Dünya

UNESCO-da korrupsiya qalmaqalı: Mətbu orqanın ifşa etdiyi qurum çaşqınlıq içindədir

Sharing is caring!


“Antonio Quterreşin başçılıq etdiyi BMT Nyu-Yorkda korrupsiyaya bulaşdıqdan sonra bu mərəz qurumun bütün sisteminə, o cümlədən UNESCO-ya tamamilə sirayət edib”.

Bu fikir “Inner City Press” nəşrinin UNESCO-da korrupsiya qalmaqalı ilə bağlı dərc etdiyi yazıda yer alır. 

Qeyd olunur ki, məqalədən sonra UNESCO, bir növ, çaşqınlıq içindədir və qurumda daxili araşdırmalara başlanılıb.

Yazıda bildirilib ki, istintaq nəticələri və sanksiya tövsiyələri ilə bağlı bir neçə hesabat UNESCO-nun baş direktoru Odre Azulenin masasının üzərindədir və onun hansı qərar qəbul edəcəyi maraq doğurur. Odre Azulenin ədalətli sanksiyalar tətbiq edəcəyi, yoxsa kabinetindəki insanlarla bağlı məlumatları gizlədəcəyi gündəmdə olan məsələlərdəndir.

Qurumun baş direktorunun inzibati məsələlər üzrə köməkçisi, britaniyalı Nikolas Ceffrisin sözlərinə görə, UNESCO-nun Honkonqdakı insan resursları direktorunun ötən ilin iyulunda işdən çıxarılmasından sonra insan resursları menecmentinin müvəqqəti idarəçiliyi zamanı belə, qurumun fəaliyyətində irəliləyişlər müşahidə edilməyib.

“Hətta UNESCO-nun İnsan Resursları İdarəsinin direktoru Honq Kvon Parisdə UNESCO-nun insan resursları sistemini korlamaq üçün “əlindən gələni edib”. Təqib hallarının sayı artır, heyət formalaşdırılması ilə bağlı yürüdülən siyasət tam bir fəlakətdir, yenidən təsnifatlandırma işlərində qarışıqlıq hökm sürür.

Honq Kvon ən azı daha iki il Parisdə qalmağı planlaşdırırdı, lakin UNESCO-nun İcraiyyə Şurasının aprel ayında keçirilən son sessiyası zamanı onun idarəçiliklə bağlı bərbad fəaliyyəti ifşa olundu və baş direktor Azulenin Kvonu ən qısa zamanda işini tərk etməyə məcbur etməkdən başqa çarəsi qalmadı”, – deyə yazıda qeyd edilib.

“Qurumda korrupsiya ilə bağlı son hallardan biri də Honkonqun Braziliyanın UNESCO-dakı səfirinin oğlu üçün konsaltinq müqaviləsini təsdiq etməsidir. Xanım səfir UNESCO-nun İcraiyyə Şurasının son iki sessiyasında Azule və komandası tərəfindən təklif olunan çirkin islahatlara qeyd-şərtsiz və danılmaz dəstəyi ilə məşhurdur. İndi bu mehriban və sədaqətli xidmətlərinə görə ona və onun nəslinə Azulenin şəxsi “qənnadı müəssisəsi”ndən “konfet” hədiyyə edilir – UNESCO bax belə bir şeyə çevrilir”, – “Inner City Press”in məqaləsində deyilir.

“Fundamental məsələ ondan ibarətdir ki, nə üçün üzv dövlətlər, xüsusən də Şimali Avropa ölkələri aşkar edilmiş korrupsiya, qərarlara təsir gücü və mənimsəmə halları ilə bağlı heç bir addım atmırlar? Aydındır ki, burada Avropa İttifaqının zəngin ölkələr klubu ilə həmrəyliyi rol oynayır və qurumun fransalı baş direktoru Azule ilə onun top-menecerlərinin institusional olaraq cəza almayacaqlarına təminat verir”, – deyə məqalədə vurğulanıb. 

“Inner City Press”in eksklüziv xəbərinə görə, fransalı baş direktor Odre Azulenin seçilməsindən sonrakı iki il ərzində siyasi çürümə UNESCO-nu təsiri altına alıb və quruma ciddi zərbə vurub.

“Onun kabinetinin direktoru Nikolas Kassianidis Parisin ən bahalı rayonunun düz mərkəzində beşotaqlı lüks mənzil kirayələyib. Nəticədə UNESCO Kassianidisin kirayə ödənişləri üçün onminlərlə dollar xərcləyib, halbuki Fransa vətəndaşlığına görə bu vəzifəyə təyin olunduğu üçün onun buna haqqı olmayıb.

Eyni şeyi Kassianidisin UNESCO tərəfindən sərəncamına verilmiş şəxsi avtomobildən əlavə, birinci sinif səyahətləri ilə bağlı da demək olar ki, bu, bütün qaydalara ziddir”, – deyə yazı müəllifi bildirib. 

Nəşrin fikrincə, Azule administrasiyası göstərdiyi davranış nümunəsi ilə qurumu dibə doğru çəkir.

“İşçilərin həmkarlar ittifaqları daxili nəzarətin olmamasına və hətta bu dərəcədə ciddi mənimsəmə hallarında belə, heç bir sanksiyanın nəzərdə tutulmamasına heyrət edirlər”, – deyə müəllif fikrini tamamlayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir