Dünya

Pakistan-İran qarşıdurması: Yenidən gündəmə gələn bəluc problemi – ŞƏRH + FOTO

Sharing is caring!


Pakistanla İran arasında gərginlik davam edir. Yanvarın 18-də İslamabad Tehranın yanvarın 17-də etdiyi raket hücumuna cavab verib. Pakistan Hərbi Hava Qüvvələri İranın Sistan və Bəlucistan əyalətinin Seravan şəhərində terrorçuların mövqeyinə zərbələr endirib.

Yaxın Şərqdə baş verən silahlı qarşıdurma fonunda iki islam respublikası arasında müharibə ola bilərmi?

Sualı cavablandırmamışdan əvvəl Pakistan və İran münasibətləri haqqında qısa xatırlatma etmək istərdik.

İki ölkə arasında diplomatik münasibətlər 1947-ci ildən mövcuddur. İran şahı Məhəmmədrza Pəhləvinin hakimiyyəti illərində tərəflər regionda ABŞ-nin də daxil olduğu SENTO hərbi ittifaqının üzvü olublar. İranda 1979-cu il inqilabından sonra da iki ölkə arasında əlaqələr inkişaf edib. Hindistanla soyuq müharibə zamanı Tehran İslamabada dəstək verib. İran-İraq müharibəsi zamanı Pakistan birinciyə hərbi yardım göstərib.

2013-cü ildə “BBC World Service Poll” keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən, pakistanlı respondentlərin 76 faizi İrana xoş münasibət göstərib.

İki ölkə arasında ticarət əlaqələri də artan xətt üzrə inkişaf edir. 2022-ci il martın 20-dən 2023-cü il martın 21-dək İranla Pakistan arasında ticarət dövriyyəsi 2 milyard 330 milyon dollar təşkil edib. Bu da bundan əvvəlki uyğun dövrlə müqayisədə 30 faiz çoxdur.

İran Pakistandan da keçməklə təbii qaz kəməri çəkməyi planlaşdırır. Hazırda Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan təbii qaz ixrac kəməri çəkilir. Bu xətt vasitəsilə ildə 33 milyard kubmetr qaz ötürülə bilər.

Rəsmi İslamabad ABŞ-nin təzyiqlərinə baxmayaraq, İranla əlaqələri inkişaf etdirib. Bununla belə, tərəflər arasında mənafelərin toqquşduğu məqamlar da az deyil.

Təxminən bir il əvvəl İran Pakistanı təbii qaz kəməri tikintisini ləngitməkdə ittiham edərək 18 milyard dollar iddia qaldıracağı ilə hədələmişdi. Ötən ilin fevralında “Daily Pakistan” qəzeti yazmışdı ki, Pakistan kəmərin öz ölkəsindən keçən hissəsini 2024-cü ilin fevral-mart aylarına qədər tikməzsə, Tehran İslamabada qarşı iddiasını məhkəməyə göndərəcək. Xatırladaq ki, 2019-cu ilin sentyabrında İranın Milli Neft Şirkəti ilə Pakistanın Milli Neft-Qaz Şirkəti arasında qaz kəmərinin tikintisinə dair yenilənmiş saziş imzalanıb.

İki ölkə arasında ziddiyyətlərdən biri də bəluclarla bağlıdır. Bəhs etdiyimiz məlum qaz kəməri layihəsi Pakistanın Bəlucistan əyalətinin Qvadar bölgəsindən də keçir. Yeri gəlmişkən, bu rayon 1783-1958-ci illərdə indiki Omanın ərazisi sayılıb. 1958-ci ildən Pakistanın nəzarəti altındadır.

Onu da bildirək ki, hazırda Bəlucistanın nəqliyyat infrastrukturunun əsas sərmayəçisi Çindir. O, Qvadarda dərin dəniz limanının tikintisi üçün Pakistana 200 milyon dollar ayırıb. Pakistan hökuməti isə Makran sahilindəki bu yeni limanı Kəraçi ilə yeni magistral yollarla birləşdirməyi planlaşdırır. Rəsmi Pekin İran və Pakistanla münasibətlərinə əsaslanaraq tərəflər arasında vasitəçiliyini təklif edib.

Bundan başqa, ehtimala görə, Bəlucistan əyalətindən İran və ya Türkmənistandan strateji qaz kəmərləri çəkilərsə, bu bölgə Pakistan üçün problem yarada bilər. Təhlilçilərin fikrincə, Hindistan və Pakistan bazarlarına tədarük olunan qazla bağlı maliyyə mübarizəsi bəlucların beynəlxalq silahlı qruplaşmalarla birləşməsi ilə nəticələnər. Belə vəziyyət isə regionu yeni münaqişə ocağına çevirər.

Bəluclar Əfqanıstan, Pakistan, İranla yanaşı, Birləşmiş Ərəb Əmirlikləri və Oman ərazisində də yaşayırlar. 1948-ci ildən Bəlucistanda silahlı münaqişə davam edir. Onlar müstəqillik uğrunda mübarizə apardıqlarını bildirirlər. Bəlucistan Azadlıq Ordusu, Cundullah Qurtuluş Ordusu və başqa silahlı qruplaşmalar bu istiqamətdə mübarizə apardıqlarını gizlətmirlər.

Ötən ilin sonunda İran, Pakistan və Əfqanıstanda fəaliyyət göstərən bəluc qruplaşmaları vahid təşkilat yaratmaqla bağlı danışıqlar aparıblar. İslamabad Bəlucistan əyalətində fəaliyyət göstərən həmin separatçılara qarşı mübarizə aparıb. Bu isə o deməkdir ki, İranın həmin silahlı qruplaşmanı əlində bayraq edib, Pakistan ərazisini vurması iki ölkə arasında daha ciddi problemlər yarada bilər.

Ehtimal etmək olar ki, İran Bəlucistan əyalətini bombalamaqla Pakistan ərazisindən keçən bəhs etdiyimiz qaz kəmərinin reallaşması üçün yol açmağa cəhd göstərib. Bununla Pakistanın suverenliyini pozmaqla yanaşı, həm də regionda mümkün qarışıqlığın yaranmasına şərait yaradıb.

İslamabad da İranda oxşar hadisənin yaşanması üçün cavab zərbəsi endirib. İranın Sistan və Bəlucistan əyaləti də sakit bölgə sayılmır. Bu isə perspektivdə regionda bir sıra baxımdan daha böyük və təhlükəli hadisələrin baş verəcəyi ehtimalını artırır. Bu mənada Tehranın Pakistan ərazisinə raket zərbəsi və buna verilən cavabın bəlucların fəaliyyətinə mənfi təsiri çətindir. İran hakimiyyəti dünyada yaranmış vəziyyətdən istifadə edərək Pakistanın Bəlucistan əyalətindəki “maneə”ni də aradan qaldırmağa çalışıb, ancaq özü üçün yeni problem yaradıb, yaxud bəluc amilinin ərazisində də güclənməsinə şərait yaradıb. Odur ki, İranın son addımı iki ölkə arasında ortaq əməliyyatların keçirilməsi ehtimalını da, az qala, mümkünsüz edib. Nəticədə son hadisələr Mərkəzi Asiyada bəluc probleminin dünyanın gündəliyinə çıxmasına yeni təkan verib.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir