Dünya

Ukrayna Ali Radasının deputatı: “Azərbaycanla eyni dərdi bölüşürük” – FOTO

Sharing is caring!


Ukraynanın xalq deputatı Sergey Naqornyak və Azərbaycanın Kiyevdəki səfiri Seymur Mərdəliyev arasında keçirilən görüşdə Azərbaycanın İrpen şəhərində apardığı bərpa işlərinin gedişi və ikitərəfli əməkdaşlığın digər məsələləri müzakirə olunub.

Bu barədə Sergey Naqornyak “Facebook” səhifəsində məlumat verib.

Onun sözlərinə görə, görüş zamanı onlar Xarkov vilayətində gördükləri ilə bağlı təəssüratlarını da bölüşüblər.

Səfir də Sergey Naqornyak kimi, bir neçə gün fərqlə bu bölgəyə səfər edib.

“Azərbaycanla eyni dərdi bölüşürük”, – ukraynalı deputat bildirib.

O qeyd edib ki, səfir Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki dağıntılarla Xarkov vilayətinin İzyum və digər şəhərlərində gördükləri ilə paralellər aparıb: “Biz minatəmizləmə prosesinin çətinliklərindən və bu məsələdə Azərbaycanın təcrübəsindən danışdıq. Azərbaycan beynəlxalq dəstək olmadan işğaldan azad edilmiş ərazilərində müstəqil şəkildə minalardan təmizləmə işləri aparmasına baxmayaraq, Ukraynaya xüsusi minatəmizləmə maşınları təqdim edir”.

Deputat qeyd edib ki, Ağdamda bir dənə də olsun salamat binanın qalmamasını eşitməsi onu çox kədərləndirir: “Bir vaxtlar çiçəklənən bu şəhər indi “Qafqazın Hirosiması” adlandırılır”.

Görüşdə S.Naqornyak səfirə enerji sisteminin bərpası üçün Ukraynaya avadanlıqların alınması və təhvil verilməsi üçün ayrılmış 7,6 milyon ABŞ dollarına görə Ukrayna xalqının adından Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını çatdırmağı xahiş edib: “Bizi çətin qış gözləyir, lakin tərəfdaşlarımızın və dostlarımızın dəstəyi indiki şəraitdə ona maksimum hazırlaşmağa kömək edir”.

Azərbaycan səfiri isə bildirib ki, bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gedib: “Payızda daha bir qrupun səfərinin təşkili planlaşdırılır. Ötən il Ukraynadan 70 uşaq artıq Azərbaycana səfər edib”.

Ukraynalı deputat Azərbaycan səfirini Çerkassı vilayətinə səfərə dəvət edib: “Yeri gəlmişkən, Çerkassı ilə Azərbaycanın Sumqayıt şəhəri qardaşlaşmış şəhərlərdir – sözdə yox, əməldə. Rusiyanın Ukraynaya genişmiqyaslı müharibəyə başlamasından sonra Sumqayıt Çerkassıya onlarla ton humanitar yardım göndərib”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir