Dünya

Bu qədər müharibə ABŞ-nin nəyinə lazımdır?

Sharing is caring!


Qan Turalı yazır…

ABŞ siyasətini anlamaq əslində dünya siyasətini anlamaqdır. Çünki, dünya siyasətində ABŞ-nin rolu son dərəcə böyük və mühümdür. Bəs ABŞ-də işlər necə gedir? ABŞ-nin xarici siyasətini kimlər və necə müəyyənləşdirir?

Bunun üçün XX əsrin ən görkəmli ABŞ prezidentlərindən biri olan Duayt Eyzenhauerin 1961-ci ildə söylədiyi vida nitqinə baxmaq gərəkdir. Ondan əvvəl isə Eyzenhauer haqqında qısa bir arayış… 

Eyzenhauer II Dünya müharibəsinin qəhrəmanı olan görkəmli və nüfuzlu bir general idi. 1944-cü ildə ən böyük desantçıxarma əməliyyatı olan və ingilis-amerikan birləşmiş qoşunlarının Normandiya sahillərinə çıxarılmasını nəzərdə tutan Overlord əməliyyatına rəhbərlik edib. Müharibə ərzində ingilis-amerikan müttəfiq qoşunlarının komandanı kimi faşizmin məhv edilməsində misilsiz rol oynayan Eyzenhauer 1953-cü ildə ABŞ prezidenti seçildi. Aşağıdakı nitqi isə Eyzenhauerin 35 illik hərbçi, 8 illlik ABŞ prezidentliyi təcrübəsindən sonraya aiddir. 

“Sülhün müdafiəsi üçün ən gərəkli institutlardan biri də ordumuzdur. Biz son dərəcə böyük miqyasda müdafiə sənayesi yaratmağa məcbur qaldıq. Böyük bir ordu və nəhəng müdafiə sənayesinin birgə mövcudluğu ABŞ üçün yeni bir təcrübədir. Biz bu yeni təcrübənin qorxulu nəticələrini başa düşməkdə gecikməməliyik. Hökumət dairələrində hərbi sənayenin əhəmiyyətli ya da əhəmiyyətsiz olmağından asılı olmayaraq böyük nüfuz, güc qazanmasına qarşı çıxmalıyıq. Düzgün təşkil edilməmiş bu sənaye sürətli şəkildə böyüyəcəkdir”. 

Göründüyü kimi, Eyzenhauer hərbi sənaye kompleksini ABŞ demokratiyası və dövləti üçün təhdid hesab edirdi. Bu sözləri, Eyzenhauer kimi hərbçi keçmişi olan bir şəxsin söyləməsi də xüsusi əhəmiyyət kəsb edir. Ancaq Hərbi Sənaye Kompleksi məsələsi Eyzenhauerdən sonra da geniş şəkildə müzakirə olunmağa başladı. Misal üçün, ABŞ prezidenti Tramp “Fox News”a verdiyi müsahibədə belə demişdi:

“On doqquz ildir davam edən müharibələrə qarşı danışan bircə mənəm. Amerikanın düşmənləri hələ də yerlərində dayanıb. Özünüzü aldatmayın. Bu ölkədə Hərbi Sənaye Kompleksi var və onlar da daim müharibə istəyirlər”.

2023-cü il üçün ABŞ-nin müdafiə xərcləri 858 milyard dollar təşkil edir. Bu sahədə ABŞ-nin əsas rəqibi olan Çinin hərbi büdcəsi isə 293 milyard dollar… Üçüncü yerdə dayanan Hindistanın büdcəsi isə cəmi 76 milyard dollardır. ABŞ-nin əsas müttəfiqi olan Böyük Britaniya isə müdafiə xərcləri üçün 68 milyard dollar ayırır. Müharibə aparan Rusiya isə milli müdafiə üçün 65 milyard dollar ayırır. Müqayisə üçün Türkiyənin hərbi xərclərini göstərək: 15 milyard dollar. 

Bu rəqəmlər ABŞ müdafiə sənayesinin 70 il əvvəl Eyzenhauerin anons verdiyi proqnozu gerçəkləşdirdiyini göstərir. Hələ bu rəqəm azmış kimi Bayden konqresdən Ukrayna və İsrailə hərbi yardım üçün 100 milyard dollar vəsait istəyir. Konqres bu təklifi dəstəkləsə digər yardımlar kimi bu nəhəng məbləğ də ABŞ silah istehsalçılarının hesabına köçürüləcək, və onların verdiyi silahlar müttəfiqlərə göndəriləcək. Baydenin də dediyi kimi, anbarlar ABŞ silahları ilə dolub-daşacaq. Göründüyü kimi müharibə, qan və göz yaşı fonunda ABŞ-nin nəhəng müdafiə sənayesi maqnatları zənginləşir. 

İqtisadiyyatda uğur qazanmaq üçün istehsalın əhəmiyyəti bir vaxtlar mütləqləşdirilirdi. Ancaq kapitalizm XX əsrin əvvəllərində ciddi bir istehlak problemi ilə üzləşdi. Və yalnız onda anladılar ki, məhsul istehsal etməklə iş bitmir, o məhsulu satmaq da lazımdır. ABŞ şirkətlərinin də böyük gəlir qazanması üçün silah istehsalı yox, istehlakı vacib şərtdir. Silahlar da harada istehlak ediləcək? Əlbəttə ki, müharibələrdə. 

ABŞ-nin 858 milyard dollarlıq müdafiə xərclərinin əhəmiyyətli bir hissəsi də silah maqnatlarının cibinə axır. Onlar da son dərəcə böyük pullarla lobbi fəaliyyəti ilə məşğul olaraq ABŞ parlament və hökumətinin qərarlarına mühüm təsir göstərə bilirlər.

Ötən ay bir ABŞ senatoru Ukraynaya verilən 24 milyard dollarlıq silahla bir amerikan əsgərinin burnu belə qanamadan Rusiyaya böyük zərbə vurduqlarını fəxrlə söyləmişdi. Bir tərəfdən düşmənə zərbə, digər tərəfdən milyardlarla gəlir. Bu siyahıda ukraynalı qurbanlar tamamilə şərti məsələdir. Demokratiya, insan hüquqları, sülh isə… Bunlar isə çoxdan unudulub. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir