Dünya

Roman Qureviç: “Dünya ədalət tərəfdarıdır, ancaq o şərtlə ki, yəhudilərə, ya azərbaycanlılara dəxli olmasın”

Sharing is caring!


“Dünya ədalət tərəfdarıdır, ancaq o şərtlə ki, yəhudilərə, ya azərbaycanlılara dəxli olmasın”.

Bu sözləri HƏMAS-İsrail müharibəsində beynəlxalq təşkilatların münasibəti və girovların vəziyyətinə reaksiyası ilə bağlı Oxu.Az-a danışan israilli politoloq, “Soxnut” Dünya Yəhudi Agentliyinin Azərbaycandakı fəxri səfiri Roman Qureviç bildirib.

O, oktyabrın 7-də HƏMAS-ın səbəbsiz hücumunu xatırladaraq, 1 200 nəfərin öldürüldüyü və yüzlərlə adamın qaçırıldığı zaman girovların çoxunun azad ediləcəyinə və ya sağ qalacağına çox az adamın inandığını vurğulayıb.

“HƏMAS həm yəhudilərə, həm də müsəlmanlara qarşı vəhşiliklər etdi. Yaraqlılar Qurandan ərəbcə surə oxuyan bədəvini ən amansız şəkildə qətlə yetirdilər. HƏMAS, sadəcə, hamını öldürürdü, bu – ən böyük şərdir.

Nəticədə İsrail əməliyyata başlamaq məcburiyyətində qaldı, lakin buna paralel olaraq girovların azad edilməsi üçün intensiv danışıqlar aparıldı. Deyə bilərik ki, bir möcüzə baş verdi və çoxlu sayda girov İsraildə törədilmiş cinayətlərə görə məhkum edilmiş fələstinli məhbuslarla dəyişdirildi. Girovlar bizim dərdimiz olaraq qalır, HƏMAS onlardan qalxan kimi istifadə edir. Amma orada iki aydan çox əsirlikdə olan 80 yaşlı insanlar, körpələr var. İsrail onları xilas etmək üçün hər şeyi edir”.

Beynəlxalq təşkilatların roluna gəlincə isə ekspert bu hadisədə onların riyakarlığının, ikiüzlülüyünün bir daha özünü büruzə verdiyini qeyd edib.

“BMT-nin baş katibi məşğul olduğunu əsas gətirərək HƏMAS-ın vəhşiliklərindən bəhs edən filmə baxmaqdan imtina edir (Antonio Quterreş nəhayət ona baxdı, ancaq bu, HƏMAS-ın hücumundan iki ay yarım sonra oldu – red.). Halbuki, həmin gün o, İsrailin Qəzza zolağında iddia edilən “vəhşilik”lərini pisləyən bəyanat yaymağa vaxt tapdı.

BMT Təhlükəsizlik Şurasına İsrailin hərəkətlərini pisləyən qətnamə təqdim edilir, lakin İsrailə hücum və israillilərin öldürülməsi ilə bağlı bir kəlmə də deyilmir. İsrailli girovların azad edilməsi tələbi yoxdur. Bütün bunlar açıq-aşkar ikiüzlülükdən xəbər verir”.

Politoloq belə riyakar münasibətin Azərbaycana yaxşı tanış olduğunu vurğulayıb.

“Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının qərarlarını yerinə yetirib öz suveren ərazisini işğaldan azad edəndə beynəlxalq təşkilatlar, müxtəlif dövlətlər bunu alqışlamaq əvəzinə, Bakının hərəkətlərini tənqid etməyə çalışırlar. Qarabağ ermənilərinin könüllü olaraq getmələrinə baxmayaraq, onların taleyindən dəhşətli dərəcədə narahatdırlar. Bəs 30 il əvvəl Ermənistandan, Qarabağdan və yeddi ətraf rayondan bir milyon azərbaycanlı zorla qovulanda onlar harada idilər?

Beynəlxalq təşkilatlardan soruşulur: Xocalıda nə baş verdiyini bilirsinizmi? Cavabda susqunluq hökm sürür, demokratiya müdafiəçiləri bunda maraqlı deyillər, çünki söhbət azərbaycanlılardan gedir.

Bu yaxınlarda UNESCO-nun Qarabağa səfər etmək xahişi ilə çıxış etməsini xatırlayın, lakin sonda nümayəndə heyətinin özü səfərdən imtina etdi, çünki Azərbaycan bu şəhərdəki dağıntıları sənədləşdirmək üçün Ağdam vasitəsilə Xankəndinə gəlməyi təklif etdi. Belə çıxır ki, dünya ədalət tərəfdarıdır, ancaq o şərtlə ki, yəhudilərə, azərbaycanlılara dəxli olmasın”.

“Soxnut”un fəxri səfiri HƏMAS-ın hücumu zamanı dəhşətli hadisələri, o cümlədən qadın və qızların kütləvi zorlanmasını da xatırladıb.

“Əslində, beynəlxalq qadın təşkilatları bu məsələni qaldırmalıdır. Bu, siyasət deyil, qadınların müdafiəsi məsələsidir. Amma yox, ölümcül səssizlik hökm sürürdü”, – deyə o qeyd edib.

Roman Qureviç indiki formatda bütün bu beynəlxalq təşkilatların öz aktuallığını itirdiyini vurğulayıb.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir