Dünya

ABŞ-nin nüvə fırıldağı: Ermənistan seçim qarşısında – ŞƏRH + FOTO

Sharing is caring!


Ermənistanla ABŞ arasında atom enerjisi sahəsində əməkdaşlıq son illər daha da intensiv xarakter alıb və 2022-ci ildə Vaşinqtonla İrəvan bununla bağlı memorandum imzalayıblar. Ötən müddət ərzində tərəflər əməkdaşlığı genişləndirmək, Birləşmiş Ştatlar texnologiyasından istifadə etməklə kiçik modul reaktorların inşasını reallaşdırmaq niyyətlərini ortaya qoyublar. ABŞ hökumətinin Avropa və Avrasiyaya yardım proqramının koordinatoru Mariya Lonqi bildirib ki, ölkəsi Ermənistanda kiçik modul nüvə reaktorlarının inşasında maraqlıdır.

Vaşinqton və İrəvan bu razılaşmalara əvvəldən nəzərdə tutulan layihələrin icrası kimi yanaşsalar da, məqsəd aydındır: ABŞ əzəli rəqibi Rusiyanın Ermənistanda inhisara aldığı sahələri bir-bir ələ keçirmək niyyətindədir. Bununla yanaşı, amerikalılar İrəvanı Moskvadan olan enerji asılılığını da azaltmağa çalışır. Ermənistanın elektrik şəbəkəsi Kremlin nəzarəti altındadır, ölkədəki əsas SES və İES-lər də Rusiyanın şirkətlərinə məxsusdur.

Ermənistanda fəaliyyət göstərən “Metsamor” AES-in nüvə yanacağını Moskva təmin edir. 2003-cü ildə yaranan 40 milyon dollarlıq borca görə AES “İnter RAO” şirkətinə təhvil verilib. Stansiya 2016-cı ildə fəaliyyətini dayandırmalı olsa da, modernləşdirmə sayəsində istifadə müddəti 2026-cı ilə qədər uzadılıb. “Rosatom” şirkəti bu AES-ə texniki dəstək verir və stansiya Ermənistanın enerji tələbatının 40 faizini ödəyir. Bu modernləşdirməyə isə Rusiya tərəfi 189 milyon dollar xərcləyib. Ekspertlər isə hesab edirlər ki, stansiyanın ömrünü daha 10 il, yəni 2036-cı ilə qədər uzatmaq mümkündür.


İndi birdən-birə ABŞ-nin regionda kiçik modul nüvə reaktorlarını inşa etmək təklifi birbaşa Rusiyaya qarşı hesablanmış addım kimi dəyərləndirilə bilər. Eyni zamanda vurğulamaq yerinə düşər ki, ABŞ həm də bu məsələdə Ermənistandan təcrübə dovşanı kimi istifadə etmək niyyətindədir. Səbəbləri isə aydındır, bu layihələr ABŞ-də fiaskoya uğrayıb və onu yenidən sınaqdan keçirmək lazımdır.

Qeyd etmək lazımdır ki, Ümumdünya Nüvə Assosiasiyasının qiymətləndirməsinə görə, kiçik nüvə reaktorları ucuz başa gəlir.

ABŞ-də hazırda iki kiçik modul reaktor üzərində iş gedir: Natrium və təzyiqli su ilə çalışan SMR-160. Sırf texniki səbəbdən Natriumu nəinki Ermənistana və Avrasiyaya çıxarmaq, heç uzaq məsafəyə daşımaq da mümkün deyil. Səbəb isə sadədir. Reaktor yüksək səviyyədə zənginləşdirilmiş urandan istifadə edən sürətli neytronlarla çalışır. Bu, bir sıra mühüm parametrlər üçün yaxşıdır, lakin nüvə silahının yayılmaması üçün pisdir. Təzyiqli su reaktorunda isə yaranan plutonium radionuklidlərlə həddən artıq çirkləndiyi üçün ondan bomba hazırlamaq qeyri-mümkün olur. Bu səbəbdən də ABŞ-nin Ermənistana SMR-160 və ya bu tip nəsə göndərəcəyini ehtimal etmək olar.


ABŞ-nin “NuScale Power” şirkəti Aydaxoda yerləşən AES-də “VOYGR-6” layihəsini reallaşdırmaqdan imtina edib. Bu layihə 6 blokdan ibarətdir və hər birinin 77 meqavat gücü var. Ermənistanın hökumət komissiyası isə yeni AES tikintisi üçün bu variantı nəzərdən keçirir. ABŞ şirkətinin layihədən imtina etmə səbəbi isə maliyyə məsələsi ilə bağlıdır. Bir il əvvəl 5,3 milyard dollar dəyərləndirilən layihə indi 9,3 milyard dollar olub. “NuScale” modulunun ilkin buraxılış tarixi 2026-cı ildə gözlənilirdi, lakin sonradan 2029-cu ilə qədər uzadıldı. Göründüyü kimi, ABŞ hələ tamamlanmamış layihəni Ermənistana təklif edir.

Elə ikinci layihə də Ermənistanın təcrübə dovşanı yerinə qoyulduğu sübut edir. Amerikalıların Ermənistan üçün təklif etdiyi ikinci variant lisenziyalaşdırma mərhələsində olan BWRX-300 qurğusudur və belə texnologiyaya əsaslanan ilk stansiya, ən yaxşı halda, 2030-cu ildən sonra tikiləcək. Kiçik reaktor layihəsi nə Kanadada, nə də ABŞ-də hələ sertifikatlaşdırılmayıb.

Çoxsaylı maneələrə baxmayaraq, xarici satıcılar kiçik həllərə maraq göstərən bölgələrdə və beynəlxalq platformalarda öz dizaynlarını tanıtmaq üçün aktiv marketinq kampaniyaları aparırlar. 18 ölkədə 80-dən çox layihənin işlənib hazırlanmasına və buna ümumilikdə 100 milyard dollardan çox vəsait xərclənməsinə baxmayaraq, yuxarıda qeyd olunan reaktorlardan heç biri indiyədək kommersiya məqsədli istifadə mərhələsinə çatmayıb.


Bəs görəsən, Ermənistan hökuməti ABŞ-lə imzalanan müqavilələri ölkə ictimaiyyətinə böyük iqtisadi uğur, Rusiyadan enerji asılılığının azaldılması kimi sırımadan əvvəl, bu blokların çox xərc tələb edən və hələ də sınaq mərhələsində olmasından xəbərdardır? Baş nazir Nikol Paşinyanın ölkəsinin ərazisini ABŞ üçün sınaq meydançasına çevirməklə nə məqsəd güdür?

Yuxarıda da qeyd edildiyi kimi, “Metsamor” AES 2036-cı ilə qədər fəaliyyət göstərəcək. “Rosatom” isə Ermənistana 1200 meqavat gücündə yeni stansiyanın tikintisini təklif edib. Bu, mövcud stansiyadan üç dəfə çox enerji hasil etmək deməkdir. Amerikanın təklifi isə mövcud vəziyyətə qeyri-müəyyənlik gətirib. Rusiya ilə rəqabətə girən ABŞ bu təkliflə çıxış edərək, Kremli adıçəkilən sahədən uzaqlaşdırmaq niyyəti güdür.

N.Paşinyan hökuməti isə belə bir layihə təklifini Cənubi Koreyadan alıb və Fransadan da analoji təklif alacağına ümid edir. Rəsmi Moskvanın özünə alternativin yaranmasına yol verəcəyi inandırıcı deyil. Çünki belə bir rıçaqın əldən verilməsi Kremlin İrəvana siyasi təzyiq alətini zəiflədə bilər. Bunu ABŞ-də bildiyi üçün mövcud vəziyyətdən istifadə edərək Ermənistana nüvə enerjisi sahəsində müxtəlif layihələr təklif edir. Vaxt isə gedir və İrəvan bu sahədə də Rusiya ilə ipləri qoparmaq niyyətini tam ortaya qoysa, Kremlin qəzəbinə tuş gələcəyi gün çox yaxındır.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir