti – İranla Səudiyyə Ərəbistanı arasında kommunist Çin Xalq Respublikası vasitəçilik etdi.

Tehran illərlə PKK terror qruplaşmasından Ankaraya qarşı istifadə edib, Türkiyə ilə İran arasında türk xəttini sıradan çıxarmaq məqsədi ilə Cənubi Azərbaycanla sərhəddə müxtəlif ölkələrdən köç etmiş kürdlərin yerləşməsinə şərait yaradıb.

İranın Bəhreyn, Küveytlə də münasibətləri gərgindir. BƏƏ ilə Tehran arasında Əbu Musa, Böyük Tomb və Kiçik Tomb adaları ilə bağlı mübahisə hələ də həll olunmayıb. 1979-cu il inqilabından sonra Məhəmməd Rza şah Misirə sığındığından İran bu ölkə ilə diplomatik əlaqəni, hətta şah öləndən sonra belə bərpa etməyib.

44 günlük müharibə zamanı İran hakimiyyətinin Ermənistan sevdası bir daha ifşa olundu. 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu, diplomatik missiyanın əməkdaşının qətli və yaralanması hadisəsi də İranın yürütdüyü ümmətçilik siyasətinin saxta olduğuna dair çoxsaylı nümunələrdəndir.

Bu il yanvarın 17-də İran Pakistan ərazisini raket atəşinə tutmaqla beynəlxalq normaları pozub. Bununla Tehran qonşu müsəlman ölkənin suverenliyinə zərbə vurub. O, İslamabada xəbərdarlıq etmədən onun ərazisində əməliyyat həyata keçirib. Bununla həm də Pakistan vətəndaşlarının öz dövlətinə və seçdiyi hökumətə etimadına zərbə vurub.

Tehran hakimiyyəti bununla da sübut etmək istəyib ki, HƏMAS-İsrail müharibəsi onu Mərkəz Asiyadan uzaq salmayıb. Ancaq Pakistanın cavab addımı Tehranı silkələdi. Pakistan İran hakimiyyətinə sübut etdi ki, o, nə Suriyadakı Bəşşar Əsəd hakimiyyəti, nə də yarımçıq Bağdad idarəçilərindəndir.

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın yanvarın 29-da Pakistanın xarici işlər naziri Cəlil Abbas Cilaninin dəvəti ilə İslamabada səfər edəcəyi gözlənilir. Yanvarın 26-da tərəflər səfirlər səviyyəsində münasibətlərin bərpa edilməsi barədə razılığa gəliblər.

Ötən il Tehran hakimiyyəti qonşu və müsəlman ölkələri ilə yeni və az qala sıfır variantdan münasibət quracağını, daha çox iqtisadi əlaqələrə üstünlük verəcəyini açıqlamışdı. Ər-Riyadla əlaqələrin bərpasında bu yanaşma özünü göstərdi. Amma son hadisələr Tehranın müsəlman dövlətlərlə əlaqəsində yeni və fərqli siyasətin olmağını təsdiqləyir.

Pakistan İrana, o cümlədən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) və onun Qüds qoluna sübut etdi ki, Mərkəzi Asiya Suriya, İraq, Yəmən, Livan deyil. İslamabad olan yerdə Tehran hakimiyyətinin atı yürüməz.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir