Dünya

Türkiyəli fotoqraf NATO-nun təşkil etdiyi müsabiqənin qalibi oldu – FOTO

Sharing is caring!


Türkiyəli fotoqraf Cem Doğut NATO Hava Komandanlığının rəsmi “X” hesabı vasitəsilə təşkil etdiyi döyüş təyyarələrinin havadan çəkilişləri üzrə müsabiqənin qalibi olub.

“İlin ən sevdiyiniz təyyarə şəkli hansıdır?” başlıqlı müsabiqədə qaliblər səsvermə yolu ilə təyin ediliblər və dörd ölkədən olan fotoqrafların işləri səsə qoyulub.

Türkiyəli aviasiya fotoqrafı və tədqiqatçısı Cem Doğut və aviasiya fotoqrafları Kristian Şrik, Bartek Bera və Covanni Kolla əsas mükafat uğrunda yarışıblar.

Müsabiqədə 32 min 259 səs verilib və Cem Doğutun çəkdiyi Polşa Hərbi Hava Qüvvələrinə məxsus “F-16” təyyarəsinin fotosu 56,3 faiz səslə ən çox bəyənilən foto olub. Polşalı müstəqil fotoqraf Bartek Bera tərəfindən Fransanın “Dassault Rafale” döyüş təyyarəsinin Baltikyanı bölgədə yaxından çəkilmiş fotosu 36,6 faizlə ikinci yeri qazanıb. İtaliyalı Covanni Kollanın hava şousundan çəkilmiş fotosu isə 4,3 faizlə üçüncü yerə layiq görülüb. Kristian Şrikin çəkdiyi Niderland Krallıq Hərbi Hava Qüvvələrinə məxsus “F-35” təyyarəsinin fotosu 2,8 faiz səslə sonuncu yerdə qərarlaşıb.

Cem Doğut NATO müsabiqəsində birincilik əldə edən foto ilə bağlı məlumat verib. O, fotonun 31 oktyabr 2023-cü ildə Polşanın Malbork şəhərində çəkildiyini bildirib.

“Fotonu NATO Hava Komandanlığının mətbuat tədbirində çəkmişəm. İtaliya Hərbi Hava Qüvvələrinə məxsus “F-35A” təyyarələri Malbork şəhərində NATO-nun Hava Polisi missiyasını yerinə yetirirdi. Tədbir bu missiyanın tanıdılması məqsədi daşıyırdı. Oxşar bir missiya üçün Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “F-16”lar hazırda Rumıniyadadır. İtaliya “F-35”ləri ilə yanaşı ev sahibi Polşanın “F-16”ları da uçurdu. Biz fotoqraflar uçuş zamanı Polşa Hərbi Hava Qüvvələrinə məxsus “C295” yük təyyarəsinin arxa qapısından təyyarələrin fotolarını çəkdik. Birinci yeri qazanan fotonu da bu zaman çəkmişəm”, – deyə o qeyd edib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir