Dünya

“Titanik”ə səfərdə batan batiskaf şirkətinin həmtəsisçisi 1000 nəfəri ən isti planetə göndərmək istəyir – FOTO

Sharing is caring!


“OceanGate” şirkətinin həmtəsisçisi Gilyermo Zönlyayn 2050-ci ilə qədər Venera planetində  üzən koloniyaya 1000 adam göndərmək istəyir.

Gələcəyə böyük ümidlər bəsləyən Gilyermo Zönlyayn bildirib ki, o vaxta qədər Veneranın sulfat turşusu buludlarında 1000 insanın yaşamasını istərdi.

“Titanik”ə səfər edən “Titan” sualtı qayığında baş verən faciədən və batiskafın enişdən bir neçə saat sonra partlamasından sonra “OceanGate”in innovasiya və təhlükəsizliyə yanaşması ilə bağlı narahatlıqlar artıb. Lakin Gilyermo Zönlyayn son hadisələrin onun ambisiyasını azaltmasına imkan verməyib. O iddia edir ki, bəşəriyyət innovasiyanın sərhədlərini genişləndirməyə davam etməlidir.

“OceanGate” isə Zönlyaynın yeganə şirkəti deyil. İş adamının ən son və bəlkə də ən iddialı planı insanları Venera atmosferində yaşamağa göndərməkdir.

O, həmçinin planının göründüyü qədər də ağılsız olmadığını iddia edir. “Məncə, bu, 2050-ci ilə qədər bir milyon insanı Marsın səthinə çıxarmaqdan daha az iddialıdır”, – deyə o, “Insider” nəşrinə müsahibəsində bildirib.

Qeyd edək ki, Venera Günəş sistemindəki ən isti planetdir. Onun atmosferi karbon qazı ilə doludur, səthinin temperaturu qurğuşunu əritmə gücünə malikdir, buludların arasından isə sulfat turşusu yağır. NASA-nın məlumatına görə, onun atmosfer təzyiqi sarsıdıcıdır və Yerdəkindən 90 dəfədən çoxdur.

Buna baxmayaraq, Zönlyayn bəşəriyyətin niyə bu planetdə yaşamaq üçün cəhd etmədiyini başa düşmür. O, bəzi tədqiqatlara işarə edərək vurğulayıb ki, insanlar nəzəri olaraq sağ qala bilərlər. Belə ki, tədqiqatlara əsasən, səthdən təxminən 30 mil məsafədə Venera atmosferinin bir hissəsi var və burada temperatur daha aşağı, təzyiqlər daha az intensivdir.

Zönlyaynın fikrincə, kosmik stansiyanı buludlardakı sulfat turşusuna tab gətirə biləcək şəkildə layihələndirmək mümkün olsaydı, o zaman nə vaxtsa yüzlərlə və minlərlə insan Venera atmosferində yaşaya bilərdi.

Onun sözlərinə görə, 2050-ci ilə qədər üzən koloniya Veneranın atmosferində 1000 nəfəri yerləşdirə biləcək, lakin bunun necə baş verəcəyi bəlli deyil.

Mənbə: Businessinsider.in

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir