Dünya

Hindistan Cənubi Qafqazda: Həm siyasət, həm ticarət

Sharing is caring!


Konfliktoloq Rüstəm Qaraxanlı yazır…

Millətçi-mühafizəkar Narendra Modinin rəhbərlik etdiyi Hindistanın Cənubi Qafqaza müdaxiləsi inadla davam edir. Bu həmlə o qədər sürətlidir ki, birgəyaşayışa öyrəncəli olmayan və yerlərini gen istəyən sıravi ermənilər Yerevan küçələrində gəlmə hindlilərlə kiçik çaxnaşmalara da imkan tapıblar. Məişət zəminində narazılıqlar ola bilər, ancaq rəsmi Yerevan Hindistanın xüsusilə hərbi dəstəyindən istifadə etməkdən çəkinmədiklərini göstərir. Ötən həftə ictimailəşən məlumata görə, Hindistanın “Munitions India Limited” silah istehsalı şirkəti Cənubi Qafqaz ölkələrinin birindən əl qumbaralarının təkmilləşdirilməsinə dair sifariş alıb. Aydındır ki, söhbət Ermənistandan gedir. Bu, Yerevanın Hindistanla silah bazarındakı ilk təması deyil. Bundan əvvəl artilleriya sistemləri və zenit-raket kompleksləri ətrafında da xəbərlər dolaşırdı. Görünür, iyunun 23-də Brüsseldə Ermənistanla Hindistan arasında gömrük məsələlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişin imzalanması da sıradan hadisə deyil və idxal-ixrac əməliyyatlarının intensivləşəcəyindən xəbər verir. Pakistanla uzunmüddətli və sonu görünməyən ərazi problemi, daxilində etnik və konfessional ziddiyyətlər yaşayan Hindistan milli maraqları hüdudlarından uzaq Cənubi Qafqazda nə axtarır?

İş birliyində olanlar təsdiqləyər, hindlilər bacarıqlı tacirlərdir. İntensiv inkişaf edən Hindistan iqtisadiyyatı belə görünür ki, Modi hökumətini dövlətin xarici siyasət konsepsiyasına korrektələr etməyə stimullaşdırır. Dehlinin Qafqazın cənub sərhədlərini aşması bir çox dövlətlərdən fərqli olaraq hindlilərin bu dəyişikliyi tək nəzəri deyil, həm də praktiki müstəvidə tətbiq etmək istəyindən xəbər verir. İyun ayında ABŞ konqresi ilə müştərək sessiyanın gedişində Modi ambisiyalı proqnozlarla çıxış etdi:

“Mən baş nazir kimi ABŞ-yə ilk səfərimə gələndə Hindistan dünyanın 10-cu iqtisadiyyatı idi. Bu gün 5-ci yerdədir. Tezliklə Hindistan dünyanın 3-cü iqtisadiyyatı olacaq”.

Modinin bu sözləri sadəcə bəyanat deyil. Hindistan G-20-də öz gündəminə malikdir, bu gün isə hətta Aya kosmik raket göndərməklə BRİKS üzvləri arasında ayrıca vahid qismində təqdimatdan belə çəkinmir. 

2023-cü ilin əvvəlində açıqlanmış statistikaya əsasən, Azərbaycanla Hindistanın ötənilki ticarət dövriyyəsi 1,82 milyard dollar təşkil edib. Azərbaycanın ən yaxın ticarət tərəfdaşları ilə olan dövriyyəyə nisbətdə, böyük müştərək iqtisadi layihələrdə görünməyən Hindistanla əldə olunmuş bu rəqəm olduqca ciddi və gözlənilməz nəticədir. Ötən hesabat dövrü ilə müqayisədə bu, az qala 50%-lik artım deməkdir. Bu statistikada neftin payı ümumi göstərici ilə müqayisədə həlledici deyil: cəmi 0,5 milyard. Əgər Hindistanın Ermənistanda və Azərbaycandakı iqtisadi maraqlarını müqayisə etsək, qüvvələr nisbəti təbii ki, qeyri-bərabər olacaq. 

Dehlinin bölgədən iqtisadi gözləntiləri tək ticarət əməliyyatları ilə məhdudlaşmır. Hindistana Rusiya və Avropa qitəsinə uzanan logistik marşrutlar lazımdır. Son aylar bu kontekstdə izlənənlər göstərir ki, Yerevan məhz bu müstəvidə Dehli ilə əməkdaşlıq qurmaq arzusundadır. Söhbət nədən gedir? II Qarabağ müharibəsindən dərhal sonra Ermənistan Hindistana İran və Gürcüstandan keçmək şərti ilə Qara dəniz vasitəsilə yeni Avropa və Rusiya marşrutu təklif etdi. Xəritədə sadə görünən bu istiqamət relyef və maliyyə problemlərinə malikdir. İran sərhədindən tutmuş Gürcüstanadək Ermənistan ərazisində tikilməli olan yollar mürəkkəb landşaftdan keçməlidir. Texniki əngəllərlə yanaşı, ideyanın reallaşması üçün pul da yoxdur. Bu bahalı avantüraya kim vəsait yatıracaq? Tutaq ki, sərmayə tapıldı. Rusiya, Azərbaycan və İrandan keçərək Hind okeanına çıxan və işlək olan Şimal-Cənub marşrutu ola-ola yalnız ermənilərin bahalı şıltaqlığının güdazına getməyə dəyərmi?

2022-23-cü illərin 9 ayı ərzində Rusiya-Hindistan iqtisadi münasibətləri rekord göstəriciyə çatıb – 39,8 milyard dollar. Burada maraqlı bir nüans var: bu göstəricinin 37,3 milyard dolları Rusiyadan Hindistana ixracatın payına düşür. Yəni, mütləq əksəriyyəti. Yerevandakıların məntiqindən belə çıxır ki, Rusiya bu boyda dövriyyəni mövcud relslərdən çıxarıb Ermənistandan çəkiləcək (çəkiləcəkmi?) yola yönəltməlidir. Çünki xəyal edilən marşrutun afişası belədir: Azərbaycandan yan keçməklə Avropaya və Rusiyaya Şimal-Cənub marşrutu ilə paralel yeni yol. Mövzudan uzaqlaşmayaraq xatrılamaqda fayda var: Azərbaycan ərazisindən tək Şimal-Cənub dəhlizi deyil, həm də Çinlə Avropa bazarlarını birləşdirən sınaqdan çıxarılmış avtomobil və daha da genişlənməsi nəzərdə tutulan işlək Bakı-Tbilisi-Qars dəmir yolu fəaliyyətdədir. Üfüqdə isə “Orta dəhliz” görünür. 

Ermənistanda Hindistanın Cənubi Qafqazda peyda olmasını öz arşınları ilə ölçürlər. Ermənilər ciddi şəkildə fikirləşirlər ki, Hindistan Türkiyə-Azərbaycan-Pakistan üçbucağının geniş imkanlarını məhdudlaşdıra bilər. Məntiqləri sadədir: Azərbaycan Hindistana düşmən olan Pakistanı qardaş dövlət sayır, bu səbəbdən Dehlinin Bakı ilə münasibətləri soyuqdur. Hətta belə olsa da, real siyasət məntiqi ilə bu, ticarət etmək üçün maneə olmamalıdır və hazırkı dövriyyənin mövcud həcmi də bunu göstərir. Bəyəm ABŞ ilə Çin arasındakı münasibətlər soyuq deyil? Ancaq bu, onlara vacib ticari tərəfdaş olmağa əngəl törətmir. Özünə müxtəlif geosiyasi konfiqurasiyalarda fürsət axtaran Ermənistan zaman-zaman Rusiya-Türkiyə tarixi rəqabətindən, yaxud Yunanıstan-Türkiyə ziddiyyətlərindən qazanc güdüb. Yerevan Afina ilə Bakı-Ankara əlaqələrinin modelini imitasiya etməyə çalışır, reallıqda isə Yunanıstan Avropada Azərbaycan qazını alan ilk ölkələrdəndir. 

44 günlük müharibədə məğlub olan Ermənistan ordusunun silahla təminatını Hindistan vasitəsilə çözməyə çalışır. Bu, Paşinyan hökumətinin könüllü seçimi deyil. Rusiyadan bir sıra səbəblərə görə silah ala bilmir, Fransa bu riskə getmir, vakuumu Hindistan doldurur. İstisna deyil ki, həm Rusiyanın, həm Fransanın, həm də hətta İranın razılığı ilə. Başqa sözlə, bu Yerevandakıların yeni geosiyasi “üçbucaq” və “dördbucaq”ların modelləşdirilməsidirsə, Hindistan üçün sadəcə biznesdir. Silah alveri həm pul gətirir, həm də yaxşı reklamdır: bizim də silahı alanlar var!

Burada tək bizi deyil, müttəfiqimiz İsraili narahat etməli olan önəmli məqam diqqətdən qaçmamalıdır. Hindistan İsrail silahını ən çox alan ölkələrdəndir. Hətta İsrail texnologiyası əsasında öz milli artilleriya sistemlərini də istehsal edir. Bu silahlar Ermənistana satılacaqmı? İsrail texnologiyasının Ermənistan vasitəsilə İran üçün açıq olması təhlükəsi nə qədər realdır?

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir