Dünya

“Soros”un Ermənistan planı işə düşüb: Anti-Rusiya kampaniyasının gerçək səbəbləri – ŞƏRH + FOTO

Sharing is caring!


Ermənistanda aktiv şəkildə, faktiki olaraq indiyə qədər görünməmiş formada anti-Rusiya kampaniyasına start verilib. Baş nazir Nikol Paşinyanın İtaliya mediasında anti-Rusiya açıqlamaları ilə revanş götürən kampaniya pik həddə çatıb. Hakimiyyət xarici himayədarlarından aldığı əmr və tapşırıqları artıq aktiv şəkildə həyata keçirməyə başlayıb.

Təsadüfi deyil ki, Nikol vaxtilə “Yelk” (ermənicə çıxış deməkdir- müəl.) blokunun müəllifi olub və indi də, görünür, hər vəchlə bu “çıxış” planını gerçəkləşdirməyə başlayıb. Hadisələrin xronologiyası da vəziyyətin nə qədər mürəkkəb olduğuna işarədir. Məsələn, baş nazir anti-Rusiya bəyanatını səsləndirir, dərhal da ölkənin NATO-ya üzvlüyü ilə bağlı məsələ ortaya atılır. Rəsmi İrəvan hər vəchlə bu informasiyanı təkzib etməyə çalışsa da, proseslərin gedişi bu xəbərin məqsədli şəkildə ortaya atıldığını göstərib. Çünki bunun ardınca Ermənistanın ABŞ ilə birgə hərbi təlimlər keçirməsi xəbəri yayıldı. Maraqlıdır ki, üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təlimlərinə qoşulmaqdan imtina edən İrəvan birdən-birə Rusiyanın əsas rəqibi ABŞ ilə birgə təlimlərə qoşulur…

Nikol Paşinyan barədə müxalif media və siyasilərin gəldiyi qənaət bundan ibarətdir ki, bütün bunlar milyarder Corc Sorosun Ermənistanla bağlı planının reallaşmasından qaynaqlanır. NATO-ya üzvlük məsələsi də bunun tərkib hissəsidir. Erməni mediası yazır ki, Corc Soros rəsmi İrəvan qarşısında KTMT, MDB və Avrasiya İqtisadi İttifaqından çıxmaq tələbini qoyub. Bundan əlavə, erməni mediasında Ermənistanda yeni Atom Elektrik Stansiyasının (AES) inşası ətrafında qızğın müzakirələr gedir. “Hökumət komissiyası stansiyanın tikintisi ilə bağlı üç variant – Rusiya, Amerika və Cənubi Koreya variantını intensiv şəkildə öyrənir”, – deyə ərazi idarəetmə və infrastruktur nazirinin müavini Hakob Vardanyan bəyan edib. Rusiya layihəsi ilə yanaşı, Cənubi Koreya və ABŞ layihələrinin də gündəm olduğu qeyd edilsə də, daha çox sonuncu iki dövlətin layihəsinin keçə biləcəyi vurğulanır.

Yeri gəlmişkən, Rusiyanın Ermənistanın son ittihamlarına dərhal cavab verməsi məsələnin Moskva tərəfindən ciddi qarşılanmasından xəbər verir. ABŞ-Ermənistan təlimlərinə sərt reaksiya verən Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Ermənistanın ABŞ ilə hərbi təlimlər keçirmək planlarına münasibət bildirərkən deyib ki, Ermənistan-ABŞ hərbi təlimləri narahatlıq doğurur. “Əlbəttə, belə xəbərlər, xüsusən də indiki vəziyyətdə narahatlıq doğurur. Buna görə də biz bu xəbərləri dərindən təhlil edəcəyik və vəziyyəti diqqətdə saxlayacağıq”, – o vurğulayıb.

Bir gün öncə isə Peskov açıqlamasında İrəvanı açıq-aşkar hədələyib. O, Paşinyanın Rusiya sülhməramlılarının missiyasının uğursuzluğu ilə bağlı tezisləri ilə razılaşmağın mümkünsüzlüyünü və Rusiyanın bu regionun tamamilə ayrılmaz hissəsi olduğunu, ona görə də heç yerə gedə bilməyəcəyini bəyan edib. “Rusiya Ermənistanı tərk edə bilməz və Paşinyan Rusiyada Ermənistanın özündən daha çox erməni yaşadığını unutmamalıdır. Onların əksəriyyəti Rusiya Federasiyasının vətənpərvər vətəndaşlarıdır və ölkənin inkişafına layiqli töhfə verirlər” fikirləri də bundan xəbər.

Öz növbəsində Rusiya Prezidenti yanında beynəlxalq münasibətlər üzrə Şuranın üzvü, politoloq Boqdan Bezpalko “Sputnik Armenia”ya açıqlamasında bildirib ki, Ermənistanın təlim planı və KTMT üzrə xüsusi nümayəndənin Niderlandda səfir təyin edilməsi nümayişkaranə atılan addımdır: “Əvvəl iddia edildi ki, xüsusi nümayəndənin dəyişdirilməsi sadəcə yerdəyişmədir”.

Lakin məsələ ondadır ki, bütün səfir və xüsusi nümayəndələr artıq bəlli olsa da, KTMT üzrə xüsusi nümayəndə təyin olunmayıb. Bu addımla da İrəvan Rusiyaya Qərbə inteqrasiya etdiyini göstərmək istəyir. Politoloqun sözlərinə görə, Nikol Paşinyan Rusiya ilə müttəfiqlik addımlarına zidd bir sıra nümayişkar addımlar atır. “Bu addımlar da Rusiya vektorunun Qərb vektoru ilə əvəzlənməsini simvolizə edilməsi deməkdir. Bu, erməni rəhbərliyinin Rusiya ilə əlaqələri kəsmək istəyindən xəbər verir. Ermənistanın KTMT-dən çıxmaq riski mövcuddur, lakin İrəvan rəsmən təşkilatdan çıxmayıb”, – deyən ekspert istisna etmir ki, bütün bu addımlar Kremli şantaj elementi kimi nəzərdən keçirilir.

Beləliklə, Ermənistan hakimiyyətinin son anti-Rusiya bəyanatları, Qərb və onun strukturlarına inteqrasiya çağırışlarının artması təsadüfüdürmü? Təbii ki, yox. İrəvan artıq Kremlin orbitindən uzaqlaşmaq xəttini götürüb. Bu plan da Ermənistan hakimiyyətinin əsas sponsorlarından olan “Soros” fondundan gəlir. Belə ki, Avropada bütün mərkəzlərini bağlayan fond fəaliyyətini digər ölkələrə keçirib. Radikal addıma səbəb kimi də fondun layihələrinin Mərkəzi-Şərqi Avropa və postsovet məkanında uğursuzluqları göstərilir. Lakin Ermənistan istisnadır. Səbəb də odur ki, bu ölkədə “Soros”un dayaqları ən yüksək səviyyədə təmsil olunub. Baş nazirdən tutmuş digər rəsmilərə qədər əksər məmurlar ondan “yemlənir”, tapşırıqları ondan alır. Ara-sıra Ermənistanın KTMT-dən çıxması, Rusiya hərbi bazasının ölkədən çıxarılması kimi çağırışlar da bundan qaynaqlanır.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir