Dünya

ABŞ-nin 300 ildir dəyişməyən prinsipləri – sülhə təhdid, qərəz və riyakarlıq – ŞƏRH + FOTO

Sharing is caring!


Qarabağın 30 illik işğal müddəti Azərbaycan xalqı üçün bir həqiqəti ortaya qoydu; beynəlxalq hüquq normaları, insan azadlıqları beynəlxalq aləm üçün ikinci, hətta sonuncu məsələdir. Əsas olan maraqlar və mənafelərin təmin edilməsidir, bir milyondan artıq insan ev-eşiyindən didərgin salına, minlərlə insan qətliama məruz qoyula bilər. İşğala məruz qalan dövlət öz hüquqlarını qorumaq üçün mübarizəyə başlayanda “beynəlxalq hüquq”, “insan haqları və hüquqları” gündəmə gəlir. Azərbaycan nümunəsində məhz bunları müşahidə etdik.

Əminliklə deyə bilərik ki, fövqəldövlət kimi dünyaya sırınan Amerika Birləşmiş Ştatlarının (ABŞ) siyasəti də elə bu prinsiplər üzərində qurulub. Azərbaycan da “Amerika ədalətini” 30 il öz üzərində hiss edən ölkələr içində ilk sırada yer alıb. Vaşinqton münaqişəni həll etməyə məsul olan paytaxtlar sırasında yer alsa da, işğalın davam etməsi, problemin həllini tapmaması üçün əlindən gələni etdi. Burada təəccüblü nəsə yoxdur. Milyonlarla insanın qanı, torpaqlarının işğalı, yerli xalqları məhv etməklə qurulan ölkədən bundan başqa nəsə gözləmirik də. Bu dövlət 300 ilə yaxındır ki, mahiyyətini dəyişmir, yaxud dəyişmək istəmir. Yarandığı ilk illərdə hüquq və azadlıqların qorunmasını əsas prinsipləri elan etsə də, sonradan bəlli oldu ki, bu, kağız üzərindədir. Lakin görünən odur ki, köklü xalqların məhvi, qonşu dövlətlərin torpaqları hesabına imperiya quran dövlət indi durub dünyaya “ədalət dərsi” keçir. Bununla da kifayətlənsə, yaxşı olardı, lakin onların daxili işlərinə qarışmaq, münaqişələr törətmək ABŞ-nin əsas mahiyyətidir.

Birləşmiş Ştatlar üçün digər ölkələrin firavanlığı, sülh və əmin-amanlıq şəraitində yaşamaları sonuncu məsələdir.

Hər il dünya ölkələrində insan və hüquq azadlıqları ilə bağlı hesabat dərc edib onlara dərs keçmək əvəzinə, ABŞ öz daxilində vətəndaşlarının pozulan hüquqları ilə maraqlansa, yaxşı olardı.

Yeri gəlmişkən, Çin Dövlət Şurasının İnformasiya Ofisinin 2022-ci illə bağlı təqdim etdiyi hesabat Birləşmiş Ştatların əsl mahiyyətini ortaya qoyub. Orada insan hüquqlarının müxtəlif aspektlərdə pozulması faktları əksini tapıb. Bu, ölkədə durumun necə fəlakətli həddə olduğunu əks etdirir.

Hesabatda vurğulanır ki, 300 ilə yaxındır ki, oliqarx ölkə statusunu qoruyub saxlayan dövlətin keçmiş prezidenti Avraam Linkoln məşhur Hettisberq çıxışında ABŞ-nin əsl mahiyyətini ortaya qoyub – ABŞ xalq idarəsi, xalq üçün ideyasını qəti şəkildə yaxın buraxmır. Yada salaq ki, məhz Linkoln dünya tarixinin ən biabırçı səhifəsini – quldarlığı ləğv edib. Qərar 19-cu əsrin ortalarında qəbul edilsə də, proses 100 ildən artıq davam edib və hələ də həllini tapmayıb. Ölkədə qaradərili insanların hüquq və azadlıqları pozulur, qətllər, zorakılıqlar səngimir. Biabırçı “Kukus-klan” irqçi, silahlı qruplaşması son illərə qədər qaradərilər üzərində məhkəmələr qurur, onları qətlə yetirirdi.

ABŞ-də irqçilik təhlükəli həddə çatıb, etnik azlıqlar ayrı-seçkiliyə məruz qalır. İrqi motivli cinayətlər hətta 2020-ci ildən 2022-ci ilə qədər kəskin artıb. Məsələn, Buffalo supermarketində 10 afroamerikalının öldürüldüyü irqçi qırğını dünyanı şoka salmışdı. Afrika amerikalılarının polis tərəfindən öldürülmə ehtimalı ağlara nisbətən 2,78 dəfə çoxdur. ABŞ hökumətinin hindlilərə və digər yerli xalqlara qarşı həyata keçirdiyi soyqırımı və mədəni assimilyasiyanın çəkdiyi iztirablar bu gün də davam edir. 81 faiz asiyamənşəli amerikalı isə Asiya icmalarına qarşı zorakılığın artdığını deyirlər.

Siyasətdə, iqtisadiyyatda, mədəniyyətdə bərabərsizlik, irqi ayrı-seçkilik, gender bərabərsizliyi hökm sürür. Bütün bunlar əksər amerikalıların hüquqlarının reallaşmasına faktiki olaraq zərbə vurub.

Ötən il də ABŞ-də insan haqları ilə bağlı ciddi problemlərlə yadda qalıb. İnsan hüquqları və ədalət mühakiməsi ifrat reqressiyaya məruz qalıb, Amerika xalqının əsas hüquq və azadlıqlarını daha da aşındırıb. Hökumət silaha nəzarəti əhəmiyyətli dərəcədə zəiflədib, nəticədə silah zorakılığı ölümləri yüksək həddə çatıb. Ölkədə ötən il 80 000-dən çox insan silahlı zorakılıq nəticəsində öldürülüb, yaralanıb. ABŞ bu gün dünyada silahlı qətllər və kütləvi atışmalarda liderlik edir. Silah zorakılığı artıq “Amerika xəstəliyinə” çevrilib.

Seçki prosesində də “amerikasayağı demokratiya” yaşanır. Milyarderlərin seçkilərə müdaxiləsi pik həddədir – siyasi ianələr 15 faiz təşkil edir. “Çirkli pullar” ABŞ seçkilərini gizli şəkildə manipulyasiya edir və siyasi qütbləşmə, sosial parçalanma demokratik konsensusa nail olmağı çətinləşdirir. Sorğulara görə, amerikalıların 69 faizi hesab edir ki, onların demokratiyası “yıxılma riski” ilə üzləşib, 86 faiz hesab edir ki, o, “çox ciddi təhlükələrlə” üzləşir. Amerika tipli demokratiyadan ümidsizlik getdikcə çoxları tərəfindən paylaşılır.

Çinin təqdim etdiyi hesabatda xüsusi vurğulanır ki, 2022-ci ildə ABŞ-də 18 yaşdan kiçik 5800-dən çox uşaq atışmalarda yaralanıb və ya öldürülüb. Məktəbdə atışmaların sayı 302-yə çatıb ki, bu da 1970-ci ildən bəri ən yüksək göstəricidir. 2018-ci ildən uşaq əməyinin pozulması halları təxminən 70 faiz artıb. 2022-ci maliyyə ilində zərərli işlərdə işləyən yetkinlik yaşına çatmayanların sayı 26 faiz artıb.

Beləliklə, sadalananlar Birləşmiş Ştatların əksəriyyətin qabartmağa cəsarət etmədiyi faktların bir hissəsidir. Bununla yanaşı, dünyada baş verən son münaqişələr, gərginliklər, çevrilişlər getdikcə bu ölkəyə olan münasibəti mənfiyə doğru dəyişməkdədir. İraq, Suriya, Ukrayna, Liviya – siyahını genişləndirmək də olar… Hazırda Ermənistan ətrafında yaşanan son proseslər onun da bu siyahıya düşmə ehtimalını artırır.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir