Dünya

Ukraynaya çempionluq qazandıran azərbaycanlı: “Problemlər oldu, rəqibim dəyişdirildi” – FOTO

Sharing is caring!


Dünya UBO versiyası üzrə növbəti superboks yarışı bu dəfə Ukrayna paytaxtı Kiyevdə baş tutub. Görüş kəmərin sahibi olan panamalı İrvinq Berri ilə Ukraynadan olan azərbaycanlı Nazir Rəhimov arasında baş tutub. 22 yaşlı Rəhimovun tam qələbəsi ilə başa çatan qarşılaşma ilə soydaşımız Ukrayna tarixində ən gənc çempion olub. Eyni zamanda, UBO Superliqasının kəmərini Ukraynaya qazandırıb.

Çempion həmyerlimiz “Report”un Şərqi Avropa bürosuna bildirib ki, hazırda növbəti yarışa hazırlaşır:

“Ukraynanın Nikolayev şəhərində anadan olub, orada böyümüşəm. Valideynlərim isə Azərbaycanın İmişli rayonunun Qaradamlı kəndində anadan olublar.

10 yaşımdan 18 yaşımadək boksla məşğul olmuşam. Ölkə çempionatlarında həvəskarlar arasında mübarizə aparmışam. 18 yaşımdan sonra peşəkar boksa keçdim və artıq 13 uğurlu duelim baş tutub. 20 yaşımda Ukrayna çempionu adı uğrunda mübarizə apardım. Ölkə tarixində ən gənc Ukrayna çempionu oldum.

Mənə doğma şəhərim Brovarıda dünya çempionatında yarışmaq imkanı verildi. Lakin problemlər oldu, rəqibim dəyişdirildi. Heç kim Ukrayna ilə müharibəyə görə mübarizə aparmaq istəmirdi. Döyüş gözlədiyimizdən qat-qat çətin oldu. Panamadan olan rəqibim bizim dəvətimizi qısa müddətdə qəbul etdi. O, çox güclü idi. Buna baxmayaraq, 90 dəqiqəlik döyüşün 10-cu raundunda onu nokaut edib superyüngül çəkidə dünya çempionu titulunu qazandım. Əvvəlcə duelin bu il iyunun 24-də keçirilməsi planlaşdırılırdı. Lakin Kiyev güclü atəşə tutulduğu üçün qarşılaşma iyulun 29-na, daha sonra avqustun 12-nə keçirildi. Nəticədə Brovarı şəhərində keçirilən dueldə biz qalib gəldik. Peşəkarlar arasında Ukrayna çempionu olaraq kəmər qazandım”.

Nazir Rəhimov qeyd edib ki, daha beş dünya çempionu kəməri var ki, onları qazanmaq lazımdır:

“Onlardan dördü Amerikadadır. Buna görə də daha çox təcrübə qazanmaq və amerikalılarla yarışmaq üçün bir neçə döyüş keçirməliyik. Növbəti bir il yarım üçün planlarımız üç-dörd döyüş keçirmək, amerikalılarla qarşılaşmaq, dörd əsas kəməri əldə etməkdir.

Olimpiya oyunlarında boks hər biri üç dəqiqəlik üç, bizdə isə üç dəqiqəlik on iki raunddur. Bu, peşəkar boksdur, digər idman növlərinə nisbətən daha çətin olur. Burada bir turnirdə dörd-beş döyüş keçirirsən. Rəqibinin kim olduğunu əvvəlcədən bildiyin üçün iki-üç aya tam hazırlaşırsan”.

“Bizi çoxları – təkcə ukraynalılar deyil, azərbaycanlılar da dəstəkləyirlər. Boks klubumuz Ukraynada bir nömrəlidir. Ümumilikdə klubumuzu dəstəkləyən bütün millətlərdən yoldaşlarımız var. Mənə inanan hər kəsə dərin minnətdarlığımı bildirirəm”, – azərbaycanlı idmançı deyib.

Gənc çempion yarışa hazırlaşdığı şəraitdən də danışıb:

“18 yaşımda Nikolayevdən buraya, Kiyev vilayətinin Brovarı şəhərinə köçdüm. İdman zalının yanında yerləşən bu otaqda iki ildir yaşayıram. Səhər tezdən axşama kimi məşqlər edirəm. Bir idmançı üçün bu şərait, çətin də olsa, kifayət edir. Daha yaxşı nəticə əldə etmək üçün bu idman zalında daha çox boksla məşğul oluram. İki il bu otaqda yaşadım, qapının arxasındakı zala keçirdim”.

Qeyd edək ki, hazırda həmyerlimiz Ukrayna təmsilçisi kimi Polşaya növbəti təlimlərə yollanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir