Dünya

Aİ “bulanıq suda balıq tutmağa çalışır”: Brüsselin ikili standartları səngimir – ŞƏRH + FOTO

Sharing is caring!


Avropa İttifaqı (Aİ) özünün ritorikasında ikili standartları əsas tutmağa davam edir. Bəli, məhz əsas tutmağa. Məsələ ondan ibarətdir ki, bu qurumun davranışları, Aİ rəsmilərinin səsləndirdikləri bəyanatlar heç də obyektiv deyil. Məsələn, yanvarın 16-da Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko özünün “X” hesabında Azərbaycana qarşı əsassız iddia ilə çıxış edib. O, Azərbaycan məhkəmə sistemini hədəf alaraq həbs edilənlərə qarşı kobud davranıldığını bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəhbəri Ayxan Hacızadə bu iddiaya cavab verərək vurğulayıb ki, ölkənin məhkəmə sistemi ən yaxşı beynəlxalq təcrübələr əsasında qurulub və ona müdaxilə qəbuledilməzdir: “Bu iddia həm əsassız, həm də məsuliyyətsizdir! Yaxşı olardı ki, səfir Avropa İttifaqının bəzi ölkələrinin məhkəmə sistemlərində ədalətin olmaması və pis rəftara diqqət yetirsin”.

Sual yaranır, Aİ niyə öz problemləri ilə məşğul olmur? Məgər, Avropa ölkələrində, o cümlədən Almaniya və Fransada polis zorakılığı barədə az eşitmiş, oxumuşuq? Avropa ölkələrinin bir çoxunda dinc etirazlar vəhşicəsinə dağıdılır. Yada salaq, 2023-cü ilin sentyabrında Fransanın paytaxtı Parisdə polis zorakılığına, irqçiliyə qarşı geniş nümayişlər keçirildi. Həmin vaxt 30 minə yaxın insan küçələrə çıxmışdı. Daha əvvəl, 2020-ci ildə də Fransada oxşar hadisələr olmuşdu.

Bundan başqa, həmin Avropa ölkələrində islamofobik meyillər getdikcə güclənir. Demokratiyadan dəm vuran dövlətlər öz ölkələrində sanki insan azadlıqlarına qarşı mübarizə aparırlar. Almaniyada irqçilik və ksenofobiyanın son illərdə güclənməsi özünü göstərir. Hələ 2013-cü ilin yazında, yəni 10 il əvvəl Almaniyada 2500 evdə aparılan sorğu xüsusən də ölkənin Şərq vilayətlərində irqçiliyin və miqrantlara mənfi münasibətin dərinləşdiyini təsdiq edib. Belə ki, rəyi soruşulanların 36 faizi “xaricilərin yeganə məqsədi mövcud sosial təminat sistemindən faydalanmaqdır” fikri ilə xeyli dərəcədə, yaxud tamamilə razı olduğunu bildirib. İştirakçıların 33 faizi isə “iş yerləri azaldıqda xaricilər öz ölkələrinə geri göndərilməlidirlər” ideyasını dəstəkləyib. Respondentlərin 11 faizə qədəri isə “nasional sosializmin müsbət tərəfləri də var idi” fikri ilə xeyli dərəcədə, yaxud tam şəkildə razılaşıb.

Aparılan sorğular Almaniyada ksenofobiyanın təhlükəli həddə olduğunu göstərib. Qeyd olunduğu kimi, təhlükəli meyillər ölkənin Şərqində daha sürətlə genişlənir və məlumatlara görə, hazırda Şərqi Almaniya gənclərinin irqçilik səviyyəsi bir vaxtlar Hitlerin nasional-sosialist rejimində böyüyən Qərbi Almaniyanın yetkin vətəndaşlarının irqçilik dərəcəsinə çatıb. Almaniyanın Leypsiq Universitetinin tədqiqatları da təsdiq edib ki, bu ölkədə ksenofobiya artmaqda davam edir.

Məlumdur ki, Almaniyada irqçilik və neonasizmin yenidən dirçəlməsi beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olur və bu, özünü BMT-də keçirilən dinləmələrdə də aydın şəkildə göstərib. Almaniyada insan haqlarının vəziyyəti son dövrlərdə dünya miqyasında 2009-cu ildə BMT-nin İnsan Haqları Şurasının iclasında müzakirə olunub.

Doğrudanmı, Avropanın özündən xəbəri yoxdur?

Bu azmış kimi, Aİ-nin xarici siyasət məsələləri üzrə mətbuat katibi Piter Stano da yanvarın 16-da məhz ikili standartlara uyğun gələn bəyanat səsləndirdi. O söylədi ki, Aİ Ermənistanın ərazi bütövlüyünün pozulmasının qəbuledilməz olduğuna dair Azərbaycana aydın siqnallar göndərir. P.Stanonun sözlərinə görə, bu, Aİ ilə Azərbaycan arasındakı münasibətlərə təsir edəcək. Bundan sonra isə o, sülh prosesini dəstəklədiklərini və tərəflərlə işlədiklərini diqqətə çatdırıb.

Birincisi, Azərbaycan bütün dövlətlərin, o cümlədən Ermənistanın ərazi bütövlüyünə hörmətlə yanaşır. Rəsmi Bakı bunu dəfələrlə, müxtəlif səviyyələrdə bəyan edib.

İkincisi, necə olur ki, otuz il ərzində Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olmasına, tarixi abidələrimizin dağıdılmasına, etnik təmizləmə siyasətinə heç bir səs çıxarmayan Aİ indi “qış yuxusundan oyanır?!”.

Üçüncüsü, artıq Ermənistan da bildirib ki, ikitərəfli təmaslar daha səmərəli ola bilər. Belə olan halda Aİ niyə hələ də proseslərə müdaxilə etməkdən əl çəkmir?

Bütün bunların, o cümlədən Azərbaycana qarşı qərəzin, ikili standartların məqsədi aydındır: Cənubi Qafqazda “suları bulandırmaq”. Hələ bu azmış kimi, Aİ həm də “bulanıq suda balıq tutmağa çalışır”.

Nəzərə almaq lazımdır ki, Azərbaycanda bu cür qərəzli mövqelərə qarşı immunitet yaranıb. Bundan sonra verilən qərəzli açıqlamalar rəsmi Bakının xarici siyasət kursuna təsir etməz. Amma Aİ itirər. Çünki bu cür mövqe Aİ ilə regionun aparıcı aktoru olan Azərbaycan arasındakı münasibətlərin inkişafına fayda vermir, əksinə, gərginlik yaradır. Bu isə Aİ-nin regional maraqlarının təmin olunmasına əngəl yaradır.

P.Stanonun açıqlamasında diqqət çəkən əsas məqamlardan biri Aİ ilə Azərbaycan arasında münasibətlərin perspektivi ilə bağlıdır. Aİ rəsmisi sanki Azərbaycanı təhdid edir, Bakını münasibətlərin pozulacağı ilə qorxudur. Əlbəttə, Aİ ilə əlaqələrin inkişafı Azərbaycan üçün arzuolunandır. Amma qarşı tərəf unutmamalıdır ki, bu, onların özü üçün də əhəmiyyətlidir. Xüsusilə, ikitərəfli əlaqələrdəki enerji sahəsindəki tərəfdaşlığı unutmaq olmaz. Aİ Ermənistana görə Azərbaycanla münasibətləri pozmağa hazırdırsa, buyursun.

Bir də ki, qərəzli bəyanatlar səsləndirən, qeyri-obyektiv açıqlamalar verən Aİ-nin sonra sülhdən danışması heç də səmimilik əlaməti deyil, əksinə, riyakarlıqdır. Əgər Aİ sülhdə səmimidirsə, onda qərəzdən, ikili standartlardan uzaq olmalıdır. Əks halda, nəyəsə nail ola bilməyəcək.

“Report” İnformasiya Agentliyi  

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir