Dünya

Çingiz Əlləzov Marat Qriqoryan üzərindəki qələbəsindən danışdı: “Bu döyüşü gözləyirdim”

Sharing is caring!


“Bəlkə də, bu, mənim sonuncu döyüşüm idi. Artıq karyeramın sonlarına yaxınlaşıram. Sonuncu görüşlərimi Ukraynada, Azərbaycanda və Rusiyada keçirmək istəyirəm”.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan və Belarusu təmsil edən kikboksinq üzrə “One Championship” Dünya Qran-prisinin qalibi və yüngül çəkidə mütləq çempion Çingiz Əlləzov “ONE Fight Night 13”də ermənistanlı Marat Qriqoryan üzərində qələbəsi barədə danışarkən deyib.

Bakıya gələn Ç.Əlləzov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında uzun müddət bu döyüşə hazırlaşdığını bildirib.

“Mən altı aydır ki, bu döyüşü gözləyirdim. Bu döyüş mənim üçün çox lazım idi və qalibiyyətimi öz millətimə, Vətənimə həsr edirəm. Bütün azərkeşlərimə minnətdarlığımı bildirirəm. Qələbəni Azərbaycana borcluyam. Sözün əsl mənasında mənə çox böyük dəstək oldular. Mən fəxr edirəm ki, azərbaycanlıyam”.

30 yaşlı idmançı daha əvvəl məğlub olduğu digər erməni döyüşçü Giorgio Petrosyanla döyüşmək istədiyini söyləyib:

“Petrosyanın uduzduğu bütün döyüşçüləri məğlub etmişəm. O, gəlsə, döyüşəcəyəm. 20 günün içində cavab versin. Baş tutsa, inşallah, həmin döyüşü də qalib bitirəcəyəm”.

Ç.Əlləzov Azərbaycan vətəndaşlığı almaq istədiyini əlavə edib:

“Bundan öncəki müsahibələrimdə də bildirmişdim ki, mən Azərbaycan vətəndaşlığı almaq istəyirəm və çox ümid edirəm ki, bu arzum da yerinə yetər. Şükürlər olsun ki, hazırda öz vətənimdəyəm, burada gəzmək istədiyim çox yer var”.

İdmançı Qriqoryan üzərində qələbəni babasına həsr etdiyini bildirib:

“Babam hər zaman mənə deyirdi ki, erməni idmançı Qriqoryana qalib gəlməlisən. Mən onun mənə verdiyi nəsihəti yerinə yetirdim. Ona görə bu döyüşümü babama həsr edirəm”.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir