Dünya

Moskvanın İrəvana açıq ismarışları: Lavrov Paşinyana yol göstərir – ŞƏRH + FOTO

Sharing is caring!


Rusiya-Ermənistan münasibətlərində gərginlik qalmaqdadır. Rusiya xarici işlər naziri Sergey Lavrovun illik mətbuat konfransında səsləndirdiyi fikirlər də bu qənaətə gəlməyə əsas verir. O, İrəvan rəsmilərinin son günlər verdiyi bir sıra açıqlamaları da cavablandırıb. Həmin cavabların birbaşa və ya dolayısı ilə Azərbaycana da aidiyyəti var.

Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirmişdi ki, İrəvan da İran kimi eyni şərtlərlə Azərbaycanın digər əraziləri ilə Naxçıvan Muxtar Respublikası arasında quru yolla kommunikasiyaları təmin etməyə hazırdır. S.Lavrov bu açıqlamada məntiq görmədiyini deyib.

Nazir xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri N.Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları Üçtərəfli Bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında iqtisadi-nəqliyyat əlaqələrinin açılması və Ermənistanın kommunikasiyaların təhlükəsizliyinə təminat verməsi yazılıb. S.Lavrov nəqliyyat əlaqələrinin bərpasının alternativi olmadığını, Üçtərəfli Bəyanatla parametrlərin müəyyən edildiyini vurğulayıb: “Marşrut Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının nəzarəti altında Ermənistanın suveren ərazisindən keçir”. Onun sözlərinə görə, Azərbaycandan Ermənistana girişdə və əks istiqamətdə sərhəd və gömrük nəzarəti prosedurları prinsipcə razılaşdırılıb. Onun iddiasına görə, Azərbaycandan-Azərbaycana gedən yük Rusiya Sərhəd Qoşunlarının nəzarətindən keçməlidir.

Ermənistanın baş naziri isə bildirmişdi ki, Üçtərəfli Bəyanat artıq hüquqi qüvvəsini itirib.

Bu cavabla belə ehtimal etmək olar ki, S.Lavrov İrəvanla bağlı yayılan iki fikrə də münasibət bildirib. Moskva Ermənistanın Türkiyə və İranla dövlət sərhədini mühafizə edir. Son zamanlar Rusiyanın bu ərazilərdən çıxarılmasına dair müxtəlif fikirlər səsləndirilir. Hətta bu məqsədlə Almaniyanın rəsmi İrəvana maliyyə dəstəyi boyun olduğu da bildirilib. S.Lavrov bununla N.Paşinyan hökuməti rəsmilərinin və Ermənistandakı Rusiya Sərhəd Qoşunlarının çıxarılmasını istəyənlərin fikirlərinə də münasibət bildirib. O, məlum cavabı ilə rəsmi İrəvana “sərhədlərdən heç yerə getmirik”, “yol da razılaşdırılmış sənədə uyğun açılacaq” ismarışını verib.

Son illər Rusiya-Ermənistan münasibətlərinin korlanması məsələsi tez-tez gündəmə gətirilir. Düzdür, rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) münasibəti, Fransa ilə hərbi-siyasi istiqamətdə əlaqələri, əməkdaşlığı genişləndirməsi ilə bunu təsdiqləyir. Bununla belə, Ermənistan rəsmiləri Kreml liderləri ilə görüşlərdən sonra ikitərəfli əlaqələrin genişləndiyindən, Rusiya ilə xoşməramlı münasibətlərdən bəhs edirlər. Nazir bu iki ölkə arasında vəziyyətin bu həddə çatmasında İrəvanı suçlayıb: “Rusiya heç vaxt Ermənistanla münasibətlərin soyumasının təşəbbüskarı olmayıb”. Sergey Lavrov bildirib ki, Paşinyan hakimiyyətə gələnədək İrəvanı tərk etmək niyyətləri olmayıb.

O, baş nazir və komandasının müxalifətdə olduğu dövrdə anti-Rusiya çıxışlarına diqqət çəkib: “Siyasi proseslər, seçki kampaniyaları zamanı təşviqat apararaq KTMT-dən, Avrasiya İqtisadi İttifaqından çıxmağa çağırırdılar”. XİN başçısı Paşinyan hakimiyyətə gələndən sonra da Rusiyaya münasibətdə Ermənistanın mövqeyinin dəyişmədiyini bildirib.

Belə ehtimal etmək olar ki, S.Lavrov bununla Ermənistan cəmiyyətinə “Rusiya sizi atmayıb” ismarışını verib. Bu isə ölkədəki rusiyameyillilərə özünəməxsus ismarış da sayıla bilər.

O, Ermənistandan giley etməyi də unutmayaraq bildirib ki, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə komissiyanın toplantılarına Rusiya dəvət olunmur. Bu proses rəsmi İrəvanın Bakının təkliflərinə gec münasibət bildirməsi nəticəsində reallaşmır. Başqa sözlə, Ermənistan sərhədlərin müəyyənləşməsi, sülh sazişinin imzalanması kimi məsələlərə dair görüşlər keçirməyi müxtəlif bəhanələrlə gecikdirir. O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasında irəliləyişin olmaması Qərbdən məsləhət alan İrəvanın mövqeyindən qaynaqlanır.

Yeri gəlmişkən, ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu isə S.Lavrovun çıxışına cavab olaraq bildirib ki, Ermənistan Rusiyanın qarşısında geri çəkilməyə başlayır.

Ekspertlərin fikrincə, N.Paşinyan Moskva qarşısında artıq əyilir. Bildirilib ki, Rusiya mənbələri Moskvadan uzaqlaşdığına görə İrəvanın peşman olduğunu nümayiş etdirirlər.

S.Lavrovun hesabat xarakterli mətbuat konfransında Ermənistanla bağlı bir sıra istiqamətlər yer alıb:

– Rusiyadan uzaqlaşmağa görə məsuliyyəti Ermənistan daşıyıb;

– Delimitasiya ilə bağlı komissiyanın işinə dəvət olunmamaq məsələsini qabartmaqla Avropa İttifaqının mülki müşahidə missiyasının Ermənistandakı fəaliyyətinə işarə edib;

– Ermənistanın Qərb, o cümlədən Fransa ilə məsləhətləşməsini xüsusi olaraq vurğulayıb;

– İrəvanı Bakı ilə sülh prosesi istiqamətində fəaliyyətsizlikdə ittiham edib;

– Rusiyanın rəhbərlik etdiyi danışıqların daha perspektivli olduğunu vurğulamaqla Ermənistanı Moskvaya qarşı çıxmaqda qınayıb və s.

S.Lavrov son mətbuat konfransında Rusiyanın Ermənistanla münasibətlərinin normallaşması üçün rəsmi İrəvana ismarışlar da verib. O, əlaqələrin genişləndirilməsi üçün N.Paşinyanın düzəltməsi vacib olan məsələləri açıqlayıb. S.Lavrov həm də Rusiya-Ermənistan gərginliyinin aradan qaldırılması üçün İrəvana yol göstərib. Bu istiqamətdə ona səhvlərini düzəltməyi təklif edib.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir