Dünya

Hücum potensialı yüksək olan milli: De Byazi bundan istifadə etməlidir – TƏHLİL

Sharing is caring!


Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Estoniya və Avstriya yığması ilə oyunlar üçün heyəti açıqlanıb.

Oxu.Az xatırladır ki, baş məşqçi Canni De Byazi 26 futbolçuya dəvət göndərib. Yenə seçimlər müzakirələrə səbəb olub. Bəzi adların kənarda qalması, bir neçəsinin performansına uyğun olmayaraq, heyətdə olması narazılıqla qarşılanıb.

Təcrübə göstərir ki, seçimlərinə görə italyan mütəxəssisi tənqid etmək əbəs işdir. Çünki o, hər dəfə bildiyini edir. Əlbəttə, çalışdırıcı sisteminə daha uyğun olanlara dəvət göndərdiyini deyərək seçimlərini əsaslandırmaqda sərbəstdir. Lakin çağırdıqlarını oynatmırsa, hələ üstəlik sonradan formada olmadığını deyirsə, burada nəsə düz getmir.

Kiçik xatırlatma: Baş məşqçi heyətə çağırdığı, lakin nə Belçika, nə də İordaniya ilə oyunlarda şans verdiyi Bəxtiyar Həsənalızadə barədə demişdi ki, o, klubunda az oynayır, yaxşı formada deyil.

Beləliklə, De Byazi qarşısında bəzi seçim mübahisələri barədə məntiqli arqument qoymağa ehtiyac yoxdur. O, özü də seçimlərinin bir qisminin anlaşılmaz olduğunu bilir. Bunları niyə etdiyi də yenə ən yaxşı onun özünə məlumdur.

Bəs budəfəki seçimlər nə vəd edir? Mövqelər üzrə nəzər yetirək.

Baş məşqçinin qapı xətti üçün variantları Şahruddin Məhəmmədəliyev, Səlahət Ağayev və Rəşad Əzizli olacaqlar. Ötən siyahıda Yusif İmanov olsa da, bu dəfə o, U-21 yığmasına çağırılıb. Yığmada əsas qolkiper hesab edilən Şahruddin Məhəmmədəliyev formada deyil. Bu yay “Qarabağ”dan Türkiyə “Adana Demirspor”una keçən qolkiper vaxtını ehtiyat oyunçular skamyasında keçirir. Səlahət Ağayev milli komandada daha çox səhvləri ilə yadda qalıb. Düzdür, hazırda onun performansı pis deyil, lakin ən yaxşı vaxtlarında da yığmada parlaq çıxış etməyib. Rəşad Əzizlinin son zamanlar göstərdiyi yaxşı oyunun diqqət çəkməsi müsbət məqamdır. Amma onun da millinin qapıdakı problemini həll edəcəyinə inam azdır. Yenə də əsas seçim Məhəmmədəliyevdir. Bəlkə, yığmada yaxşı oyunu onun “Adana Demirspor”dakı karyerasına da müsbət təsir etdi. Hər halda “çərçivə”nin kimə əmanət edilməsindən asılı olmayaraq, həmin qapıçının işi az olmayacaq – niyəsi müdafiə xəttində…

Müdafiədə seçimlər aşağı-yuxarı eynidir. Əsas problem Bəhlul Mustafazadə ilə bağlıdır. “Qarabağ”ın oyunçusu zədəlidir və qarşıdakı oyunları buraxmalı olacaq. Anton Krivotsyuk, Qismət Alıyev, Yusif Nəbiyev, Toral Bayramov, Elvin Cəfərquliyev seçimləri anlaşılandır. Bu oyunçular klublarında ən yaxşılardandırlar. Cəlal Hüseynov da bu dəfə U-21 yox, əsas yığmada olacaq. Bəxtiyar Həsənalızadə isə artıq Türkiyənin “Tuzlaspor” klubunda daha çox heyətə düşür. Deyək ki, Rahil Məmmədov da müdafiəçi çatışmazlığından dəvət olunub. Höccət Haqverdi isə yenidən milli komandadadır. Düzdür o, son zamanlar klubunda daha çox oynayır, lakin yenə də hər hansısa keyfiyyəti ilə qabara bilmir. “Turan Tovuz”dan Şəhriyar Əliyev, “Qəbələ”dən Murad Musayev pis alternativlər deyildi.

Ümumən, qapı xətti kimi müdafiə də kövrək görünür. Sol cinahla bağlı variant çoxluğu olsa da, mərkəz və sağ cinah problemlidir. Baş məşqçi arxa xətti formalaşdırmaqda “baş sındırmalı” olacaq.

Yarımmüdafiədə vəziyyət daha yaxşıdır. Düzdür, burada yer alan oyunçuların bəziləri ən yaxşı formasından uzaqdır, amma ümumi potensial aşağı deyil. Millinin son oyunlarında zəif çıxış etsə də, Coşqun Diniyev ən azı klubunda get-gedə daha yaxşı forma yığmaqdadır. Emin Mahmudov, Elvin Camalov və Aleksey İsayevin son zamanlar ən yaxşı oyunlarını göstərdiyini demək olmaz. Lakin xüsusən Mahmudov milli komandada həmişə fərqlənməyi bacarıb. Gənc Emil Səfərovun davamlı olaraq yığmaya dəvət olunması alqışlanmalıdır. Filip Ozobiç və Eddi israfilov seçimləri isə mübahisəyə açıqdır. Xüsusən İsrafilovun uzun zaman zədədən əziyyət çəkməsinə görə. O, yenicə sıraya qayıdıb və dərhal milli komandaya dəvət olunub. Bəlkə də alternativlərə baxmaq olardı. Elə çox uzağa getmədən Eddinin komanda yoldaşı Qara Qarayevi görmək mümkün idi. Amma o da məlumunuzdur ki, baş məşqçi naməlum səbəblərdən bu futbolçunun “qələmini qırıb”. Belə məqamlar dünya futbolu üçün normal qəbulediləndir, amma Azərbaycan kimi oyunçu potensialı aşağı olan ölkədə anlamaq bir qədər çətindir.

Cinahlarda isə Ozan Can Kökçü və Nəriman Axundzadə kimi variantlar mövcuddur. Kökçü Niderland “Eyndhoven”ində liderlərdən birinə çevrilib. Gənc Nəriman isə bu mövsüm “Qarabağ”da tez-tez şans qazanır. Düzdür, indiki məqamda onun yığmada heyətə düşməsi çətindir, lakin ab-havanı hiss etməsi baxımından De Byazinin atdığı addımı müsbət dəyərləndirmək lazımdır.

Hücum xətti isə bu yığmanın ən güclüsüdür. Renat Dadaşov ötən gün Türkiyə Super Liqasında dubl etdi, Mahir Emreli artıq Zaqreb “Dinamo”sunda kifayət qədər oyun şansı qazanır, həm qollar vurur, həm də assistlər edir. Təəssüf ki, Emreli ona bəslənən böyük ümidlərə baxmayaraq, hələ də millidə lider olmağı bacarmır. Ramil Şeydayev isə həmişə stabil mübariz oyun göstərir və bir qayda olaraq millidə ən yaxşılardan olur. Rüstəm Əhmədzadə də son zamanlar “Zirə”də pis təsir bağışlamır. Musa Qurbanlıya gəlincə, o, İsveç “Yurqorden”ində ilk vaxtlar olduğu qədər diqqət çəkmir, amma gənc oyunçunun millidə olması elə klub karyerası üçün də əhəmiyyətlidir.

Beləliklə, yığma komandada qapı xəttindən irəliyə doğru performans da yüksəlir və hücum da ən yaxşı səviyyəsinə çatır. Deməli, bu komandanın hücum etmək potensialı daha çoxdur, nəinki müdafiə olunmaq. Xüsusilə Estoniya ilə görüşdə bundan yararlanmaq lazımdır. Baxmayaraq ki, səfər oyunudur, qrupda qələbə qazanmaq üçün, bəlkə də yeganə fürsətdir. Əlbəttə, De Byazi komandanın bu potensialını görməzdən gəlməsə. Düzgün istifadə olunsa, kollektiv iki oyundan hətta dörd xal da ala bilər.

Xatırladaq ki, Azərbaycan millisi oktyabrın 13-də İsveçrənin qonağı olacaq, üç gün sonra Bakıda Avstriyanı qəbul edəcək.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir