Dünya

AVRO-2024-ün seçmə mərhələsində absurd vəziyyət: İrlandiya vəsiqə qazanması üçün uduzmalıdır

Sharing is caring!


AVRO-2024-ün seçmə mərhələsində qəribə vəziyyət yaranıb.

Oxu.Az xəbər verir ki, İrlandiya millisi qitə birinciliyində çıxış etmək şanslarını qorumaq üçün növbəti qrup matçında Niderlanda uduzmalıdır. Belə absurd situasiyanın yaranmasına səbəb UEFA-nın tətbiq etdiyi qaydalardır.

Seçmə mərhələnin B qrupunda Fransa 18 xalla liderdir və artıq vəsiqəni təmin edib. Yunanıstanla Niderland 12 xalla 2-3-cü yerləri tuturlar. Altı xalla dördüncü olan İrlandiya ilk iki pillədə qərarlaşmaq, dolayısı ilə Avropa çempionatına seçmə mərhələdən vəsiqə qazanmaq şansını itirib. Lakin komandanın hələ də belə imkanı var.

Avropa çempionatında iştirak hüququ iki yolla əldə edilir. Bunlardan biri seçmə mərhələdirsə, digəri Millətlər Liqasında pley-off qalibi olmaqdır.

İrlandiyanın gələn ilin martında təşkil olunacaq pley-off mərhələsinə vəsiqə qazanması üçün UEFA-nın Millətlər Liqası üzrə reytinq cədvəlində özündən yuxarı pillədə olan, amma Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanmayan kollektivlərin sayının yeddidən artıq olmaması lazımdır. Niderland A Liqasında qrup qalibi olaraq pley-offa vəsiqə əldə edib və hazırda həmin iddiaçıların sırasındadır.

Ümumilikdə, sistem çox qarışıqdır. Lakin yaxın gələcək üçün ən dəqiq olan İrlandiyaya Niderlandın seçmə mərhələdən vəsiqə əldə etməsinin lazım olduğudur. Qrupdan Yunanıstanın çıxması onlara sərf etmir, lakin Niderlandın yüksəlməsi komandaya pley-offda oynamaq şansı yaradır. Bu isə o deməkdir ki, noyabrın 18-də Niderlandda keçiriləcək görüşə İrlandiya qələbə üçün yox, məğlub olmağa çıxacaq.

UEFA-nın kvalifikasiya ilə bağlı buraxdığı bu boşluq ciddi müzakirələrə səbəb olub. Mövcud sistemin idman prinsiplərinə xələl gətirdiyi bildirilir. Qitə futbol qurumunun məsələ ilə bağlı açıqlama verəcəyi gözlənilir. Hətta Yunanıstanla İrlandiyanın əlavə pley-off qarşılaşması keçirəcəyi də variantlar arasındadır. İstənilən halda, UEFA-nın formatla bağlı belə bir detalı nəzərdən qaçırması birmənalı qarşılanmır və gələcəkdə dəyişikliyi labüdləşdirir.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir