Dünya

Modinin Cammu və Kəşmir avantürası: Regionda silahlı qarşıdurmaya təhrik – ŞƏRH + FOTO

Sharing is caring!


Cammu və Kəşmir məsələsi dünya siyasi arenasında yenidən aktuallaşır. Belə ki, Hindistan Ali Məhkəməsi bu bölgənin xüsusi statusunun ləğvini dəstəkləyib.

2019-cu il avqustun 5-də Hindistan hökuməti Cammu və Kəşmir ştatına xüsusi status verən konstitusiyanın 370-ci maddəsinin ləğvini elan etmişdi. Kəşmirdə gərginliyin qarşısını almaq üçün ştatın konstitusiya statusunun dəyişdirilməsi qərarından sonra Yeni Delhi hakimiyyəti şimala onminlərlə hərbçi yeridib. Komendant saatı tətbiq edilib, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, mobil rabitə və internet kəsilib. Bölgə dörd ildir, hərbi polis rejimi şəraitindədir.

Cammu və Kəşmir Hindistan konstitusiyasının 370-ci maddəsinə əsasən, xüsusi statusa malik idi. Həmin qanuna görə, Hindistan parlamentinin qəbul etdiyi qanun əyalətin ali qanunverici orqanında ratifikasiya olunmadan regionda qüvvəyə minmirdi. Müdafiə, xarici əlaqələr məsələləri isə istisna təşkil edirdi. Cammu və Kəşmirin öz bayrağı və konstitusiyası var. Başqa ştatlardan olan hindistanlılar bu bölgədən torpaq və ya daşınmaz əmlak ala bilməzdilər.

Qeyd edək ki, Kəşmirin 45 faizi Hindistan, 35 faizi Pakistan, 20 faizi Çin hakimiyyətinin nəzarəti altındadır. Bölgə çoxdilli və çoxmədəniyyətlidir. Ştatın rəsmi dili urdudur, fars əlifbasından istifadə edilir.

Kəşmir əhalisinin 60 faizə yaxını müsəlman, təxminən iki faizi hinduist, Cammunun 31 faizi müsəlman, 65 faizi hinduist, Ladakın isə 47 faizi müsəlman, 6 faizi hinduistdir. Ştatın ümumilikdə 11 milyona yaxın əhalisi var.

Cammu və Kəşmirin statusunun Ali Məhkəmə tərəfindən dəstəklənməsi Hindistanın Baş naziri Narendra Modinin müsəlmanlara qarşı diskriminasiyasına dair daha bir örnək sayıla bilər. Çünki o, bununla Bharatiya Canata Partiyasında millətçilərin ştatın öz konstitusiyasına malik olmasına, xarici işlər, müdafiə və kommunikasiyalar istisna olmaqla, bütün başqa məsələlərdə öz qanunlarını tərtib etməyə imkan verən konstitusiyadakı maddəyə son qoyulmasına dair uzun müddətdir verdiyi vədləri yerinə yetirib. Hökumət başçısı Ali Məhkəmənin bu qərarını alqışlayıb.

Qeyd edək ki, Modinin rəhbəri olduğu partiyanın çoxluq təşkil etdiyi Hindistan parlamenti 2020-ci ildə Pakistan, Banqladeş və Əfqanıstandan olan mühacir dini azlığın nümayəndələrinə vətəndaşlığın verilməsinə dair qanun layihəsi qəbul edib. Həmin sənəddə altı dini qrupun buddist, xristian, hinduist, cayn, fars və siqhlərin nümayəndələrinə vətəndaşlığın verilməsi nəzərdə tutulub. Müsəlmanların adının göstərilməməsi isə onlara qarşı diskriminasiya sayılır.

Sözsüz ki, Cammu və Kəşmir əyalətinin statusunun Ali Məhkəmə tərəfindən dəstəklənməsi bölgədə vəziyyətin gərginləşəcəyinə təsir göstərəcək.

Hindistanın Pakistan və Çinlə bölgədə daim silahlı toqquşması olub. 2020-ci ilin iyununda Ladakda baş verən silahlı toqquşma nəticəsində bir neçə Hindistan və Çin hərbçisi ölüb.

Ali Məhkəmənin dəstəyi Modi hökumətinə bölgədə hərbi qüvvələrin artması və elan edilməmiş mövcud fövqəladə vəziyyətin daha da sərtləşməsi ilə nəticələnə bilər. Bu, həm də yerli əhalinin bütün istiqamətlərdə diskriminasiyasına səbəb ola bilər.

Rəsmi Yeni Delhinin yürütdüyü siyasət nəticəsində antimüsəlman hərəkatı güclənib. Ölkədən onların mühacirəti artıb. Məlumatlara əsasən, Hindistanda 202 milyon, yaxud əhalinin 14,4 faizi müsəlmandır. Onların sayının artmasının qarşısını almaq məqsədi ilə Modi hökuməti sərt tədbirlər həyata keçirir.

Yeni Delhi Ali Məhkəmənin qərarı ilə Cammu və Kəşmir problemini birtərəfli qaydada həll etməyi nəzərdə tutur. Hindistanın qonşu dövlətlərin maraqlarını nəzərə almadan atdığı bu addım regionda üç dövlətin silahlı toqquşmasına səbəb ola bilər. Qeyd edək ki, Çinlə Hindistan arasında Ladakla yanaşı, başqa mübahisəli ərazilər də qalmaqdadır. Tərəflər bu problemi silah yolu ilə həll etməyə müyəssər olmayıb. Odur ki, onlar arasında bu istiqamətdə müharibə istənilən an baş verə bilər.

Kəşmir və Cammu məsələsi ətrafında Pakistanla Hindistan arasında sonuncu irimiqyaslı hərbi əməliyyat 2019-cu ilin fevralında baş verib. Tərəflər arasında müvəqqəti atəşkəs yaranıb. Bu əməliyyatların yenidən baş verə biləcəyi də istisna edilmir.

Yeri gəlmişkən, həmin il Hindistanda parlament seçkisi keçirilib.

Beynəlxalq ictimaiyyətin rəyini nəzərə almadan Modi hökumətinin atdığı addımlar regionda silahlı toqquşmalarla yanaşı, Hindistana qarşı sanksiyaların tətbiq edilməsinə də səbəb ola bilər.

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər Cammu və Kəşmirdə müsəlmanların hüquqlarını müdafiə etdiklərini dəfələrlə bildiriblər.

Azərbaycan Prezidenti İlham Əliyev bu il iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata açıqlamasında vurğulayıb ki, Kəşmir məsələsində Pakistanı hər zaman dəstəkləyib və bu dəstək davam edəcək. Bu dəstəyin bütün beynəlxalq təşkilatlarda davam etdirildiyini söyləyən dövlət başçısı qeyd edib ki, qarşılıqlı dəstək iki ölkə xalqlarını daha da yaxınlaşdırır.

Hindistan Ali Məhkəməsinin məlum dəstək qərarını dünyada münaqişənin zorakı yolla həllinə təhrik də saymaq olar. Yeni Delhi bu addımı ilə Çin və Pakistanı müharibəyə sövq edir. 80 ilə yaxındır həllini tapmayan Cammu və Kəşmir probleminin həllinin məsuliyyətini Hindistan üzərinə götürür.

2024-cü ildə Hindistanda parlament seçkisi keçiriləcək. Müxalifət nümayəndələri bu siyasi kampaniyada bütün seçki dairəsində hakim Bharatiya Canata Partiyasına qarşı bir ümumi namizəd irəli sürmək və qarşılıqlı güzəştlərə əsaslanan əməkdaşlıq ruhunda işləmək barədə razılığa gəliblər. Bu isə Modinin seçkini uduzması ilə nəticələnə bilər. Ehtimal etmək olar ki, baş nazir bu siyasi kampaniyada qalib gəlmək üçün Cammu və Kəşmirdəki nüfuzunu artırmaq istəyir. Ancaq indiki şəraitdə bu, problemin həlindən çox, avantüraya oxşayır. Baş nazir beş il əvvəl olduğu kimi, yenə bəhs etdiyimiz münaqişədən öz siyasi məqsədi üçün istifadə etməyə çalışır. Bu kimi səbəblərə əsasən demək olar ki, Modinin münaqişəni bu sayaq təkbaşına, özbaşına həll cəhdi Yeni Delhi üçün ciddi problemlər yarada bilər.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir