Dünya

Hindistanda dörd yaşlı qız insult keçirib

Sharing is caring!


Hindistanın Heydərabad şəhərindəki Qandi Tibb Kollecinin həkimləri dörd yaşlı qızda işemik insultun baş verdiyini bildiriblər.

Tədqiqat “Cureus” jurnalında dərc olunub.

Valideynlərinin qan qohumu olduğu üzə çıxan dörd yaşlı qız təcili yardım şöbəsinə daxil olub. O qusub, sonra isə sağ qolunda və ayağında zəiflik yaranıb, nitq qabiliyyətini itirib. Xəstəxanaya getməzdən beş saat əvvəl o, tamamilə sağlam olub və inkişafında heç bir qüsuru olmayıb.

Maqnit Rezonans Tomoqrafiyası (MRT) qızın sol orta beyin arteriyasının tıxanması səbəbindən işemik insult keçirdiyini göstərib. Alimlər müəyyən ediblər ki, bu, homosistein amin turşusunun səviyyəsinin artması ilə əlaqəli olub. Bu maddə damar divarlarının hüceyrələrinə oksidləşdirici zərər verə bilər və tromboza səbəb ola bilər. Bir neçə həftəlik müalicədən sonra qız sağalıb, lakin onda kiçik nevroloji pozğunluqlar qalıb.

Qeyd edək ki, uşaqlarda insult hallarına son dərəcə nadir rast gəlinir: 18 yaşa qədər hər 100 min uşağa 1,2-dən 13 hala qədər. Oğlanlar insultlara daha çox meyillidirlər. 18 yaşdan kiçik hollandiyalı uşaqlar üzərində aparılan bir araşdırmada işemik insult keçirmiş 45 xəstənin 18%-də homosistein səviyyəsinin yüksəldiyi müşahidə olunub. Bu, insult keçirən uşaqlarda amin turşusunun yoxlanılmasının vacibliyini vurğulayır. B6 vitamini, B12 vitamini və fol turşusunun birləşməsi homosistein səviyyəsini aşağı sala bilər.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir