Dünya

ABŞ-də erməni şirkətlərinə qarşı istintaq başladılacaq

Sharing is caring!


Rusiya embarqo qoyulmuş kommersiya məhsullarını əldə etmək və öz məhsullarını bazarlara çıxarmaq üçün erməni şirkətlərindən istifadə edir.

Bu barədə Avropa İttifaqına yaxınlığı ilə tanınan və qərargahı Aİ qurumlarının da yerləşdiyi Belçikanın paytaxtı Brüsseldə yerləşən “EU Reporter” nəşrində yazı dərc olunub.

“Ermənistan Putinin Ukraynaya qarşı müharibəsinin logistika mərkəzidirmi?” adlı araşdırma yazısında verilən məlumata görə, ABŞ Xarici İşlər Nazirliyi, Ticarət Nazirliyi və Aİ qurumları müvafiq erməni şirkətlərinə qarşı istintaq başlatmağa hazırlaşırlar. Həmçinin bildirilib ki, ABŞ və Aİ rəsmiləri erməni şirkətlərinə qarşı araşdırma açmaq üçün sənədlər toplayırlar.

Nəşr Rusiyanın embarqolu kommersiya məhsullarını Ermənistan gəmiçilik şirkətləri vasitəsilə tədarük etdiyini iddia edib.  

“EU Reporter”in əldə etdiyi məlumata görə, Rusiya Qərbin embarqo etdiyi məhsullarını dünya bazarlarına çıxarmaq üçün Batumi-Novorossiysk dəniz yolundan istifadə edir və məhsullarını Gürcüstan limanlarına çatdırır. Embarqo qoyulmuş Rusiya ixrac məhsullarının dünya bazarına çıxarılması üçün də Ermənistanda fəaliyyət göstərən şirkətlərdən istifadə olunur.

Bu istiqamətdə ən diqqət çəkən şirkət isə Ermənistan gəmiçilik şirkətidir. Əldə edilən məlumatlara görə, hər həftə Rusiya ixrac məhsulları ilə dolu olan 600 konteyner Gürcüstan limanlarına girir. Gəmilər və konteynerlər isə Ermənistan gəmiçilik şirkətlərinə məxsusdur.

Nəşr iddia edir ki, Moskva bu üsulla, həmçinin Qərb ölkələrinin ixracına qadağa qoyduğu kommersiya məhsullarını da Rusiyaya gətirir. Bunlar arasında geyim sektoru məhsulları, avtomobillər və ehtiyat hissələr, tibbi məhsullar yer alır. Rusiyaya bu yolla daxil olan nəqliyyat vasitələrinin əksəriyyətinin də ABŞ malları olduğu vurğulanır.

Yazıda qeyd edilir ki, Gürcüstan limanlarına giriş edən bu mallar Ermənistanın Gümrü şəhərinə aparılaraq orada anbarlara yığılır, daha sonra quru yolu və ya Ermənistan gəmiçilik şirkətlərinə məxsus gəmilərlə Rusiyaya gətirilir.  

Nəşrin məlumatına görə, embarqoları pozan bütün şirkətlər ABŞ və Aİ tərəfindən qadağan olunmuş şirkətlər siyahısına daxil edilə bilər.

Eyni zamanda, Avropa İttifaqı İqtisadiyyat Komissarlığının və ABŞ Ticarət Nazirliyinin sxemdəki şirkətlərin bütün fəaliyyətini araşdırdığı və müvafiq şirkətlərə qarşı araşdırmalara başlanılacağı nəzərə çatdırılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir