Dünya

Baydenlə Cinpinin görüşü: ABŞ və Çinin sifətlərinin ifadə etdiyi mənalar – TƏHLİL + FOTO

Sharing is caring!


Çərşənbə günü ABŞ Prezidenti Co Bayden ilə Çin Sədri Si Cinpin arasında San-Fransiskoda görüş keçirildi.

Bağlı qapılar arxasına getməzdən öncə Baydenlə Cinpin müzakirələrin səmimi bir atmosferdə keçəcəyi görüntüsünü yaratmaqdan ötrü xoş bir informativ aura təqdim etdilər.

Məncə, bu, protokol qaydası ilə paralel olaraq iki supergüc arasında sağlam rəqabət aparılacağına dair beynəlxalq ictimaiyyətə ötürülən enerjidir. Görüşdən sonra da liderlərin gəzintiyə çıxması diqqətdən yayına biləcək xırda nüans deyil.

ABŞ və Çin liderlərinin ictimaiyyət üçün qapalı keçən müzakirələri iki dövlətin beynəlxalq arenada bir-birinə güzəştə getməsini təşviq edə biləcək ideyalarla zəngin ola bilər.

Çin lideri Baydenlə görüşdə ABŞ-ni həmrəyliyi və əməkdaşlığı gücləndirməyə, qlobal problemlərə cavab verməyə və beynəlxalq təhlükəsizliyi, rifahı təşviq etmək işində Çinlə əməkdaşlıq etməyə çağırıb.

Aşağı-yuxarı eyni tezis Baydenin də bəyanatlarında öz əksini tapıb, məntiqlə liderlər dünyanın üzləşdiyi problemləri müştərək maraqlarla həll etmək üçün məqsədlərini sövdələşmələr istiqamətində irəlilətməyə çalışırlar.

Amma beynəlxalq nizamın quruluşu və onun dəyişdirilməsi ilə əlaqədar ortaya çıxan təhlükəsizlik çağırışlarına yanaşma fərqli olaraq qalmaqdadır.

Deməli, Baydenlə Cinpinin müzakirələri, sadəcə olaraq, ABŞ ilə Çinin rəqabətindəki şiddəti azaltmaq üçün bir fürsət idi, hərçənd ki, qarşıda qatı açılmamış bir sıra problemlər mövcudiyyətini qoruyub-saxlayacaq.

Buraya hərbi-siyasi paketdəki ziddiyyətli mövqelərdən tutmuş, iqtisadi-ticari sahədəki böyükmiqyaslı rəqabətin konteksti daxildir.

Çünki qlobal layihələndirmədə Çin və ABŞ-nin özünəməxsus məntiqləri və dinamikaları var və liderlər bir-biri ilə ziddiyyətdə dayanan mövqeləri bir ortaq məxrəcə gətirə bilməkdən uzaqdırlar.

Ən yaxşı halda, Vaşinqtonla Pekin bir-birinə müvəqqəti də olsa, problem yaratmamağı daha məqsədəuyğun sayıb bu formul ətrafında sövdələşmə ruhunu inkişaf etdirə bilərlər.

Liderlər ABŞ ilə Çinin beynəlxalq trayektoriyadakı hərəkətlərini cilovlamaq siyasətinin yanlış olduğuna bir-birlərini inandırmağa çalışıblar – bu məsələ də yuxarıda qeyd etdiyimiz sövdələşmə qapılarını göstərir.

Amma mümkün razılaşmalar belə, Çin-ABŞ qlobal rəqabətinin fövqünə çıxa bilmək qabiliyyətini çoxdan itirib. Ona görə də Vaşinqton-ABŞ xəttində münasibətləri sabitləşdirmək səylərinin ciddi mənada bir nəticə verəcəyini gözləmək əbəsdir. 

Yaxın Şərq, Afrika, Asiya-Sakit okean regionu, Arktika, Avropa, hətta Cənubi Qafqaz – Çin bu oxlar üzrə yaranan yeni imkanları ABŞ-nin maraqlarının ayağına vermək niyyətindən çox-çox uzaqdadır. Elə eyni fikri Vaşinqton haqqında da söyləmək olar.

Bayden-Cinpin danışıqlarının qlobal nəticələrə birbaşa təsirləri yaxın günlərin müşayiətində görünə bilər, hərçənd ki, əhəmiyyətli bir sürpriz də gözlənilmir.

Lakin budəfəki görüş ABŞ tərəfdən bu baxımdan önəmli idi ki, o, sadəcə olaraq, münaqişələrin idarə edilməsi potensialını Çinin yüksələn qüdrəti qarşısında itirməsin.

Müzakirələrin faydalı iş əmsalındakı dərəcəsi bu nöqtədə qabarıqlaşır. Yəni Çinlə ABŞ bir-birinə qarşı gərgin fazaya daxil olanda bunu yumşaltmaq üçün açıq ünsiyyət xətlərini saxlamağı özlərinə borc bilirlər.

Bəlkə də, güman yarana bilər ki, Çinlə ABŞ başqa-başqa istiqamətlərdə geniş paket üzrə qarşılıqlı güzəştə hazırlaşır, amma bu məsələ Tayvan mövzusunda klassik qırılma xəttinə məxsus deyil.

Çünki ABŞ Tayvanı əldən versə, onun beynəlxalq sifətinə ciddi zərbə dəymiş olar. Pekin də Tayvanı Vaşinqtona güzəştə getsə, bu, Çinin qlobal qüdrəti haqqında təsəvvürləri darmadağın edər.

Bu baxımdan Bayden-Cinpin danışıqlarından sonra Çinin adanı öz suverenlik çətiri altına salmaq əzmini göstərmək üçün hərbi manevrlərini genişləndirəcəyinə inam var.

Nəticə olaraq, Bayden-Cinpin görüşündən konstruktiv əməkdaşlıq üçün aşağı səviyyəli gözləntilər daha çox hərbi-siyasi və iqtisadi sferadakı rəqabətlə əlaqəlidir.

Dəniz və sərhəd mübahisələri ilə bağlı Çinin və ABŞ-nin hərbi hərəkətlərinə birbaşa məruz qalan Asiya-Sakit okean regionundakı vəziyyətin mürəkkəbliyi Vaşinqton-Pekin əlaqələrindəki gərginlik üçün klassik mənbələrdən biridir.

Gələcəkdə Çin status-kvonu birtərəfli qaydada güc təhdidləri ilə dəyişmək istəyini daha çox göstərə bilər…

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir