Dünya

Keçmiş liderin yeni funksiyada təqdimatı: Kemeron dəyişən Avropada hansı rolu oynayacaq? – ŞƏRH + FOTO

Sharing is caring!


Avropa dəyişir, uzun illər tolerant, multikultural olaraq tanınan qitədəki olaylar yeni şəraitin yaranacağını ehtimal etməyə əsas verir.

Məsələn, faşist Almaniyasından sonra yəhudilər üçün ən əmin-aman bölgə sayılan Avropa indi antisemitizmə liderlik edir. Bu qitə diktaturadan canını qurtaranların pənah yeri idi. Ancaq indi Avropa müsəlman mühacirlər üçün narahat bölgəyə çevrilib. Elə Afrikadan, Asiyadan gəlmələr üçün də bu ərazi dinc və əmin-aman sayılmır.

Avropada nə baş verir? O, tolerantlıq, multikultural dəyərlərdən imtina edir? Yaxud antimiqrasiya siyasəti həyata keçirən qitəyə çevrilib?

HƏMAS-İsrail müharibəsi qitənin də simasını göstərdi. Avropa İttifaqının milli təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Jozef Borrelin bu savaşı “dinlərarası və ya sivilizasiyalararası” toqquşma kimi təqdim etməsini birliyin məsələyə yanlış yanaşmasının göstəricisi kimi dəyərləndirmək olar.

Böyük Britaniyanın keçmiş baş naziri Devid Kemeronun noyabrın 13-də krallığın xarici işlər naziri təyin edilməsi qitədə baş verənlər fonunda təsadüfi sayılmamalıdır.

Qısa olaraq xatırlaya bilərik ki, Devid Kemeron 2010-cu il mayın 11-dən 2016-cı ilə iyulun 13-dək baş nazir olub. Onun başçılıq etdiyi hökumət Böyük Britaniya üçün iki çox böyük sınaqdan çıxıb: Şotlandiyanın krallığın tərkibində qalıb-qalmaması ilə bağlı referendum, bir də “Brexit”.

Referendumda Avropa İttifaqını tərk etməyin tərəfdarları qalib gəldikdən sonra Devid Kemeron istefa verib və onu Tereza Mey əvəz edib.

Devid Kemeron daha çox multikultural siyasətə qarşı çıxan siyasətçi kimi yadda qalıb. O, baş nazir olanda britaniyalıları passiv tolerantlıqdan imtina etməyə çağırıb.

2011-ci ildə 47-ci Münhen Təhlükəsizlik Konfransındakı çıxışında Devid Kemeron bildirmişdi ki, uğursuz multikulturalizm siyasətindən birdəfəlik imtina etmək və Qərbin liberal dəyərlərini daha aqressiv müdafiə etmək lazımdır.

O, “milli multikulturalizm” siyasətinin iflasa uğradığını bəyan edərək avropalı tərəfdaşlarına “ayılın və sərhədlərimiz daxilində baş verənləri dərk edin” çağırışı etmişdi.

Devid Kemeronun qənaətincə, həqiqi liberal dövlət müəyyən dəyərlərə inanır və onları fəal şəkildə təbliğ edir: “Söz azadlığı, din azadlığı, demokratiya, qanunun aliliyi, cins, irq və cinsi oriyentasiyadan asılı olmayaraq, hər kəs üçün bərabər hüquqlar. Cəmiyyətimizi müəyyən edən budur”.

Bu toplantıdan bir il öncə keçirilən konfransda Almaniyanın ovaxtkı kansleri Angela Merkel də oxşar bəyanatla çıxış etmişdi. O, ölkəsində multikultural cəmiyyət qurmaq cəhdlərinin uğursuzluqla nəticələndiyini vurğulayaraq demişdi ki, müxtəlif mədəni mənşəli insanların bir-biri ilə dinc, yanaşı yaşaya biləcəyini nəzərdə tutan multikulturalizm konsepsiyası Almaniyada işləmir.

Devid Kemeronun baş nazirliyi dövründə eynicinslilərin nikahı leqallaşdırılıb.

O, 2010-cu ilin iyulunda Türkiyəyə səfəri zamanı bu ölkənin Avropa İttifaqına üzvlüyü üçün mübarizə aparacağına söz versə də, danışıqlar prosesinin ləng aparılmasından narahat olduğunu bildirmişdi. D.Kemeron Türkiyənin “böyük Avropa gücü” ola biləcəyini və Yaxın Şərqlə əlaqələrin qurulmasına yardım edəcəyini də vurğulamışdı.

2016-cı ilin mayında, yəni “Brexit”dən iki ay əvvəl isə o demişdi ki, bugünkü irəliləyişlə Türkiyənin Aİ-yə üzv olması üçün 3000 il lazım olacaq.

Böyük Britaniyanın xarici siyasət kursunda hələ dəyişməyən məsələlər var: Bu, Yaxın Şərq siyasəti, Rusiya-Ukrayna müharibəsi, Çinlə münasibət, Hind və Sakit okeanı hövzəsində təhlükəsizlik, energetika sahəsində təhlükəsizlik, şaxələnmə və sairədir.

Devid Kemeronun XİN başçısı təyin edilməsi ilə Böyük Britaniya Avropa üçün yeni mərhələnin startını verir. Avropa yeniləşir. O yeni dövrdə antimiqrasiya siyasətini daha da sərtləşdirə bilər. Habelə multikulturalizmə baxışın dəyişəcəyi gözlənilir. Bu, həm də tolerantlıq səviyyəsinin aşağı düşməsinə səbəb ola bilər. Kemeronun təyinatını Böyük Britaniya üçün yeni hökumət başçısının siqnalı da saymaq olar.

Fransa və Almaniyanın liderlik etdiyi Avropa İttifaqı beynəlxalq arenada gözdən düşür. Çünki dünyada baş verən böyük hadisələrdə özünü dişsiz, yedəkdə gedən qurum kimi göstərir. Aİ-nin yürütdüyü siyasi kurs onu ABŞ-yə alternativ olmaq imkanından məhrum edir.

Dünyada nizam pozulur. Yeni düzənə yeni liderlərə ehtiyac yaranır. Bu sırada Avropa ümidləri hələ də doğrultmur. Devid Kemeron krallığın dünya liderliyinə töhfə verə biləcək? 12 il öncəki düşüncəsi dəyişib? Hər halda siyasətdə əbədi dost olmur. Hələlik krallıq keçmiş liderini yeni funksiyada təqdim edir…

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir