Dünya

Forpostluğunu dəyişən Ermənistan: Paris erməniləri növbəti fəlakətə sürükləyir – ŞƏRH + FOTO

Sharing is caring!


Fransa riyakarcasına Cənubi Qafqazda sülh prosesinə əngəl olmaqda davam edir. Rəsmi Paris Ermənistanı silahlandırmaq, onu yeni münaqişələrə cəlb etməklə bölgəni gərginliyə sürükləməyi prioritet siyasətinə çevirib. Xarici işlər naziri Katrin Kolonnanın İrəvana səfəri də məhz bu çirkin missiyanı reallaşdırmağa yönəlib. Azərbaycanla Ermənistan arasında münaqişənin həlli üçün yaradılan ATƏT-in keçmiş Minsk qrupuna rəhbərik etmiş bir ölkə birtərəfli qaydada anti-Azərbaycan siyasəti ilə seçilir, separatizmi dəstəkləyir.

Təbii ki, Fransanın digər planları kimi, Ermənistanla bağlı səyləri də nəticəsiz qalacaq. Kolonnanın “Fransa hər zaman Ermənistanın yanındadır” ifadəsi, nəhayət ki, Fransanın vicdanlı və neytral vasitəçi olmaq iddiaları üzərindən qalın bir xətt çəkib, bütün maskaları yırtmış olub. Azərbaycan Qarabağda antiterror tədbirləri ilə separatçıların fəaliyyətinə son qoyaraq bölgəyə hakimliyini təmin edib. Artıq Qarabağın erməni sakinlərinin reinteqrasiya prosesinə start verilib. Ölkəmiz beynəlxalq hüquqla təsbit olunmuş torpaqlarında qanunun aliliyini bərpa etməyə başlayıb. Fransa isə bütün bunlarla barışa bilmir. Arada qalan, inkişaf və tərəqqidən məhrum olacaq ölkə yenə də Ermənistan olacaq. Bu ölkə hələ də anlamır ki, inkişaf, tərəqqi sülh və əmin-amanlıqdan keçir.

Maraqlı olan həm də digər məsələdir. Azərbaycanın həyata keçirdiyi antiterror tədbirlərinin dinc erməni sakinlərə qarşı heç bir təhdid təşkil etmədiyinin həm beynəlxalq təşkilatlar, həm də Ermənistan baş naziri tərəfindən bəyan edilməsinə baxmayaraq, fransalı xanım nazir həyasızcasına Azərbaycanın öz suveren ərazilərində atdığı legitim addımı “cinayət” adlandırır. Bu da saxtakarlıqla yanaşı, Fransanın bölgədəki səriştəsiz siyasətini nümayiş etdirir. Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə, etnik təmizləməyə, bir milyon azərbaycanlı qaçqın və köçkünün iztirablarına göz yuman, hətta bunu ört-basdır edən Fransa riyakarcasına Ermənistanın ərazi bütövlüyünün qorunmasından danışır.

Ermənistan üçün ən təhlükəli olan Kolonnanın Ermənistanla hərbi yardım barədə sazişin imzalanması, Avropa İttifaqı missiyasının mandatının gücləndirilməsi barədə fikirləridir. Rəsmi Paris bu addımı ilə Cənubi Qafqaz regionuna geosiyasi rəqabət gətirməkdə maraqlı olduğunu göstərmiş olub. Ermənistan isə militarizmə və revanşizmə sövq etmək kimi təhlükəli oyuna baş vurur.

Digər bir məsələ, Ermənistanın Rusiyaya qarşı bəyanatlarına gəldikdə, bunların da qaynağı, sözsüz ki, Fransadır. Bəllidir ki, Rusiya ilə münasibətləri gərginləşən Ermənistan ard-arda Rusiya əleyhinə sərt addımlar atmaqdadır. Ölkə ərazisindəki Rusiya hərbi bazası üçün icarə haqqının artırılması çağırışları, Rusiyaya məxsus bütün strukturlardan çıxmaq, Roma Statutunun qəbulu və s. artıq bütün cizgilərin keçilməsi deməkdir.

Fransanın Qafqaz siyasətini aktivləşdirməsinin hədəfi bəllidir və bunu bir neçə bəndə bölmək olar.

Birincisi və ən əsası, Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq. Kolonna da bunu açıq şəkildə ifadə edib, Ermənistanın Roma Statutunu ratifikasiya etməsini alqışlayıb, bunu vaxtında verilən qərar adlandırıb. “Digərləri ilə birlikdə bu, həm də çox mühüm əlamətdir ki, Ermənistan qətiyyətlə demokratiya və sülhə doğru irəliləyir, çünki ədalətsiz sülh yoxdur”, – deyə K.Kolonna bəyan edib.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi martın 17-də Rusiya Prezidenti V.Putinin həbsi barədə order verib. Roma Statutunu ratifikasiya edən ölkələr Putinin həbsi ilə bağlı hüquqi addım atmağı öhdəsinə götürürlər.

İkinci məsələ dolayısı ilə yenə Rusiyaya aiddir. Fransalı nazir Ermənistan XİN rəhbəri Ararat Mirzoyanla görüşdə Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasını genişləndirməyi hədəf götürdüklərini ifadə edib. K.Kolonna gələcəkdə bu missiyanın sayını artırmağı hədəflədiklərini, onun “daha faydalı ola bilməsi” üçün mandatını gücləndirmək xahişi ilə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelə müraciət etdiyini deyib. Məqsəd də Rusiyanın rolunun azaldılması, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) uzaqlaşmaq və Ermənistan ərazisindən Rusiya hərbi bazasının çıxarılmasıdır. Bir sözlə, Fransanın Ermənistanda Aİ-nin “mülki missiyasını” genişləndirmək cəhdi fürsətdən istifadə edərək Aİ qüvvələrinin regiona daha çox yerləşdirilməsinə çalışmaq deməkdir. Eyni zamanda, Ermənistanın Avropa Sülh Mexanizminə daxil edilməsi onun KTMT-dən çıxması anlamına gəlir. Fransa Ermənistanın “təhlükəsizliyi”ni üzərinə götürməklə, Rusiyanı bu ölkədən çıxarmaq niyyətini açıq şəkildə ortaya qoyur.

Fransanın Ermənistanda möhkəmlənəcəyi, Rusiyanı oradan sıxışdırıb çıxaracağı, ola bilsin ki, baş tutsun. Lakin birmənalı şəkildə deyə bilərik ki, onun azərbaycanofobiyaya əsaslanan siyasəti həmişəki kimi iflasa uğrayacaq.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir